Şalvar daha belə gəlmir...

Televizor, kompüter, planşetlər təhlükə yaradır
13 yaşadək uşaqlarda piylənmə hallarının artmasının səbəbləri çoxdur



2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib.
18 yaşadək olan uşaqların hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2018-ci ilin əvvəlində əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 57 nəfər olub.

Azərbaycanda 4 yaşlı uşaqda nadir xəstəlik aşkarlanıb. Statistik rəqəmlərə görə, piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.

Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Pediatr Günay Rəsulovanın dediyinə görə, uşaqlarda piylənmənin əsas səbəblərindən biri passiv həyat tərzidir:

"Uşaqlar əvvəlki illərlə müqayisədə televizor, kompüter, planşet qabağında saatlarla oturur və az hərəkət edirlər. Bu da piylənməyə səbəb olur. Bundan başqa, uşaq qida rasionunda fast-foodların çoxluq təşkil etməsi, yuxu rejiminin düzgün olmaması, uşaqların gec saatda qidalanması piylənmənin səbəblərindəndir.

 Eyni zamanda, valideynlərin uşaqlara yerli-yersiz iştahaçıcı vitaminlər verməsi və ya onları məcburi qidalandırması, bəzi dərmanların yan təsiri nəticəsində də piylənmə baş verə bilər. Uşaq qida rasionunda bütün növ qidalardan, yəni zülallardan, karbohidratlardan, yağlardan mütləq olmalıdır, amma hərəsinin öz qədəri var. Məsələn, daha asan həzm olunan karbohidratlardan, meyvə və tərəvəzlərin tərkibində olanlardan istifadə edilməlidir. Həmçinin, proteinlə zəngin qidalar, süd və süd məhsulları da uşaq qida rasionunda olmalıdır. Uşaqları tərkibində süni şəkərlər olan qidalardan uzaq tutmaq lazımdır”.

Artıq çəkili uşaqların pəhrizindən də danışan pediatr qeyd edib ki, belə uşaqlar mümkün qədər aşağı kalorili qidalandırılmalıdır:

"Uşaq qida rasionunda kalorili qidalara günün birinci yarısında üstünlük verilməlidir. Axşam isə tez həzm olunan qidalar salınmalıdır. Uşaqlarda qidalanma saatı da çox önəmlidir. Uşaqlar yatmamışdan 2 saat qabaq qidalanmalıdırlar. O cümlədən yağlar və karbohidratlar azaldılmalıdır”.

Şəymən