"Sarı tor bəzi kəsişmələrdə vəziyyəti yaxşılaşdıracaq,amma..." - Müfəssəl izah

"...Bu o demək deyil ki, daha yollarımızda tıxac olmayacaq”



Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də tətbiqi nəzərdə tutulub. Qurumdan o da bildirilib ki, nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Bu yeniliyin mahiyyəti və əhəmiyyətini "Sherg.az"a izah edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, bu addım müəyyən səmərə verə bilər:

"Sarı kəsişmə toru xüsusi nişanlama xəttidir. Hazırda qüvvədə olan "Yol hərəkəti haqqında" qanunumuzda göstərilir ki, yol ayrıcında sıxlıq yaranarsa, sürücü yolda getdiyi istiqamətdə hərəkəti davam etdirə bilməyəcəyni görürsə, onda yol ayrıcına girməməlidir. Həmin ayrıcın kənarında gözləməlidir. Çünki ora daxil olsa, fərqli istiqamətdə gələn avtomobillərin hərəkətinə mane olur və onları da tıxaca salır. Amma bəzi sürücülərimiz bunu başa düşmür və harada dayanacağını bilmir. Həmin sarı kəsişmə toru işarələyir ki, getdiyin istiqanət tıxanmış olanda ora daxil olma. Bu bir növ məlumatverici amildir. Bakı Nəqliyyat Agentliyinin bu addımı sürücülərin yol kəsişmələrində hərəkət zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalarına xidmət göstərir. Sarı kəsişmə toru bəzi küçə kəsişmələrində vəziyyəti yaxşılaşdıracaq. Amma bu o demək deyil ki, daha yollarımızda tıxac olmayacaq”.

Kənan Eynuroğlu