Qərbin Türkiyəni itirmək qorxusu var

Natiq Miri: “ Türkiyənin indiki məqamda NATO-dan çıxarılması blokun təhlükəli hala gəlib çatmasına səbəb olacaq”



"NATO Türkiyə olmadan zəif olacaq. Türkiyə bir çox səbəblərdən hərbi alyansın vacib müttəfiqidir”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstanda, Kosovoda və dünyanın digər bölgələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfəsini verir: "Coğrafi yerləşməsi və hərbi potensialı mühüm olan Türkiyə qarşıdurma və toqquşmalar davam edən Suriya və İraqla həmsərhəddir.

Bu baxımdan Türkiyə Avropanın və NATO-nun təhlükəsizliyi üçün vacib ölkədir”. BMT-nin Baş katibi Türkiyə siyasətini tənqid edən qərb ölkələrini "qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və öz müttəfiqlərinə düzgün yanaşmağa” çağırıb.

Almaniya Xarici işlər naziri Ziqmar Qabriel də Türkiyəyə qarşı təzyiqləri yolverilməz hesab edib və bildirib ki, Türkiyənin Rusiya ilə yaxınlaşması Qərbin mənafeyinə uyğun deyil: "Avropanın qonşusu olduğu üçün Türkiyəyə dəstək verməliyik. 1980-ci illərdə Türkiyədə hərbi diktatura hökm sürürdü. Lakin o zaman heç kim bu ölkənin NATO-dan çıxarılması ilə bağlı fikirlər dilə gətirmədi. Çünki hamı bilirdi ki, bu durum Türkiyəni SSRİ ilə yaxınlaşdıracaq və nəticədə bizim zərərimizə olacaqdı. Ona görə də Türkiyədə demokratik qüvvələri dəstəkləməli və görüşləri davam etdirməliyik”.

Qrəbin Türkiyəni itirmə qorxusu ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, NATO-nun Baş katibi Türkiyənin bölgə üçün önəmini düzgün qiymətləndirib. Ekspertin sözlərinə görə, NATO avro-atlantik məkanın yeganə hərbi güc mərkəzi kimi konkret təhlükəsizlik sisteminə malikdir: 

"Bu təhlükəsizlik sistemində Türkiyənin çox önəmli yeri var. Türkiyə dünyanın göbəyində, Avrasiyanın mərkəzində yerləşir. Üç dənizi birləşdirən mühüm coğrafi mövqeyə sahib olan bu ölkə NATO-nun cənub sərhədlərini qoruyur. İkinci Dünya müharibəsindən sonra yaranmış iki qütblü dünyada NATO-nun cənub sərhədlərində SSRİ-yə qarşı duran ölkə yeganə dövlət Türkiyə olub. Bu baxımdan Türkiyənin indiki məqamda NATO-dan çıxarılması və Türkiyənin özünün hərbi alyansı tərk etməsi blokun təhlükəli hala gəlib çatmasına səbəb olacaq. Çünki həmin sərhədləri qoruya biləcək Türkiyə kimi ikinci bir dövlət yoxdur”.

Ekspertin sözlərinə görə, Türkiyə əleyhində olan bir çox güc mərkəzləri bu ölkəni həm Avropadan, həm də bütövlükdə Qərb strukturlarından uzaqlaşdırmaqla təhdid edirlər. Amma anlamırlar ki, hazırda Qərb Türkiyə üçün deyil, Türkiyə Avropa üçün daha lazımlıdır: 

"Nəzərə almaq lazımdır ki, avro-atlantik məkanın içində yeganə türk-müsəlman dövləti Türkiyədir. Əks təqdirdə NATO, Avropa Birliyi və digər Qərb təşkilatları kimi xristian klubuna bənzəyəcək və qlobal səviyyədə əhəmiyyətini itirəcək. Blokun Baş katibi yaxşı bilir ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Avropadan fərqli olaraq Türkiyə dinamik topluma sahibdir və güclü inkişaf yoluna qədəm qoyub. Qərb dövlətləri isə hər cəhətdən geriyə doğru gedirlər. Türkiyənin avro-atlantik məkana inteqrasiyası Avropanın özünü canlı tutur. Təəssüflər olsun ki, Qərb dünyası bu həqiqəti anlamır. Nəzərə alaq ki, mayın 3-də Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri də təsadüfi sayılmır. İki ölkə arasında birgə əməkdaşlıq və Yaxın Şərq məsələsində ciddi müzakirələr aparılacaq”.

İsmayıl