
Qərb, Rusiya-Ukrayna qarşıdurmasında maraqlıdı
Sanksiyalar Krımı qaytarmayacaq, daha böyük itkilər olacaq
Son günlər Ukraynada ordu ilə separatçılar arasındakı gərginlik yenidən şiddətlənib. Ölkədə baş verən silahlı toqquşmalar və qızğın döyüşlər getdikcə dərinləşməkdədir. "Şərq” qəzeti "fr.euronews.com” istinadən xəbər verir ki, separatçılar minlərlə Ukrayna əsgərini mühasirəyə alıb.

Ordunun çox ağır itkilərlə üzləşməsi, ukraynalıların ciddi qəzəbinə səbəb olub. Müharibə və itkilərdən cana doymuş xalq, Rusiyanın ölkələrindəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Nümayişçilər törədilən qətliamlarda Kreml rəhbəri Vladimir Putinin barmağının olduğunu iddia edərək, onu sərt şəkildə qınayırlar. Qanlı qarşıdurmalara rəğmən ölkələrini tərk etməyəcəklərini və Ukraynanın bütövlüyü uğrunda son damla qanlarına qədər vuruşacaqlarını səsləndirirlər. Başlarına gətirilənləri Moskvanın təcavüzü adlandırırlar. Məlumat üçün bildirək ki, böhranın davam etdiyi 9 ay müddətində qətlə yetirilən ukraynalıların sayı 5 minə çatıb.
Ukraynada yaşananların səbəbi və hadisələrin gedişatını şərh edən millət vəkili, politoloq Sahib Alıyev "Şərq”ə açıqlamasında qeyd edib ki, proseslərin nəticələri barədə proqnoz vermək çox çətindir. Çünki Qərb Kiyevlə bağlı məsələlərdə qətiyyətli davranmır: "Üstəgəl, Avropa və Amerika ona görə adekvat addım atmır ki, Kiyevlə Moskva arasındakı çaxnaşma daha da dərinləşsin. Bu iki slavyan xalqı arasındakı böhran uzunmüddətli olsun və slavyan dünyası parçalansın”.
Ekspertin sözlərinə görə, zamanında Qərb istəsəydi, Krımın ilhaqına imkan verməzdi: "İstəmədi. Sanksiyaların tətbiq olunduğu ardıcıllığa fikir versək, aydınca müşahidə edəcəyik ki, təzyiqlər önləyici deyil, addımlara cavab xarakteri daşıyır. Qərb yalnız həvəsləndirmə naminə iş görür. Məqsəd Donetskdəki separatçılar və havadarlarının irəliləməsinə nail olub, vəziyyət gərginləşdirməkdir. Durum mürəkkəbləşəndə isə yenidən növbəti addım atacam deyib, özünü gündəmə gətirir. Bu səbəbdən konkret proqnoz vermək çətindir”.
Rusiyanın böhrana dair iki planı
Politoloqun fikrincə, bu prosesdə iki proqram ortaya qoyulub: "Maksimum və minimum proqramları var. Maksimum proqramının mahiyyəti ondan ibarətdir ki, Ukraynanın şərqi daxil olmaqla, bütün cənub zolağı, Dnestryanınadək Rusiyanın nəzarətində olsun. Minimum proqram isə odur ki, Kreml Dombasa nəzarət etsin və Dombasla Krım arasındakı quru yol şimal qonşumuzun nəzarətinə keçsin”.
Krımda xoşa gəlməyən vəziyyət yarandığını vurğulayan politoloq bəyan edib ki, orda yaşayış səviyyəsi tamamən aşağı düşüb: "Enerji, ərzaq və su qıtlığı yaranıb. Bu səbəbdən Moskva quru yolu ələ almaq istəyir. Bütün əməliyyatların qızışması məhz bu məsələ ilə bağlıdır”. Krımın qaytarılmasından söz açan ekspert diqqətə çatdırıb ki, buna nail olmaq üçün Ukraynanın gücü yoxdur: "Kiyevə Qərbin qətiyyətli dəstəyi lazımdır. Sanksiya kifayət etmir. Hərbi texnika və ya silah dəstəyi də göstərilməlidir. Bütün bunlar olmadan Krımın qayıtması mümkünsüzdür. Rusiya isə Krıma dair elə bir reallıq formalaşdırıb ki, Krımın Ukraynaya qaytarılması, Kuril adalarının Yaponiyaya qaytarılması məsələsindən də ağırdır”.
S.Alıyev hesab edir ki, Krımın qaytarılması Qərbin marağında deyil: "Çünki Krım Rusiyanın tərkibində qaldıqca, Kiyev və Moskva arasındakı düşmənçilik mövcud olacaq. Bu da Qərbə əl verir”.
NATO-nun iddiası əsassızdır
NATO-nun Ukraynanı üz qəbul etməməsinə gəlincə, müsahibimiz düşünür ki, bu məsələ barədə Qərb dövlətləri arasında birmənalı rəy və həmrəylik olmayıb: "Sözügedən təşkilat mübahisəli ərazi bütövlüyünü əsas tutaraq, Kiyevi tərkibinə almadı. Bu sadəcə bir bəhanədir”.
Bununla yanaşı, həmsöhbətimiz bildirib ki, NATO-ya üzv qəbul olunmadığına görə, "Ukrayna təklənib” kimi iddialarla çıxış etmək yanlışdır: "Belə bir şey yoxdur. Aydın olan odur ki, Kiyevə dəstəyin arxasında Ukrayna xalqının maraqlarını qorumaq dayanmır. Əksinə, oradakı ziddiyyətləri daha da böyütmək istəyirlər”.
Ekspertin qənaətincə, bu ölkədəki böhranı yalnız Qərbin ayağına yazmaq doğru deyil: "Aydındır ki, separatçılara hərbi dəstək olmasa, savaş dayanacaq. Hərbi dəstək varsa, bu yöndə hər cür addım atılırsa, səmimiyyət yoxdur”.
Ukraynadakı azərbaycanlılar qorunur
Ukraynadakı soydaşlarımızın durumu və onların təhlükəsizliyinə dair Azərbaycan hökumətinin gördüyü işlərə toxunan müsahibimiz deyib ki, bu yöndə bir sıra ciddi əhəmiyyətə malik addımlar atılıb: "Ukraynanın Şərqində çətinliklərlə üzləşən soydaşlarımızla bağlı müxtəlif addımlar atılıb. Çoxsaylı faktlar var. Orda girov götürülənlərin xilası və itkin düşənlərin axtarılıb, tapılması istiqamətində gərgin işlər gedir. Azərbaycan hökumətinin diqqət mərkəzində olan məsələdir”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bizimlə söhbətində qeyd edib ki, oradakı soydaşlarımızın taleyi və ya təhlükəsizliyi Ukraynadakı səfirliyimizin diqqətindədir: "Bu məsələlərə dair həmin ölkənin rəsmi dövlət qurumları ilə mütəmadi əlaqələr saxlanılıb, məsləhətləşmələr aparılır. Təəssüflər olsun ki, adıçəkilən ölkənin bəzi regionlarında hökumətə tabe olmayan qüvvələr mövcuddur. Həmin zonalarda gedən proseslər səbəbindən Ukrayna dövlət orqanları konkret məlumat verə bilmir və bu da müəyyən çətinliklərə yol açır”.
Ayyət Əhməd