“Amerika tərəflərin görüşünə müharibənin qarşısını alan bir vasitə kimi baxır”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə erməni həmkarı Eduard Nalbandyanla bir araya gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılıb.
Bununla yanaşı, prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri də müzakirə edilib. Bundan başqa, Azərbaycanın XİN başçısı Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə də danışıqlar aparıb. Dialoq zamanı E.Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb. Və məsələnin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Nazirlərin görüşünü şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu danışıqlardan möcüzə gözləmək yersizdir: "Qərb düşünür ki, tərəflər arasında görüşlər baş tutmazsa, münaqişənin müharibə fazasına keçməsi imkanı artır. Avropa və Amerika tərəflərin görüşünə müharibənin qarşısını alan bir vasitə kimi baxır. Hesab edirlər ki, istənilən görüş konkret bir nəticə vəd etməsə də, özündə müəyyən pozitivlik daşıyır. Soçi, Uels görüşləri bir daha sübut etdi ki, proseslərdə kəmiyyət baxımından intensivlik var. Keyfiyyət cəhətdən isə heç bir nəticə yoxdur. Bizi narahat edən də məhz budur”.
Ekspertin qənaətincə, Ukrayna böhranına görə Qərb-Rusiya münasibətlərinin korlanması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsirsiz ötüşməyəcək: "Həmsədr ölkələrin əlaqələrinin pisləşməsi Qarabağ cəbhəsində danışıqlara müsbət heç nə vəd etmir”.
Politoloq bəyan edib ki, Minsk Qrupu bu cür görüşlər təşkil etməklə yaşam hüquqlarının olmasını göstərmək istəyir: "Bütün addımlar "gözə kül üfürmək” naminə edilir. İmitisiya xarakterli işlərlə məşğuldurlar. Ona görə də ölkəmiz bu barədə mövqeyini ortaya qoyub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın nəticəsi olmayan danışıqlara getmək niyyəti yoxdur. Bu da ölkəmizin konkret mövqeyidir”.
Bəzi siyasilərin "Dağlıq Qarabağ münaqişəsinin həll açarı Rusiyadadır” fikrinə gəlincə, E.Nəsirli bunun yanlış yanaşma olduğunu söyləyib: "Belə rəyin formalaşması təsadüfi deyil. Münaqişənin həllini istəməyən tərəf Ermənistandı. Rəsmi İrəvan isə ən güclü təsir imkanına malik şimal qonşumuzdu. Məsələn, Fransa və ABŞ-ın Ermənistanda heç bir hərbi bazası yoxdu. Gümrüdəki 102-ci hərbi baza Moskvaya məxsusdur. ABŞ-ın iştirakı olmadan problemin tənzimlənməsi çox qəlizdir. Münaqişənin həlli üçün həmsədr ölkələr ortaq mövqedən çıxış etməlidir. Nə edək ki, onların xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prioritet deyil. Təəssüf ki, hazırda dalana dirənmiş problemlər barədə analoji vəziyyətin şahidiyik”.
Ayyət Əhməd