“Radikal təriqətə qoşulmada maliyyənin rolu 30 faizdir”

Əhməd Qəşəmoğlu: “Qeyri-ənənəvi təriqətlərin qarşısının alınması üçün, təkcə maddi dayaqları dağıtmaqla, vəziyyəti düzəldə bilmərik”
“Biz elə etməliyik ki, istedadlı, qabiliyyətli gənclərimiz sahibsiz olmasın”


Azərbaycanda dini tolerantlığın hökm sürdüyü danılmaz faktdır. Ölkədə bütün dini baxışlara, insanların inanclarına hörmət var. Ayrı-ayrı dinlərin nümayəndələri paytaxt Bakıda və respublikanın digər bölgələrində rituallarını sərbəst şəkildə həyata keçirirlər. Amma dini sahədə xeyli problemlər də qalmaqdadır. Xüsusən də, tolerantlıqdan istifadə edib zərərli, qeyri-ənənəvi dindarlığın yayılmasında maraqlı olan qüvvələr mövcuddur.
Bu da əsasən radikal təriqətlərdir ki, insanları, əsasən də gəncləri bir sıra vasitələrlə öz saflarına çəkə bilirlər. Biz radikal təriqətlərin zərərinin Suriyada vətəndaş müharibəsinin başlaması timsalında şahidi olduq. O mənada ki, qeyri-ənənəvi dini baxışların daşıyıcılarına çevrilən yüzlərlə gənc azərbaycanlı "cihad” adı altında Suriyaya, İraqa və digər münaqişə ocaqlarına getdilər, döyüşlərə qatıldılar, tələf oldular. Əksəriyyətinin meyiti də gəlib Vətənə çıxmadı.

Bu günlərdə mətbuata müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, artıq radikal təriqətlərə qoşulanların sayında azalmalar var. Dövlət rəsmisi bildirib ki, bu istiqamətdə işlər aparılır.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə ölkədə dini vəziyyətdən narazıdır. Dinin, dindarlığın indiki vəziyyəti sosioloqu qane etmir... - Dinlə bağlı, dini durumla bağlı münasibətim çox tənqididir.

- Bunun səbəbi nədir?

- Hər zaman demişəm ki, dinsiz cəmiyyət ola bilməz. Din cəmiyyətdə mənəvi vəziyyəti tənzimləmək üçün çox gözəl bir dərmandır. Bu dərman normal, ağıllı bir həkimin əlinə düşəndə gözəl effekt verir. Amma elə ki naşı, cəhalət içərisində olan həkimin əlinə düşdü, bunu toza-torpağa bulaşdıracaq. Və kimə nə qədər istəyir, o dərmanı içirdəcək. Bu da sonucda kütləvi zəhərlənmələrə, kütləvi qırğınlara gətirib çıxaracaq. İndiki halda Azərbaycanda dinin vəziyyəti, dediyim halın ikincisidir. Yəni arzu olunmayan vəziyyətdir. Çox yaxşı olardı ki, din bizim cəmiyyətdə lazım olduğu halda yayılardı.

- Bizim cəmiyyətə dinin yayılma lazımlılığı hansı həddir?

- İslam dini yarandığı zamanlardan, bunun arxasında böyük alimlər dayanırdı. İbn Sina, Nəsrəddin Tusi, Qəzali kimi böyük Şərq alimləri islamı müdafiə edirdilər. Onlarla bu cür alimlər, filosoflar saymaq olar ki, öz dövrlərində dinin mahiyyəti üzrə yayılmasına xidmət edirdilər. O zaman müsəlman aləmində tərəqqi yarandı. Həmin tərəqqi, mədəni inqilab Qərbə islam aləmindən keçdi. Bununla da dünyada mədəni yüksəliş baş verdi, Avropa intibahı yarandı. Bunun səbəbkarları dinin arxasında dayanan böyük alimlər idi. Amma 13-cü əsrdən sonra ciddi alimlərə imkan verilmədi. Hər şey keçdi cəhalət içərisində olan dindarların, hökmdarların əlinə. Bununla da Şərq, islam aləmi çökdü. Bu çöküş hələ də davam etməkdədir. Bu gün islam aləmində baş verən proseslər göz qabağındadır. Azərbaycan da islam ölkəsidir, bu proseslərdən kənarda qala bilməz.

- Təklifiniz nədir, çıxış yolu nədədir?

