Məlahət İbrahimqızı: “Yaxşı olar ki, hər bayramqabağı mətbuat bu məsələni gündəmə gətirib, məhbus yaxınlarının duyğuları ilə oynamasınlar”
Qurban bayramında əfv gözlənilmir, amma ümidlər var
Səadət Bənənyarlı: “Çox istərdik ki, Qurban bayramı münasibətilə prezident məhbusları və onların ailəsini sevindirsin”
Məlahət İbrahimqızı: “Yaxşı olar ki, hər bayramqabağı mətbuat bu məsələni gündəmə gətirib, məhbus yaxınlarının duyğuları ilə oynamasınlar”
Məlahət İbrahimqızı: “Yaxşı olar ki, hər bayramqabağı mətbuat bu məsələni gündəmə gətirib, məhbus yaxınlarının duyğuları ilə oynamasınlar”
Artıq uzun illərdir ki, bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı və ya sərəncamı imzalanır. Odur ki, önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı ilə bağlı söhbətlər hər bayram ərəfəsi olduğu kimi, qarşıdan gələn müsəlman dünyasının əlamətdar bayramlarından hesab olunan Qurban bayramı ərəfəsində də cəmiyyətdə müzakirə predmetinə çevrilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezident İlham Əliyevin Qurban bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Əfv sərəncamını imzalamağın prezidentin müstəsna səlahiyyəti olduğunu deyən millət vəkili deyib: "Mən mətbuatda da bu barədə oxumuşam. Əgər hər bayram ərəfəsində prezident əfv sərəncamı imzalasa, onda həbsxanalarda məhbus qalmaz. Ona görə də məndə olan məlumata görə, Qurban bayramı ərəfəsində əfv gözlənilmir”.
Çingiz Qənizadə ilin sonunda əfv sərəncamının imzalanacağını da istisna etmədi: "Prezident adətən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv sərəncamı imzalayır. Ona görə də biz ilin sonunda növbəti əfvin olacağına ümid edə bilərik”.
Hər il qurban bayramı münasibətilə əfv fərmanı imzalandığını vurğulayan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı ənənəyə uyğun olaraq bu il də əfv gözlədiklərini bildirib: "Əfv olub-olmayacağını dəqiq deyə bilmərəm, hər şey ölkə başçısının şəxsi iradəsindən asılıdır. Amma çox istərdik ki, Qurban bayramı münasibətilə prezident məhbusları və onların ailəsini sevindirsin. Buna ümidlərimiz də var. Çünki təcrübə göstərir ki, hər il bu müqəddəs bayram qabağı prezident bu cür humanist addım ataraq əfv fərmanı imzalayıb. Bu dəfə də dövlət başçısının növbəti dəfə humanistlik edərək əfv fərmanı imzalayacağına inanıram”.
Məhbusların əfvi ilə bağlı Əfv Komissiyasına siyahı təqdim etdiklərini vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, siyahıda yer alanlar sağlamlığı ilə bağlı ciddi problem yaşayan məhbuslardır.
Əvf fərmanının Qurban bayramında deyil, ilin sonunda olacağı ilə bağlı səslənən fikirlərə gəldikdə isə S.Bənənyarlı deyib ki, Əfv Komissiyası ilin bütün fəsillərində işləyir: "Bizim gözləntilərimiz budur ki, budəfəki əfv daha çox məhbusa şamil edilsin. Mütəmadi olaraq bizə edilən müraciətlərlə bağlı aidiyyəti qurumu məlumatlandırırıq. Düzdür, Əfv Komissiyası bu işlə bağlı müntəzəm olaraq işləyir. Müraciətçilərin özləri də əfvlə əlaqədar müvafiq strukturlara müraciət edirlər. Biz də hüquq müdafiəçisi olaraq, həmin şəxslərin azadlığa buraxılmasını Komissiyadan xahiş edirik. Sadəcə biz istəyirik ki, bu cür müqəddəs bayramlarda mümkün qədər çox məhbus ailələri sevinsin”.
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızı qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əfv fərmanının imzalanıb-imzalanmayacağı ilə bağlı dəqiq heç nə deməyib. Millət vəkili hesab edir ki, hər bayramqabağı mətbuatın əfv məsələsini gündəmə gətirməsi doğru bir şey deyil. Hətta deputat bu cür informasiyaların məhbus ailələrinə, onların yaxınlarına mənfi təsir etdiyini deyib: "Əfv Komissiyası yalnız bayramdan-bayrama işləmir ki! Bizim Komissiya il boyu işləyən və davamlı olaraq öz fəaliyyətini davam etdirən bir qurumdur. Təqvimdə 12 ay var. Bu 12 ayın da hər birində bayram, əlamətdar tarix var. Əfv Komissiyasının işi həmin bu əlamətdar tarixlər, yaxud da bayramlarla əlaqəli deyil axı! Sadəcə olaraq, bir çox hallarda prezidentin imzaladığı Əfv fərmanı bayramlarla üst-üstə düşür. Jurnalistlər bunu əllərində bayraq edib, hər bayram Əfv olacağı barədə cəmiyyətdə fikir formalaşdırır. Və bu cür informasiyalar da yaxınları, əzizləri həbsdə olan insanların hisslərinə təsir edir. Hər bayram ərəfəsi onlarda bir ümid yaranır ki, əfv olacaq. Prezident Əfv fərmanı imzalamayanda isə onlar xəyal qırıqlığı yaşayır. Bu da ki heç cür ürəkaçan deyil”.
M.İbrahimqızı deyib ki, Komissiyaya müraciətlər daxil olur. Onlar da bu müraciətlərlə bağlı təhlillər, araşdırmalar aparırlar: "Araşdırmaların nəticəsi isə əfv sektoruna gedir. Yəni bu proses daimi olaraq gedir. Daha Əfv Komissiyasının hər hansı bir üzvünə müraciət daxil olanda, biz müraciətləri yığıb, saxlamırıq ki, qoy bayram gəlsin, sənin müraciətinə baxılacaq. Biz həmin işin anındaca üstünə düşüb, araşdırma aparırıq. Çox yaxşı olar ki, hər bayramqabağı mətbuat bu məsələni gündəmə gətirib, məhbus yaxınlarının duyğuları ilə oynamasınlar. Heç bir qurumun fəaliyyəti bayrama görə köklənmir. Eləcə də, Əfv Komissiyasının. Ölkə başçısı nə vaxt Əfv fərmanı imzalasa, o zaman da cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan və adı Əfv Komissiyasının siyahısında olan məhbuslar azadlığa çıxacaq. Bayram olsa da, olmasa da”.
Şəymən