Rusiyanın Xəzər dənizi ilə bağlı narahatlıqları var

Bu səbəbdən də hərbi donanmasını Həştərxandan Kaspiysk şəhərinə köçürür



"Rusiyanın Həştərxanda yerləşən hərbi donanmasını Azərbaycanın şimal sərhəddində yerləşən Kaspiysk şəhərinə köçürməsi Cənubi Qafqaza və Xəzər dənizinə strateji nəzarəti gücləndirməyə əsaslanır”. Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitikin fikrincə, Kaspiysk şəhərinə hərbi donanmanı köçürməklə Rusiya geostrateji mövqelərini qorumağa çalışır: "ABŞ başda olmaqla NATO Şərqə doğru genişlənmə siyasətini genişləndirir. Hazırda Cənubi Qafqaz və Orta Asiya ölkələri NATO ilə əməkdaşlığı yeni mərhələyə qaldırırlar. Rusiya Astarxanda öz hərbi donanmasını Xəzərin cənub tərəfinə köçürməklə bir neçə hədəfi nəzərə alır. 

Birincisi, Azərbaycan üzərindən Qazaxıstana göndərilən ABŞ hərbi yüklərinin qarşısını əngəlləmək məqsədi güdür. İkincisi, Bakı-Tbilisi -Qars dəmiryolunun bərə xəttinə, Asiyadan Avropaya daşınacaq yüklərə dənizdə nəzarət imkanlarını əlində saxlamaq istəyir. Üçüncüsü isə Yaxın Şərq istiqamətində ümumi nəzarəti gücləndirməyə çalışır. Reallıq odur ki, Qafqaz və Mərkəzi Asiya ABŞ-la Rusiya arasında rəqabət meydanına çevrilir. Rusiya bununla, NATO-nun Şərqə, xüsusi ilə Qafqaza doğru genişlənməsinə, Xəzərə çıxışına əngəl yaratmağı qarşısına məqsəd qoyub. Hazırda Rusiyanın Xəzər dənizi ilə bağlı narahatlıqları var. Amerika Qazaxıstan limanlarından istifadə hüququ almaqla Kremli qəzəbləndirib”.

Ekspertin sözlərinə görə, bir sıra bölgələrdə siyasi dayaqlarını itirmək təhlükəsi ilə üzləşən Moskva öz hərbi kontingentini gücləndirməklə regionu nəzarətdə saxlamağa cəhd göstərir. Nəzərə alaq ki, Kaspiysk şəhərində təkcə hərbi donanma deyil, regionun güclü hərbi təyyarə bazası da yaradılıb. Buradan Suriya üzərində uçuşlar və Xəzər dənizinin hava sərhəddi nəzarətdə saxlanılacaq. İqtisadi böhrana baxmayaraq, Rusiya 10 milyard dollar vəsait sərf edərək burada öz hərbi bazasını inşa etdirib”.

İsmayıl