- Mən onun tərəfindəyəm ki, Azərbaycanda islam insanlara mahiyyəti üzrə çatdırılsın. Görün ölkədə nə qədər təriqət var. Hərəsi də dini başqa səmtdən yaymaqla məşğuldurlar. Demək ki, dinin sükanı cəhalət içərisində olan insanların əlindədir ki, xoşagəlməz hallar yaşanır. Alimlər, aqil insanlar dinin doğru təbliğində yardım etməlidirlər ki, fəlakətlər yaşamayaq.

- Bizdə radikal dindarlığa qoşulanların sayı kifayət qədərdir. Buna misal olaraq Suriyada cihada gedən vətəndaşlarımızı deyə bilərik. Dini komitənin sədr müavini Gündüz İsmayılov deyib ki, qeyri-ənənəvi dini cərəyanlara xas xüsusiyyətlərdən biri də odur ki, onlar öz mənsublarını iqtisadi və mənəvi baxımdan dəstəkləyir. Və komitə rəsmisi bildirib ki, təmsil olunduğu qurum üçün önəmli olan məsələlərdən biri də belə zərərli dini cərəyanların iqtisadi dayaqlarını dağıtmaqdır. Yəni radikal dindarlara gələn maliyyə kanalları araşdırılır, tədbir görülür. Sizcə, bu, dini radikallığın qarşısını ala biləcəkmi?

- Gündüz müəllimə çox böyük hörmətim var, savadlı insandır. Fəaliyyətini də yüksək qiymətləndirirəm. Amma radikal dindarlıq, onların İŞİD-ə və digər terrorçu təşkilatlara qoşulmasının səbəbini sırf maddiyatla bağlamaq düzgün deyil. Burada maddiyat köməkçi vasitə rolunu oynayır. Mən inkar etmirəm ki, onlara maliyyə gəlir. Amma bu, hər şey deyil. Maddiyatdan çox təriqətlər mənəvi rıçaqlardan istifadə edirlər. Biz qeyri-ənənəvi təriqətlərin qarşısının alınması üçün, təkcə maddi dayaqları dağıtmaqla, vəziyyəti düzəldə bilmərik. Burada mənəvi cəhətdən iş aparılmalıdır. Biz elə etməliyik ki, istedadlı, qabiliyyətli gənclərimiz sahibsiz olmasın. Onların hamısını maraqlı işlərə cəlb etmək lazımdır. Təsəvvür edin ki, bir gənc qabiliyyətlidir, enerji ilə aşıb-daşır. Amma bu gəncimiz hara gedirsə, qapı üzünə bağlıdır. Hardasa işləyə bilmir, hansısa strukturda bundan cüzi məsələsinin həlli üçün rüşvət istənilir, digər yandan cibində pulu yoxdur, evi olmadığına görə evlənə bilmir və s. Bu da 20-21 yaşında bir gəncdir, şəxsiyyət olaraq özünü təsdiq etmək istəyir. Və biz bunun potensialından istifadə edə bilmirik, enerjisini lazımi qiymətləndirmirik. Bu zaman onun qarşısına hansısa təriqətin, zərərli dini baxışların daşıyıcısı olan biri çıxıb deyir ki, sənin kimi qabiliyyətli, istedadlı adama qiymət verən yoxdur. Əvvəl bu gənci mənəvi olaraq öz tərəfinə çəkir, istiqamətləndirir. Zərərli təriqətlər, insanı içlərinə almadan, ideyalarını beyinə oturtmadan ona maddi köməklik göstərmirlər. Elə ki, mənəvi baxımdan enerjili gənc onların tərəfində dayananda, müəyyən məbləğ də verirlər, təminatına da kömək edirlər. Daha sonra həmin o gəncin boynuna yüklər qoyurlar, istifadəyə başlayırlar, qulluqçularına çevirirlər. Bununla da bir gəncimizi itirmiş oluruq. Radikal təriqətə qoşulmada maliyyənin rolu 30 faizdir. Qalan 70 faiz mənəviyyatla bağlıdır. Effektiv nəticə görmək istəyiriksə, bu istiqamətdə işləmək lazımdır.

- Yəni ki, gənclərin potensialından yararlanmalıyıq ki, qeyri-ənənəvi təriqətlərə qoşulmasınlar...

