Avtobusların 30 faizini sürücülük vəsiqəsi olmayan gənclər idarə edir
İctimai nəqliyyat sahəsində formal olaraq kompleks tədbirlər davam etdirilir. Avtobusların iştirakı ilə baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası yaradılacaq.
Sürücü bazasında qəza törədən sürücü barəsində məlumat toplanacaq. Əgər əvvəl sürücü bir marşrut xəttində qəza törədib, başqa bir avtobus xəttində işləyə bilirdisə, bu artıq mümkün olmayacaq. Sürücünün işləmək üçün üz tutduğu avtobus sahibkarı artıq həmin sürücü barəsində məlumat əldə edə biləcək. Həmçinin, qəzaların qarşısını maksimum almaq üçün təcrübəli sürücülərə üstünlük veriləcək. Bütün bu tədbirlər avtobusların iştirakı ilə baş verən qəzaların qarşısının alınmasına yönləndirilib.
Qeyd edək ki, bununla yanaşı, 2015-ci ilə qədər bütün avtobuslar kart sisteminə keçəcək ki, nəticədə sürücülər stabil əməkhaqqı alacaqlar. Bu zaman təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Biri-biri ilə az qala yarışa çıxan avtobus sürücüləri kart sisteminə keçdikdən sonra bu vərdişlərindən də əl çəkəcəklər.
BDYPİ tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə protokol tərtib etmək üçün toplanılan informasiyaların NN-in yaratdığı bazaya daxil edilməsi kifayət edir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Şərq”ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum tərəfindən göndərilən informasiyaların NN-in məlumat bazasının formalaşmasında xüsusi rolu var: "Çünki BDYPİ tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə protokol tərtib etmək üçün toplanılan informasiyaların NN-in yaratdığı bazaya daxil edilməsi kifayət edir ki, NN o sürücülər haqqında məlumata sahib olsun”.
Yol hərəkəti qaydalarını pozan avtobus sürücülərinin statistikasına gəlincə, K.Əliyev bunu deyə bilməyəcəyini açıqlayıb: "Konkret avtobus sürücüləri ilə bağlı nə qədər protokol tərtib edildiyini söyləyə bilmərəm. Çünki avtomobillərin markaları üzrə yox, ümumilikdə qayda pozuntuları üzrə sürücülər uçota alınır. Həm də təkcə reydlər zamanı yox, yol polisi inspektorları gündəlik xidmət zamanı da belə hallara rast gəlir. Bundan başqa, şəhərdə quraşdırılan avtomatik rejimdə çalışan foto, video və qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr ilə də avtobus sürücülərinin yol verdikləri inzibati xətalar aşkarlanaraq elektron protokol formasında rəsmiləşdirilir”.
Nəqliyyat üzrə eskpert Ərşad Hüseynovun fikrincə, məlumat bazasının yaradılması və bunun əsasında sürücülər barəsində nəticə çıxarılması gözəl təşəbbüsdür: "Lakin praktiki baxımdan avtobuslarda kart sisteminə keçid və sürücülərə maaş verilməsi, həmçinin qeyd olunan məsələnin tam həyata keçirilməsi inandırıcı görünmür. Bakı şəhərində marşrut avtobuslarının 20-30 faizini sürücülük vəsiqəsi olmayan gənclər idarə edir. Nazirlik hansı sürücülük bazasını yaradır. Xətt üzrə çalışan avtobus şirkətləri yaşı az olan gənclərə avtobus sürməyə icazə verir”.
O düşünür ki, belə sistem ciddi şəkildə qurulmalıdır: "Neçə illərdir bu sahədə həyata keçirilən islahatlardan və görülən işlərdən danışılır. Lakin gözləntilər özünü doğrultmur. Ortalıqda isə heç bir iş görülmür. Bu tədbirlər də heç bir nəticə verməyəcək. Ancaq aidiyyəti qurumlar istəsələr, ölkədəki ictimai nəqliyyatdakı problemləri çox qısa müddətdə yüksək səviyyədə həll edə bilərlər”.
Vüqar Şahinoğlu