“Telekanalların ictimai rəy anlaşıyı meydana gəlməlidir. Bu zaman özəl telekanallar anlayacaq ki, onların proqram səbətində mütləq müəllif proqramları olmalıdır”
Televiziyalarda müəllif proqramları azdır
Elçin Əlibəyli: “Müəllif verilişləri reytinq vermir deyib, o verilişlərin əksəriyyətini bağladılar”
“Telekanalların ictimai rəy anlaşıyı meydana gəlməlidir. Bu zaman özəl telekanallar anlayacaq ki, onların proqram səbətində mütləq müəllif proqramları olmalıdır”
“Telekanalların ictimai rəy anlaşıyı meydana gəlməlidir. Bu zaman özəl telekanallar anlayacaq ki, onların proqram səbətində mütləq müəllif proqramları olmalıdır”
Azərbaycanda söz və məlumat azadlığının, KİV müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən ən mühümüdür. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, azad, plüralist, güclü media olmadan cəmiyyətin demokratik inkişafını, şəffaflığını təmin etmək mümkün deyil. Hazırda ölkəmizdə KİV-in fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət dəstəyi həyata keçirilir, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərə yüksək məbləğdə maliyyə vəsaiti ayırır.
Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi yönündə birdəfəlik maliyyə yardımı ayrılır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar Azərbaycanda medianın ümumi mənzərəsini və vəziyyətini aydın göstərən vacib şərtlərdir. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir və bu cür televiziyalar tamaşaçıların maraqlarını ifadə edə bilmir. İzləyicilərin dünyagörüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Ümumiyyətlə, ölkədə televiziya yayımlarında hər kəsi narazı salan qüsurlar çoxdur. Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik çəkirlər. Tamaşaçı və cəmiyyətin marağı çox bəsit formada təqdim olunur. Xəbər proqramları Azərbaycanda aşağı səviyyədədir. Telekanallarımızda daha çox səviyyəsiz, bayağı şou verilişləri dəbdədir. Debatlar, tok-şoular, dialoqlar və ən əsası müəllif proqramlarına çox az rast gəlinir. Maraqlıdır, görəsən, telekanallarımızda müəllif proqramlarının sayı niyə azalıb? Bu tip proqramların sayının çoxaldılması üçün kadr potensialı çatışmır, yoxsa telekanallar bunda maraqlı deyil?
Suallarımızı cavablandıran tanınmış telejurnalist Elçin Əlibəyli də qeyd etdi ki, hazırda televiziyalarda müəllif proqramları azlıq təşkil edir: "Amma bu hal yalnız Azərbaycan televiziyaları üçün deyil, qonşu ölkə telekanalları üçün də xarakterik haldır. Ümumiyyətlə, telekanallarda müəllif verilişləri azalıb. Bu, ümumi tendensiyadır və çox güman ki, janr dəyişikliyi ilə əlaqədardır.Telekanal canlı orqanizmdir və orada vaxtaşırı janr dəyişikliyi baş verə bilər. Müəllif verilişlərinin azalması da bunun tərkib hissəsi sayıla bilər. Bütün bunlara baxmayaraq telekanallarda müəllif proqramlarının və müəllif jurnalistikasının olması qaçılmaz haldır və ya olmalıdır. Onun öz tamaşaçısı, öz əhatə dairəsi və faydaları var”.
Televiziyalarda müəllif verilişlərinin azalma səbəblərinə gəlincə, ekspert səbəblərin sadə olduğunu bildirib: "Birincisi, Azərbaycanda müəllif jurnalistikası ilə məşğul ola biləcək jurnalistlərin sayı məhduddur. Bununla məşğul olan ali təhsil müəssisələri demək olar ki, yoxdur. Bakı Dövlət Universiteti (BDU) və digər dövlət ali məktəblərinin jurnalistika fakültələri bu işin öhdəsindən tam gələ bilmirlər. Həmin təhsil müəssisələrinin xoşuna gəlsə də, gəlməsə də deməliyəm ki, onlar zamanla ayaqlaşa bilmirlər. Bu bir reallıqdır ki, oranı bitirən tələbələrə lazım olan bilgilər verilmir. Ümumiyyətlə, onlar həmin sahə üzrə hazırlaşdırılmır. Məsələnin birinci tərəfi budur”.
Yeni gələn jurnalist nəsildə çox ciddi problemlərin olduğunu söyləyən ekspert hesab edir ki, yeni nəsil heç ənənəvi jurnalistikanın qaydalarını bilmir: "Biz onlarda həmin effekti görə bilmirik. Bir-iki nəfər istisna olmaqla, əksəriyyətində çox ciddi problemlər var”.
