"Bakıda tıxaclar bəzən o qədər olur ki, yolda yanğınsöndürən, təcili tibbi yardım maşınına belə yol vermək mümkün olmur”.
Bunu "Sherg.az”a nəqliyyat eksperti İlqar Hüseynli söyləyib.
O diqqətə çatdırıb ki, çox hallarda təcili yardım və yanğınsöndürən maşınların tıxacda qalmasında sürücülərin təqsiri olmur:
"Dünya praktikasında bu məsələ həllini tapıb. Tıxaclar ehtimal olunan böyük şəhərlərdə xüsusi zolaqlar salınıb. O şəhərlərdə yalnız təcili yardım və yanğınsöndürən maşınlara icazə verilir. Müəyyən hallarda polis maşınları da bu zolaqlarda hərəkət edir.

İki məsələnin üzərində xüsusi dayanmaq lazımdır. Birincisi, təcili tibbi yardım və yanğınsöndürən maşınları üçün yol zolağının istismara verilməsi, ikincisi isə sürücülər arasında maarifləndirmə kampaniyasıdır. Bakıda keçirilən beynəlxalq yarışlar ərəfəsində sürücülər bu qaydalara adaptasiya olundular. Bu qaydaları pozan sürücülərə cərimələr tətbiq olundu. Burada yeganə məsələ odur ki, prospektlərimizin çoxunda növbəti zolağın salınmasına imkan yoxdur.
Prospektlərin tən ortasında işıqlandırma üçün ayrıca işıq dirəkləri yerləşdirilib. Bununla yanaşı, orta zolaq bardürlərlə əhatələnib. Təxmini 1.5 metr məsafə zəbt olunub. Həmin orta zolağı götürmək, işıq dirəklərini prospektlərin sağ və soluna yerləşdirməklə, çox yolda qeyd etdiyimiz zolaqları ayıra bilərik. Elə prospektlər var ki, ümumiyyətlə, onların eni ayrıca zolaq çəkməyə imkan vermir.
Şəhərsalmada öncədən bu məsələlər nəzərə alınmalı idi. İndi belə məsələnin gündəmə gəlməsi xeyli maliyyə itkisinə səbəb ola bilər. İstənilən halda insanların həyatını itirməsi qarşılığında vəsait itkisinin önəmi olmamalıdır”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində böyük tıxac yaranıb. Həmin tıxacda yol tapa bilməyən təcili tibbi yardım maşını gedə bilməyib. Vəziyyət o həddə çatıb ki, maşında olan həkim, düşərək yolu açmağa çalışıb, sürücülərdən təcili tibbi yardıma yol verilməsini xahiş edib. Sürücülərin yol aça bilmədiyini görən həkim qışqırıb ki, ölən var, yol verin!
Aysel Aslan