Referendum yeni islahatların başlanğıcıdır

Rövşən Rzayev: “Vitse-prezidentlik Azərbaycan xalqına, dövlətçiliyinə daha uğurlu və çevik siyasət gətirəcək”
Çingiz Qənizadə: “Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir dövlət idarəçilik modeli olsa da dünya üçün yeni deyil”

Elçin Mirzəbəyli: "Dünyada baş verən iqtisadi prosesləri dərindən izləyən və qiymətləndirən bir aparatın formalaşmasına ehtiyac var”


"Vitse-prezidentlik institutu Azərbaycana daha uğurlu və çevik siyasət gətirəcək”. Bunu Konstitusiyaya dəyişikliklərlə bağlı danışan millət vəkili Rövşən Rzayev deyib. Deputatın sözlərinə görə, bu gün ölkəmiz daha böyük geosiyasi dövlətə çevrilib. Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklikləri də inkişafımızın davamı kimi qiymətləndirmək lazımdır: "Təklif edilən dəyişikliklərə əsasən vitse-prezidentlik institutunun yaradılması dövlətimizin güclənməsi ilə yanaşı, xalqımızın daha da firavan yaşamasına xidmət göstərəcək.

Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən güclü dövlətdir. Xalq daha intensiv və çevik siyasət gözləyir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən icra orqanları da Prezident İlham Əliyevin istədiyi kimi daha çevik, fəal və qətiyyətli addımlar atmalıdır. Belə olan halda, ölkəmiz daha da güclənər. Düşünürəm ki, vitse-prezidentlik institutlarının yaranması məhz, bu siyasətə dəstək və kömək olacaq”. R.Rzayev bildirib ki, ölkə başçısının "ASAN Xidmət” proqramı ilə Azərbaycan xalqı bir çox bürokratik aparatlardan canını qurtara bilib: "Yeni yaradılacaq institut bu siyasətin davamıdır. Vitse-prezidentlik Azərbaycan xalqına, dövlətçiliyinə daha uğurlu və çevik siyasət gətirəcək. Bundan həm Azərbaycan xalqı bəhrələnəcək, həm də ölkəmiz daha da güclənəcək. Ümumiyyətlə, sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsindən sonra yeni institutların yaranması, yeni islahatlar bütövlükdə ölkəmizin xeyrinə atılacaq addımlar olacaq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə də bildirib ki, Konstitusiyaya ediləcək yeni dəyişikliklər prezidentin özündən sonrakı səlahiyyətlərə işıq salacaq: "1-ci vitse-prezident və vitse-prezidentliyin yaradılması ölkə başçısının konstitusion hüququdur. Azərbaycan tarixində dövlət katibi vəzifəsi olub. Sonradan bu vəzifə ləğv edilib və xarici siyasət səlahiyyətləri başqa struktura keçib. Cənab Prezidentin özü olmadıqda səlahiyyətlərinin kimə verilməsi məsələsi qaranlıq idi. Məzuniyyətdə, istirahətdə olanda onun adından səlahiyyətlərin icrası, sənədləri kiminsə imzalaması, bir az anlaşılmaz qalırdı. Digər tərəfdən beynəlxalq müqavilələri prezident özü olmadıqda imzalamaq I vitse-prezidentə veriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir dövlət idarəçilik modeli olsa da dünya üçün yeni deyil”. Millət vəkili bildirib ki, layihədə bir çox maddələrə əlavə və dəyişikliklər olmaqla bərabər, vitse-prezidentlər institutunun yaradılması ilə bağlı da yeni maddələr əlavə olunub: "Hələ buna qədər, 103-cü maddənin birinci bəndində birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması əks olunub. Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası baş nazirə keçirdi. Baş nazir 3 ay müddətinə yeni seçkiləri təyin edirdi. Baş nazir bu səlahiyyətləri icra edə bilmədikdə, Milli Məclisin sədri vəzifəni təhvil alırdı. Spiker də vəzifəni yerinə yetirə bilmədikdə, parlament tərəfindən müəyyən edilmiş şəxs prezident səlahiyyətlərini icra edirdi.

Ancaq yeni layihəyə əsasən prezident səlahiyyətlərini idarə edə bilmədikdə onun vəzifələrini birinci vitse-prezident həyata keçirir. Birinci vitse-prezident 3 ay müddətində deyil, 60 gün ərzində yeni seçkilərin keçirilməsini təyin edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Belə ki, seçkilərdə iştirak edən prezident kiminlə işləmək istədiyini özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Hesab edirəm ki, dünya təcrübəsində olan bu demokratik ənənənin bizim konstitusiyamızda da əks olunması müsbət haldır. Vitse-prezidentlərə isə dövlətlərarası və hökumətlərarası yeni müqavilələrinin bağlanması kimi səlahiyyətlər həvalə edilə bilər”.

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli də bəyan edib ki, vitse-prezidentlik institutunun gerçəkləşməsi artıq zərurətdir: "Vitse-prezidentlik institutunun yaradılması, ilk növbədə Azərbaycanda prezident tərəfindən keçirilməsi nəzərdə tutulan genişmiqyaslı islahatların aparılması ilə bağlıdır. İslahatların dinamik şəkildə həyata keçirilməsi üçün daha çevik və mütəşşəkil hərəkət etməyi bacaran, müasir dövrlə ayaqlaşan, dünyada baş verən iqtisadi prosesləri dərindən izləyən və qiymətləndirən bir aparatın formalaşmasına ehtiyac var. Şübhəsiz ki, bu baxımdan vitse-prezidentlik institutunun gerçəkləşməsi qeyd edilən istiqamətdə islahatların aparılmasına geniş təkan verəcək. Nazirlər Kabinetinin fəaliyyəti prinsip etibarilə göz önündə idi. Mütəmadi olaraq cənab Prezident keçirdiyi müşavirələrdə Kabinetin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib və hər dəfə Azərbaycanın yeni istiqamətlərini, hədəflərini nişan verib. Proqram xarakterli istiqamətlər göstərib. Təəssüflər olsun ki, bu istiqamətlər tam şəkildə həyata keçməyib. Bəzi hallarda isə hansısa süni maneələrin yaradıldığının bu prosesdə şahidi olmuşuq. Qənaətimə görə, vitse-prezidentlik institutunun bu baxımdan gerçəkləşməsi artıq zərurətdir”. E.Mirzəbəyli deyib ki, yeni layihə bilavasitə ölkə başçısının həyata keçirdiyi islahatlarla əlaqədardır: "Digər tərəfdən, regionda və dünyada baş verən proseslərlə bağlıdır. Çünki baş verən indiki proseslərə çevik reaksiya olmadan, dinamik şəkildə situasiyaya, yaranmış fors-major hallarına uyğun addımlar atmadan islahtların gerçəkləşməsi və ölkənin iqtisadi inkişafının bundan sonra da daha geniş şəkildə vüsət alması mümkün deyil. Ona görə də Konstitusiyaya edilən dəyişikliklər, sadəcə müəyyən müddəaların əlavə edilib, dəyişdirilməsi yox, həm də konseptual bir yanaşmadır. Azərbaycanın gələcəyi ilə bağlı olan bir strategiyadır. Bu strategiyanın həyata keçməsi nəticəsində Azərbaycan özünün hədəflərinə doğru daha surətlə və inamla addımlayacaq”.

İsmayıl