Ekspertlər bunu ideya olaraq düzgün sayır, lakin tətbiq sahəsinə görə yanlış hesab edirlər
Qazax Rayon Müalicə Diaqnostika Mərkəzində fəaliyyətinin ilk günündən başlayaraq hər səhər Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Bu dəyişməz ənənə artıq 10 ildir ki, davam edir.
Bir qayda olaraq, hər gün saat 08:55-də bütün işçi heyəti eyvana çıxaraq himnimizi dinləyir. Eyni zamanda tibb müəssisəsinə gələn vətəndaşlar da bu ənənəyə qoşulmağı özlərinə borc bilirlər.
Tibb müəssisəsinin baş həkimi Kamandar İbrahimov bildirib ki, bununla tibb işçilərində əlavə məsuliyyət, xəstələrdə isə həkimlərə, müalicə ocağına inam hissi və ruh yüksəkliyi yaranır.
Baş verənləri dəyərləndirən ekspertlər "Şərq”ə bildiriblər ki, fərqli ənənənin xəstəxanada tətbiq olunmasına o qədər də gərək yoxdur.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, Azərbaycan Respublikası himninin səsləndirilməsi rəsmi məclislər və tədbirlər üçün nəzərdə tutulub: "Əslində himnimiz dövlətin bir rəmzidir. Hər gün tibb müəssisində dövlət himninin səsləndirilməsinə xüsusi ehtiyac yoxdur. Təbii ki, bunun üçün bir qadağa da yoxdur.
Fikrimcə, elə bir şərait qurmaq lazımdır ki, tibb işçilərinin durumu yaxşılaşsın və tibbi xidmət səviyyəsi yüksəlsin. Bəzi baş həkimlər bu cür xüsusi inzibati tədbirlər görməklə idarəçiliklərini optimallaşdırırlar. Xaricdəki tibb müəssisələri necə fəaliyyət göstərirsə, biz işimizi o cür qurmalıyıq”.
ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan himninin səsləndirilməsi həddindən artıq ürəkaçan bir məqamdır. Onun sözlərinə görə, himnin səsləndirilməsi ideya kimi düzgündür, lakin tətbiq sahəsinə görə yanlışdır:
"Bu hal məktəbdə, mədəniyyət müəssisəsində və yaxud hansısa zavodda, fabrikdə olsaydı, daha yaxşı olardı. Çünki xəstəxanada müxtəlif dövlətlərin vətəndaşları və müxtəlif əqidəli şəxslər ola bilər.
Min illərdir ki, həkimlərin himni Hippokrat andıdır. Dövlət himninin hər gün səsləndirilməsi məsuliyyət hissinin yüksəldilməsi üçün nəzərdə tutulub. Amma diaqnostika mərkəzində ağır xəstələr ola bilər. Məsələn, səhər saatlarında xəstə sakit şəkildə yatmalıdır. Himn səslənərkən isə o, ayağa qalxmalıdır. Lakin xəstə yataqdan necə qalxa bilər? Həmçinin himn çalınan zaman kiminsə təcili yardıma ehtiyacı ola bilər. Ona görə də xəstə ayağa qalxmayacaqsa və kiməsə yardım göstəriləcəksə, himnimizə hörmətsizlik ola bilər. Bu baxımdan belə bir ənənənin xəstəxanada tətbiqi yanlışdır”.
Yeganə Bayramova