Qar yağdı, bölgələrdə vəziyyət acınacaqlı oldu

Deputat deyib ki, qarlı havalar göstərdi ki, rayonların kommunal təsərrüfatı yüksək səviyyədə deyil



Ötən gün parlamentin növbəti iclası Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Spiker Oqtay Əsədov Xocalı soyqırımının bəşəriyyətdə baş verən faciələrin ən dəhşətlisi olduğunu bildirib.

O.Əsədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə dünyada aparılan "Xocalıya Ədalət!” kampaniyasının ciddi nəticələr verdiyini, bir sıra ölkələrin parlamentlərinin, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanlarının Xocalı hadisəsini soyqırım kimi tanıdığını bildirib: "Milli Məclisin 20-dən çox deputatı xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak edir”. Spiker Xocalı cinayətlərinin cəzasız qalmayacağına əminliyini vurğulayıb.

"Ermənilər dedi ki, günahkar Ayaz Mütəllibov və AXC-dir”

"Biz əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, indi bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün iş aparırıq”. Bu sözləri isə vitse-spiker Bahar Muradova deyib. Xocalı soyqırımı ilə bağlı bütün ölkədə anım tədbirlərinin təşkil olunduğunu vurğulayan B.Muradova qeyd edib ki, bu, Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur: "Mən bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər bizi günahkar çıxarmaq istəyirdi. Düşmən ölkə nümayəndələri deyirlər ki, əslində bu hadisənin günahkarları sizin sabiq prezident Ayaz Mütəllibov və AXC hakimiyyəti olub. Çünki fevralın 25-dən 26-na keçən gecə dəhliz açılmışdı. Mən hesab edirəm ki, bizim siyasətçilər açıqlama verərkən bir qədər uzunmüddətli maraqları nəzərə almalıdırlar. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, soyuq qış gecəsi, 20-25 dərəcə şaxta olduğu bir zaman niyə dəhliz yaradılmışdı, nədən Xocalı sakinləri öz evlərindən çıxmalı idi, bu, etnik təmizləmə deyildimi?. Mən hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik”.

Millət vəkili Fazil Mustafa isə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə format dəyişikliyinin edilməsi təklifini verib. O bildirib ki, neçə illərdir ölkə daxilində və xaricində konfranslar keçirilir: "Amma bunun o qədər də effekt vermədiyini görürük. 20-30 nəfər konfransa qatılır, 1-2 mətbuat orqanı bu tədbiri işıqlandırır. Bununla da məsələ bitmiş sayılır. Məncə, bunun daha geniş təbliği üçün texniki imkanlardan yararlanmaq lazımdır. Məsələn, video-roliklər hazırlana bilər, təbliğat videoları yaradılıb, sosial saytlara yerləşdirilə bilər. Bu halda biz soyqırım haqqında dünyaya məlumat verərik, effektiv nəticə əldə olunar”.

Qarın yağması kommunal sahədə vəziyyətin acınacaqlı olduğunu göstərdi

Xanım millət vəkili Elmira Axundova qar yağan zaman ölkədə elektrik enerjisi ilə bağlı yaranan problemlərə toxunub. E.Axundova deyib ki, Azərbaycan bölgələri ekstremal hava şəraitinə uyğun deyil: "Paytaxtın müxtəlif yerlərində enerjinin verilməsində uzunmüddətli fasilələr yarandı. Bununla yanaşı, bölgələrdə də, acınacaqlı vəziyyət hökm sürdü. Salyan, Lənkəran, Cəlilabad və Masallıda elektrik təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Hazırda yenilənmə işləri görülür. Ancaq bu işlər ləng aparılır. Güman edirəm ki, "Azərişıq”ın sədri bu məsələləri nəzərə alacaq və qısa zamanda yaranmış problemləri həll edəcək”. Deputat onu da deyib ki, qarlı havalar göstərdi ki, rayonların kommunal təsərrüfatı yüksək səviyyədə deyil: "Kəndlərarası, rayonlararası yollarda qar təmizləyən texnikalar yoxdur. Bu səbəbdən bir çox yol nəqliyyat hadisələri baş verir. Bahalı polis maşınları almaqdansa, bu cür texnikalar almaq daha məqsədəuyğundur”.

"Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar...”

Yəhudi əsilli deputat Yevda Abramov isə Bakıya xüsusi ad verilməsinin vacibliyini diqqətə çatdırıb. Millət vəkili Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Bakıya Qəhrəman şəhər statusunun verilməsini təklif edib.

Deputatın təklifini yüksək qiymətləndirən birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, müharibənin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: "Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda, bu məsələnin həlli Rusiyadan asılıdır”.

"Bəzən süni gərginlik yaratmağa çalışan insanlar meydana çıxır”

İclasda millət vəkilləri Mərkəzi Bankın 21 fevralda manatın məzənnəsi ilə bağlı verdiyi qərara da münasibət bildiriblər. Deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın qərarı millətin mənafeyinə uyğundur: "İndi bunun əleyhinə olan insanlar var. Bəzən süni gərginlik yaratmağa çalışan insanlar meydana çıxır. O adamlar pafosla danışırlar, fəlakətli bir qərarın verildiyini deyirlər. Amma bu, səhv yanaşmadır. Maksimum bir ay ərzində həmin insanlar da Mərkəzi Bankın qərarını müdafiə edəcəklər. Manatın məzənnəsini tədricən endirmək dollar milyonçularının xeyrinə idi. Biz yaxın günlərdə düzgün qərar verildiyinin şahidi olacağıq”.

"Mağazalarda satılan mallar manatın devolvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?”

Spiker Oqtay Əsədov deyib ki, əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənlər yalandır: "Son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devolvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Dünyada ciddi proseslər gedir, bilmək olmur ki, sabah nə baş verəcək. Həmçinin nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devolvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?”.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov isə bəzi şəxsləri populizmdə qınayıb: "İndi ajiotaj yaratmaq istəyənlər var. Bu cür insanlar əsassız tənqidlərlə özlərinin maraqlarını güdürlər. Bu məsələdə populizmə ehtiyac yoxdur. Hökumət özü mart ayında hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək. İndi biz bunu bir saatın içərisində müzakirə edib, hansısa nəticəyə gələ bilmərik. Hökumətin hesabatını gözləmək lazımdır”.

Anar Bayramoğlu