Aprel ayının əvvəlində cəbhəboyu istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı şəhid olan Milli Ordunun zabiti, "Mİ-24” helikopterinin pilotu mayor Musazadə Təbriz bizim, yəni Xətai rayonunda yerləşən 165 saylı orta məktəbin məzunudur. Təbrizdə vətənə sevgi, xalqa məhəbbət ta uşaqlıqdan formalaşmışdı. O, həddindən artıq vətənpərvər idi.
Təsadüfi deyil ki, Təbriz hələ 7-ci sinifdə oxuyanda Hüseyn Atsızın "Qəhrəmanlıq” şeirini əzbərdən bilirdi:
Qəhrəmanlıq nə yanlız
bir yüksəliş deməkdir,
Nə də şimşəklər kimi,
parlayıb sönməməkdir,
Bunun üçün ölümə
bir atılış gərəkdir.
Atıldıqdan sonra da
bir daha dönməməkdir.
Onda hələ 1994-cü il idi. Torpaqlarımızın mənfur düşmənlər tərəfindən işğalının ilk illəri idi. Kiçik uşaq qəlbi ilə çox vətənsevər idi. Vətənin, torpağın azadlığı üçün hər an hər şeyə hazır idi.
Musazadə Təbriz Taryel oğlu 1981-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1 və 2-ci sinifləri Dmanisi rayonunda oxuduqdan sonra təhsilini 165 saylı məktəbdə davam etdirib. Şəhidimiz orta məktəbi bitirdikdən sonra 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.
2002-ci ildə hərbi təyyarəçi kimi vətənimizin səmasını qoruyub. Təbriz Taryel atanın, Tovuz ananın yeganə oğlu, Afidənin yeganə qardaşı idi. Borçalıda doğulsa da, onun üçün Borçalı, Zəngəzur, Təbriz, Qarabağ - bütöv Azərbaycan vardı. Yeganə amalı isə Vətən torpaqlarının işğaldan azad olması idi. Aprel ayının 2-də illər öncə əzbərlədiyi şeirin misralarını bir daha təkrar edərək erməni işğalında olan Lələtəpə uğrunda döyüşə atıldı və ...
Bu gün isə o cür övlad itirən Taryel ata, Tovuz ana "Övladımız vətən uğrunda şəhid oldu”,- deyirlər. Çünki biz ona belə tərbiyə vermişdik. Başqa cür ola bilməzdi. Şəhidimizin ailəsi Prezidentimizin, Mehriban xanımın şəhid ailələrinə qayğısından son dərəcə razıdırlar. Taryel atanın, Tovuz ananın yeganə arzusu Təbrizin təhsil aldığı, ata evinin lap yaxınlığında yerləşən, 165 saylı məktəbə onun adının verilməsidir. Hesab edirəm ki, onların bu istəyi gerçəkləşsə, bu şəhidimizin ata-anası üçün böyük təsəlli olar. Taryel atanın da dediyi kimi, Təbrizin vətənpərvər, dürüst, mərd bir oğul kimi yetişməsində 165 saylı məktəbin də böyük rolu olub. Ona görə də, onlar istəyir ki, 2016-2017 dərs ili başlayanda 165 saylı məktəbin şagirdləri Təbrizin adını daşıyan məktəbə qürurla daxil olsunlar və Təbrizin şərəfli həyat yolunun davamçısı olsunlar.
Aliyə Gəncəliyeva,
165 saylı məktəbin direktor əvəzi