Tarixin arxivinə atılan Sarkisyanın xuntası və saxta seçkilərlə diktatura quran Paşinyan rejimi... - İFLAS

Ermənistan tarixinin ən biabırçı seçkisi iflasa uğradı Total saxtakarlıqla keçən prosisi beynəlxalq təşkilatlar tanımamalıdırlar
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı dünən ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100 faizini hesablayıb. "News.am” saytı xəbər verir ki, 9 dekabr tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın "Mənim addımım” bloku 70.43 faizlə qalib gəlib. Seçkilərdə ikinci yeri 8.27 faizlə "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Ttsarukyan tutub.
Edmon Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini toplamaqla üçüncü olub. Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir. Siyasi qüvvələrin qalan hissəsi parlamentin 7-ci çağırışına tələb olunan baryeri aşa bilməyib.
Beləliklə, qarşıdakı 5 illiyə seçilən yeni parlamentdə yalnız Paşinyanın seçki bloku və onun "məxməri inqilab”dakı müttəfiqləri yer alacaqlar. Amma konstitusiyaya görə, parlament yerlərinin 1/3-i müxalifət deputatlarının olmalıdır. Bu səbəbdən də "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının parlamentdə özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək lazımdır.

Sarkisyan və Koçaryanın cinayətkar xuntasına etimad göstərilmədi

Ermənistanda keçirilmiş seçkilərin yekunları barədə ilk onu demək mümkündür ki, Ermənistan xalqı Serj Sarkisyanın və Robert Koçaryanın cinayətkar xunta
rejimini tarixin zibilliyinə atdı. Belə ki, b u cinayətkarların təmsil olunduğu siyasi qüvvə seçkilərdə heç bir uğur qazana bilmədi. Hətta seçki baryerini keçə bilmədilər. Bu da onun göstəricisidir ki, ermənilər bu xunta rejiminə 10 faiz də olsa güvənmirlər.
Sarkisyan rejiminə inamsızlıq haqqında vaxtilə Azərbaycan prezidenti İlham Əliyev çıxış etmişdi. O zaman ölkə başçımız zərgər dəqiqliyi ilə söyləmişdi ki, Sarkisyan rejiminə ermənilərdə inam yoxdur.
"Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir” – deyən prezidentimizin söylədikləri bu seçkidə tam sübut olundu. Çünki prezidentin də dediyi kimi, biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejiminə bu seçkilərdə xalq zərrə də olsun etimad göstərmədi. Bu səbəbdən də keçmiş xunta rejimi seçki baryerini aşa bilmədi.

Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşdı

Seçkilərdə qalib gəlmiş Paşinyan isə öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı. Belə ki, seçki günü baş verən qanun pozuntuları, total saxtakarlıqlar bunu deməyə əsas verir. Hətta saxtakarlıq o qədər vüsət aldı ki, seçki məntəqəsi qarşıdurma nəticəsində bağlandı. Paşinyana müxalif olan namizədlərin müşahidəçilərinə məntəqələrdə təzyiqlər haqqında 50-ə yaxın informasiya gəldi. Həmçinin beynəlxalq təşkilatların hesabatları da saxtakarlığın geniş olduğunu bildiriblər. Bu da Paşinyanın diktatura rejimi yaratdığını göstərir. Seçkilər göstərdi ki, erməni xalqı idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar edir. Odur ki, seçici fəallığı həmişəkindən daha aşağı olub.
Belə ki, küçələrə axışan kütlənin təzyiqilə oxlokratik rejim qurmuş Paşinyan
öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi
saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra da
açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni
erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan
komandasına səs verib. 
Təbii ki, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Görünən odur ki, seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşıb. Soros Fondu Paşinyan komandasının zəif seçki nəticələri göstərməsinin nümunəsində postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradı. İndi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.

Beynəlxalq qurumların ikili standartı...

Vatilə AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatların dəfələrlə məsələ qaldırmasına, Ermənistan müxalifətinin konkret faktlara söykənən ifşalarına baxmayaraq həmin qurumlar Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmir, onun demokratik yolla hakimiyyətə gəldiyini iddia edirdi. Halbuki bu seçkilərdə Sarkisyan rejimi tərəfdarları seçki baryerini belə aşa bilmədi. 
Deməli ortaya nəticə çıxır ki, bu həmin qurumların ikili standartlarla, bir çox hallarda xristian təəssübkeşliyindən çıxış etməsinin, erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü "konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, Qərb təsisatlarnın ələ
alınmasının nəticəsi idi. Görünür, eyni mexanizmlər hələ də qaldığından həmin qurumlar Ermənistanın yeni hakimiyyətinin qulluğunda durur. Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim, xalqın real dəstəyini alan hakimiyyət qura bilməməsinə göz
yumur, bunu təşviq də edirlər.

Ermənistan tarixinin növbəti ən biabırçı seçkisi...

Paşinyanın diktatura qurmaq istiqamətində keçirdiyi növbədənkənar parlament seçkilərinin yerli və beynəlxlaq təhlilçilər iflas olduğu qənaətindədirlər. Hətta erməni siyasətçiləri də bildirirlər ki, bu seçkilər ən bərbad, saxtakarlığın pik həddə çatdığı bir proses olub.
"Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir”. Bu sözləri Sarkisyan xunta rejiminin "Respublikaçılar Partiyası”nın namizədi David Şahnazaryan deyib. Seçkiöncəsi təbliğat kampaniyasının müddətinin qısa olmasından təəssüfləndiyini bildirən Şahnazaryan qeyd edib ki, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb: "Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib”. O deyib ki, yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi: "Bu, Ermənistan tarixində ən biabırçı seçkiləri oldu. Hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi”.

Beynəlxalq təşkilatlar saxta seçkilərə göz yummamalıdırlar

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçici səs verib. Səbəb isə birdir: siyahıdakı 2,6 milyon seçicinin böyük əksəriyyəti ölkədə yoxdur”. 
Bu sözləri isə Sherg.az-a millət vəkili Aydın Mirzəzadə söyləyib. O, bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: "Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. 
Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur. Seçkilərin anti-demokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır. Çünki erməni mətbuatında saxtakarlıqlarla bağlı xeyli xəbərlər var. Müxalif namizədlərə təzyiqlər, müşahidəçilərə, jurnalistlərə qarşı basqılarla bir seçki prosesi gerçəkləşib. Bununla da demokratiya nağılı danışan Paşinyan diktatura qurduğunu göstərdi”. 
Deputat qeyd edib ki, əvvəlki Sarkisyan cinayətkar rejiminə də xalqın inamı yoxdur: "Biz bunun seçkilərdə şahidi olduq. Sarkisyan cinayətkar rejiminin təmsilçisi olan namizədlər səs yığa bilmədi. Seçki barajını aşa bilməyən Sarkisyan xuntası tarixin arxivinə göndərildi”. A.Mirzəzadə hesab edir ki, beynəlxalq təşkilatlar Ermənistanda keçirilən saxta seçkiləri pisləməlidirlər: "ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Paşinyanın bu biabırçı seçki şousuna həqiqi qiymətini verməlidir. Saxta seçkiləri saxta adlandırmalıdır”.
Anar Bayramoğlu