"Televiziyalara müəllif proqramları lazımdırmı” sualına gəlincə, E.Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycanda müəyyən qədər seçilən, qələmi, ifadə tərzi yaxşı olan, cəmiyyətdə özünə yer tutan jurnalistə qarşı münasibətlər dəyişməyə başlayıb: "Savadlı kadrları küsdürürlər və onlar telekanallardan uzaqlaşırlar. Savadlıların meydanı daralır. Bəhanə də reytinqin az olması və yaxud da heç olmaması gətirilir. Mən niyə bu sözü işlətdim? Çünki reytinq hesablanması və onun mexanizmləri barədə dəfələrlə danışmışam. Vacib olan məsələ odur ki, bütün verilişlər reytinq verə bilməz. Bu cür düşüncə absurddur. İkinci tərəfdən telekanalların ictimai öhdəlikləri var. Onların ictimai öhdəliklərindən biri də odur ki, lazım olan funksiyaları yerinə yetirsinlər. Ancaq reytinq naminə işləməsinlər. Digər layihələr də olmalıdır və onların baxımlılığını təmin etmək üçün televiziya düşünməlidir. Telekanallar müəllif verilişlərini kökündən kəsmək barədə deyil, onu baxımlı etmək ətrafında düşünməlidir. Bizə isə müəllif verilişləri reytinq vermir deyib, o verilişlərin əksəriyyətini bağladılar. Bunu reytinq hesablayan şirkətlərə deyəndə onlar fikirlərimi qəbul etmədilər. Çünki onlara da sərf etmədi. Əyləncəli proqramla, tok-şou, xəbərlər, sənədli və bədii film eyni reytinq cədvəlinə salına bilməz. Təsnifat aparılmalıdır. Xəbərlər proqramları içərisində hansı kanalın xəbərləri daha öndədir və yaxud da tok-şoular içərisində hansı kanalın verilişi daha populyardır və s. kimi məsələlər aydınlaşmalıdır. Mən uzun illərdir bu məsələni qaldırıram. Reytinq şirkətləri Azərbaycana 2002-ci ildə gəliblər. 2002-ci ildən indiyə qədər biz həmin problemləri yaşamaqdayıq”.
Ekspertin fikrincə, 1998-2002-ci illər arasında televiziyalarda vəziyyət daha ürəkaçan idi: "2002-ci ildən, reytinq şirkətlərinin Azərbaycana gəlməsindən sonra bu büdrəmələr başladı və hazırda pik nöqtəsinə çatıb. Həmçinin sonralar, yəni 2008-ci ildən etibarən dünyada baş verən iqtisadi böhran transmilli şirkətlərə çox ciddi təsir göstərdi. Transmilli şirkətlər Azərbaycan telekanallarına ayırdıqları reklam büdcələrini xeyli azaltdılar. Hətta onların içərisində bir neçəsi büdcənin böyük hissəsini Afrika ölkələrinə yönəltdilər. Çünki orada vəziyyət daha ağır idi. Nəticə etibarilə reklam bazarının daralması o cür müəllif verilişlərinin sıradan çıxmasına səbəb oldu”.
E.Əlibəyli düşünür ki, televiziyaların reytinqinin hesablanması ilə yanaşı, onların ictimai reytinqi məsələsi də aktuallaşmalıdır: "Bunu Milli Televiziya və Radio Şurası həyata keçirə bilər. Məsələn, ayın, həftənin ən dəyərli, baxımlı verilişlərinin siyahısını açıqlaya bilər. Hansı verilişin xüsusi əhəmiyyət daşıdığını açıqlasınlar. Bu da, həmin verilişlərin yaşaması üçün təbliğat rolunu oynaya bilər. Gələcəkdə sponsora müraciət edəndə demək olar ki, bu veriliş müəyyən qurum tərəfindən dəyərləndirilib. Rusiyada "Telfi” deyilən mükafat var. Müəllif layihələrinə və ya ümumən lazımlı layihələrə həmin mükafat verilir. Bu da, sponsorlara maraqlı gəlir və düşünür ki, bu veriliş "Telfi” alıbsa, deməli onun ictimai çəkisi çoxdur. Mənim də məhsulum o proqramda reklam olunsa ictimai çəkim artar. Amma pisi yaxşıdan seçən bir tərəzi yoxdur. Belə olan halda sponsorların hamısı bir anlıq güldürən və bir anlıq ağladan verilişlərə qaçır. Ona görə də məhsullar, reklamlar və verilişlərin hamısı eyni tipli olur. Baxanlar da hesab edirlər ki, bizim düşüncə və təfəkkürümüz bundan ibarətdir. Amma reallıq başqadır”.
Problemdən çıxış yoluna gəlincə, telejurnalist deyib ki, telekanalların ictimai rəy anlaşıyı meydana gəlməlidir: "Yəni ictimai qiymətləndirmə aparılmalıdır. Bu zaman özəl telekanallar anlayacaq ki, onların proqram səbətində mütləq müəllif proqramları olmalıdır. Məsələnin kökündə duran budur. Təbii ki, müəllif jurnalistlərinin az olması da müşahidə olunur. Yəni müəllif proqramlarına meydan yaradılsa, gərək bu cür jurnalistlərin yetişməsinə zəmin yaradılsın. O jurnalistlər harada yetişəcək? Gələcəyin müəllif jurnalistləri indiki müəllif jurnalistlərin yanında köməkçi olmaqla, təcrübə keçməklə öyrənməlidir. İndi bu hal yoxdursa, onlar nəyin əsasında və ya hansı baza əsasında öyrənəcəklər? Belə gedişlə gələcəkdə nəticə olmayacaq”.
Həmsöhbətimiz onu da əlavə edib ki, müəllif jurnalistikası ilə bağlı vəziyyət çox ağırdır: "Rusların bir deyimi var "Opera oxunub qurtarıb”. Yəni paltarlarımızı geyib operteatrdan çıxıb gedə bilərik. Bax, bizim müəllif jurnalistikamız bu durumdadır”.
(davamı var)
Ayyət Əhməd