Reytinqdə mövqeyimiz xeyli yaxşılaşıb

Azərbaycanda praktik olaraq terror təhlükəsi yoxdur
"Terrorla mübarizədə son vaxtlarda görülən işlər, əldə olunan nəticələr aparılan siyasətin uğurlu olduğunu göstərir. Dünya da bunu etiraf edir"

Azərbaycan öz reytinqini üç mövqedə yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Bu barədə məlumat dünya iqtisadiyyatı institutunun təqdim etdiyi hesabatda əks olunub. Mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Azərbaycan bu göstəriciyə əsasən regionda liderə çevrilib. 

Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb. Məruzənin müəllifləri qeyd ediblər ki, terrorçuların əllərində ölən insanların sayı 3 ildir ki, ardıcıl olaraq aşağı düşür. Buna səbəb olan hal kimi, "İslam Dövləti” terror qruplaşmasının İraqda və Suriyada davamlı olaraq zəifləməsi göstərilir. Suriyada son bir ildə terrorçular tərəfindən öldürülən insanların sayı demək olar ki, iki dəfə aşağı düşüb. Həmçinin, 5 dekabrda Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycanın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. 

Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilib ki, qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun "40+9” tövsiyələri rəsmi Bakı tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.

 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. Şübhəsiz ki, müasir dünyanın ən böyük bəlalarından biri terrorçuluğun maliyyələşdirilməsidir. Regionumuzda, yaxın ətrafımızda da terror riski hər zaman yüksək olub. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan terrorla mübarizə aparıb və onun maliyyələşməsinə imkan verməyib. Bu fakt dünyanın nüfuzlu qurumları tərəfindən də yüksək qiymətləndirilir. Lakin daha böyük problem odur ki, elə Qərb dövlətlərinin əksəriyyəti müxtəlif yollarla terrorçuları himayə edirlər.

Mövzunu "Şərq”ə dəyərləndirən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, Azərbaycanın regionda və dünyanın ən təhlükəsiz ölkələri siyahısında üst cərgədə olması ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətin təzahürüdür. Ekspertin sözlərinə görə, bunu ölkəmizdə keçirilən beynəlxalq və mötəbər tədbirlərin, idman yarışları olan İslam oyunları, Avropa oyunları və formula yarışlarının da Azərbaycanda keçirilməsi bir daha sübut edir: 

"Ölkəmiz təhlükəsizlik baxımından əmin-aman və əlverişlidir. Azərbaycana gələn turistlərin sayının da ildən-ilə artması, istirahət üçün turistlərin Azərbaycanı seçməsi ölkədə sabitliyin, təhlükəsizliyin göstəriciləridir. Bunlar ölkə başçısının nəzarəti ilə DTX, DİN, SQ, MN-liklərinin fəaliyyəti ilə ölkəmizdə sabitlik, əminamanlıq və ictimai asayişin qorunması yüksək səviyyədə təmin edilir”.

"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı da "Şərq”ə deyib ki, Azərbaycan hər zaman beynəlxalq prinsiplərə riayət edib:

 "Məsələ ondadır ki, elə həmin Avropanın özü və bir çox Qərb ölkələri buna qəti şəkildə riayət etmirlər. Əksinə, açıq şəkildə Qarabağdakı terrorçu rejimi, həmçinin Yaxın Şərqdəki çoxsaylı terrorçu təşkilatları maliyyələşdirir, silahlandırırlar. Avropanın bir sıra ölkələri PKK daxil olmaqla bir çox terror təşkilatlarını maliyyələşdirirlər. Ona görə də artıq dünyada ümumi prinsip qalmayıb. Bu baxımdan Bakı beynəlxalq təşkilatlardan və fövqəldövlətlərdən ikili standartlara son qoymağı tələb edir. Əgər terrora dəstək cinayətdirsə, onda Ermənistanı da cəzalandırmaq lazımdır. Çünki terrora ən ciddi dəstəyi məhz düşmən ölkə verir. Lakin bunu etmirlər, əksinə, terrorçulara hərtərəfli dəstək verirlər. Ona görə də cəmiyyətlərdə beynəlxalq ədalətə, hüquqi prinsiplərə inam azalır”.

Siyasi ekspert Anar İmanov da "Şərq”ə bildirib ki, son illər terror aktları nəticəsində həlak olanların sayı kəskin şəkildə azalıb: 

"Açıqlanan rəqəmlərə gəlincə, 2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb. Bunun əsas səbəblərindən biri kimi İraq və Suriya ərazisində İŞİD qruplaşmasının zəifləməsi göstərilir. Belə ki, Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə iki dəfə azalıb. Məruzəyə əsasən, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib ki, bu da əvvəlki dövrlə müqayisədə 42 faiz azdır. 

Ölümlə nəticələnən terror aktları dünyanın 67 ölkəsində qeydə alınıb. Lakin 21-ci əsrdə terror bəlası dünya üçün ən təhlükəli məsələ sayılır. Azərbaycanın terrorla mübarizəsini çox yüksək qiymətləndirirəm. Ölkəmiz anti-terror koalisiyasına qoşulub və aparıcı dövlətlərlə çiyin-çiyinə dünyanı bürüyən terror dalğasına qarşı layiqli mübarizə aparır. Azərbaycan bütün zamanlarda terrora qarşı olub. Terrorla mübarizədə son vaxtlarda görülən işlər, əldə olunan nəticələr aparılan siyasətin uğurlu olduğunu göstərir. Bunu tək biz yox, artıq dünya da etiraf edir. Bu məsələdə bütün nailiyyətləri, uğurları yalnız Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətlə əlaqələndirmək olar”.

İsmayıl