Süni bahaçılıq yaradırlar

Tarif Şurasının işinə yenidən baxılmalıdır



Milli Məclisin bu günlərdə baş tutan yaz sessiyasında millət vəkili Zahid Oruc maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki, Tarif Şurasının statusu qanunla müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır.

Parlamentari bu il yanvarın 12-də şuranın benzin və dizel yanacağının qiymətini qanunsuz olaraq qaldırılması məsələsini xatırladaraq, hadisədən sonra bir sıra sualların açıq qaldığını vurğulayıb: "Digər sahədə qiymətlərdə nisbi dəyişikliklər baş verdi. O addım əsassız olaraq niyə atılmalı idi ki? Haqlı olaraq belə suallar qaldırılır. Şuranın statusu nədir? Onlar iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi prinsipinə nə dərəcədə əməl edirlər? Sübut olundu ki, sözügedən struktur Aİ-92 və Aİ-95 qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edib. Bu səbəbdən hesab edirəm ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin siyahısına yenidən baxılmasına ehtiyac var”.

Parlament üzvünün təklifini dəyərləndirən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli "Şərq”ə açıqlamasında bunun doğru təşəbbüs olduğunu qeyd edib: "Ümumiyyətlə, əhalinin sosial vəziyyətinə təsir göstərən qərarlar qəbul olunarkən həmin məsələlər ictimai müzakirəyə çıxarılmalıdır. Müzakirə budur ki, prosesə ictimaiyyət nümayəndələri - QHT və Mətbuat Şurası təmsilçiləri də qatılmalıdır. Çox normal təklifdir”.

Bu təcrübənin əksər xarici ölkələrdə tətbiq olunduğunu söyləyən təşkilat sədri deyib ki, təşəbbüsün reallaşması verilən qərarların ədalətliliyi baxımından faydalı olar: "Bütün hallarda deputatın səsinə səs verməliyik. Jurnalist təşkilatları və QHT Tarif Şurasının tərkibinin genişlənməsinə yol açacaq ki, bu da digər strukturlar üçün örnək olacaq və məsələ ənənə halını alacaq”.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, istənilən qurumda təmsilçilik nə qədər geniş olarsa, keyfiyyət bir o qədər yaxşı olar: "Doğrudan da Tarif Şurasında müəyyən problemlər yaşanır. Əlbəttə, hər hansı bir millət vəkilinin orada təmsilçiliyi yaxşı hal olardı. Göstərilən strukturun tərkibinin genişləndirilməsinə ehtiyac duyulur”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehdiyevin qənaətincə, şəffaflığın yüksəldilməsi cəhətdən müxtəlif dövlət qurumlarında vətəndaş cəmiyyətinin iştirakı vacibdir: "Dünyada ən geniş yayılmış tendensiyalardan biridir. Məsələn, ayrı-ayrı xarici ölkələrdə iri dövlət şirkətlərinin idarə heyətinin nəzdində nəzarət-təftiş komissiyası yaradılır. Həmin komissiyada vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər və QHT nümayəndələri yer alırlar. Qərar qəbul olunan zaman onlar ictimai rəyi nəzərə çatdırırlar”.

Ölkəmizdə Tarif Şurasının ayrı-ayrı nazirliklərin təmsilçilərindən ibarət olduğunu iddia edən ekspert bəyan edib ki, əhalinin sosial durumuna təsir göstərən məsələlərin müzakirəsi zamanı parlamentarilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və media təmsilçilərinin iştirakı zəruridir. Ancaq məsələ görüntü məqsədi daşımamalıdır: "Qərarın müzakirəsi zamanı cəmiyyətin mövqeyini müdafiə edən insanların iştirakı müsbət nəticələrə gətirib çıxara bilər. İndiki halda sözügedən qurumun qəbul etdiyi qərarlar şübhə doğurur. Bəzən görürsən gecə yarısı bir qərar ortaya çıxır. Onun hazırlanmasına dair heç bir məlumat olmur. Addımın cəmiyyətə verəcəyi fayda barədə hesabat verilmir. Qərarlar hesablamalar aparılmadan qəbul olunur ki, bu da çox hallarda ictimaiyyətin narazılığına səbəb olur. Zənnimcə, millət vəkilinin təşəbbüsü dəstəklənməli və reallaşdırılmalıdır”.

Ayyət Əhməd