- Bəzən deyirlər ki, təbliğat aparılmalıdır, zərərlərindən danışılmalıdır. Düzdü, mən də bu fikirlə razıyam. İslam dini düz istiqamətdə təbliğ edilməlidir. Bu öz yerində. Amma bununla yanaşı, enerjili gənclərimizin potensialından istifadə mexanizmləri qurulmalıdır. Onlara iş verilməlidir, şəxsiyyətlərini təsdiq etmələri üçün şərait yaradılmalıdır. Bu şərait yaradılmayanda, başqası böyürdən çıxıb öz safına çəkir. Loru dillə desək, həmin gəncə təriqət üzvü deyir ki, sənin qədrini bilmirlər, gəl mən sənin qiymətini verəcəm. Bununla da o gənc itirilir, heyf olur.

- Gündüz müəllim deyib ki, son illərin təhlilləri onu göstərir ki, zərərli və qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın tendensiyası getdikcə azalır. Bu fikirlə razısınızmı?

- Yəqin ki, komitə bununla bağlı monitorinqlər aparır, araşdırmaları var ki, azaldığını deyir. Mən dəqiq deyə bilmərəm ki, zərərli təriqətlərə qoşulanlar azalıb, ya artıb. Amma 2-3 il əvvəl Suriyada döyüşməyə gedənlər çox idi. Terrorçulara qoşulanlar tüğyan edirdi. Mətbuat da hər gün bir azərbaycanlının Suriyada öldüyü haqqında xəbər verirdi. Son vaxtlar mən də müşahidə edirəm ki, belə halların sayı azalıb. Amma bir məsələ də var ki, zərərli təriqət üzvləri bu gün də var, sayları elə də az deyil. Dediyim kimi, tədbirlər görülməlidir ki, artmasınlar.

- Yəqin siz də razılaşarsız ki, islamla bağlı son yaşananlar, islam adı altında İŞİD-çilərin baş kəsmə videolarının yayılması bir çox insanlarda, xüsusən də gənclərdə ateistliyə meyillərin yaranmasına səbəb olub. Yəni terrorlar, islama əsaslanaraq İŞİD və digər radikal təriqət üzvlərinin qan tökmələri, dinə inamsızlıq yaradıb. Sosial şəbəkələrdə ateizmlə bağlı səhifələrin çoxalması, bu səhifələrdə kifayət qədər üzvlərin olması da bunu deməyə əsas verir. Razılaşırsızmı?

- Mən araşdırmamışam ki, İŞİD-çilərin baş kəsmə videolarının insanların ateizmə meyillənməsinə nə dərəcədə dəxli var. Amma bilirəm ki, ateizmin özü də bir təbliğatdır. Müşahidə edirəm ki, Azərbaycanda dini təriqətləri yayanlar kimi, ateizmi də yayan qüvvələr var. Müzakirələr aparılır, təbliğat edilir. Qüvvələr var ki, cəmiyyətdə ateizmin yayılmasında maraqlıdırlar. Bunun üçün də müxtəlif yollardan istifadə edirlər. Yaşlı alimlər var, hansı ki özlərinə ateist deyirlər, onların fikirləri tirajlanır. Dünyada olan ateist alimlərindən maraqlı fikirlər paylaşırlar. Ateizmi elmlə əlaqələndirib, avtoritetli ateist alimlərin müsahibələri çap edilir. Burada da sistemli bir iş aparıldığının şahidiyik. Zərərli dini təbliğatın da, ateizm təbliğatının aparılmasında da bir məqsəd var - cəmiyyətdə gərginlik yaratmaq. İstəyirlər ki, dağıdıcı radikal dindarlıq formalaşıb, aktivləşsin. Eyni zamanda ateist qüvvələr səfərbər edilsin. Bununla da gərginlik yaransın. Təbii ki, gərginliyin yaranmasında maraqlı qüvvələr var. Bəlkə də zərərli dini təriqətlərin də, ateizmin də yayılmasını sadəcə bir qara əl həyata keçirir?! Həmin qara əl üçün gərginlik yaranması lazımdır. Onun üçün nə fərqi var, dindar yaradacaq bu gərginliyi, ya ateist?

- Bütün bu proseslər nə ilə yekunlaşacaq?

- Hesab edirəm ki, aparılan düzgün təbliğat, dövlət tərəfindən görülən tədbirlər daha effektiv fazaya keçəcək. Azərbaycan cəmiyyəti güclü cəmiyyətdir. İşlər görüləcək və dini radikallığın da,
ateizmə meyillərin də qarşısı alınacaq. Ümidim var ki, düzələcək və qarşıdurmalar, qorxulu ssenarilər yaşanmayacaq. Hər halda gərgin vəziyyətin yaranmasına imkan verilməyəcək.

Anar Bayramoğlu