Türkdilli ölkələrin ortaq televiziyası birliyi gücləndirəcək





Türkdilli ölkələrin ortaq televiziyasının adı açıqlandı. Telekanalın adı "İnternational turkish news channel” olacaq və 6 dildə yayımlanacaq”. Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov bildirib. Onun sözlərinə görə, ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var: "Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər”, - deyə o vurğulayıb”.

Təşəbbüsü dəyərləndirən tanınmış telejurnalist Tofiq Abbasov "Şərq”ə söyləyib ki, bu qərar türk xalqları arasındakı birliyin gücləndirməsinə xidmət göstərəcək. Müsahibimizin fikrincə, buna

zərurət vardı: "Türkdilli ölkələrin birliyi öncədən də mövcud idi. Ancaq bir dil problemi də var. Biz bəzi hallarda biri-birimizi anlaya bilmirik. Ona görə də ortaq türkdilli kanalın yaradılması aktual məsələyə çevrilmişdi. Türk xalqlarının biri-birinə inteqrasiyası, onların qarşılıqlı əməkdaşlığı, ortaq layihələr həyata keçirməsi vacib işlərdir. Orta Asiya ölkələri, Qafqazda yerləşən Azərbaycan, Azərbaycandan Qərbdə yerləşən Türkiyə arasında mənəvi, tarixi, dini, milli birlik ənənəsi var. Bu ənənələr daha da gücləndirilməlidir. Onun gücləndirilməsi üçün böyük imkanlar var. Türkdilli xalqların birliyinin möhkəmlənməsində ortaq televiziya böyük tarixi rol oynaya bilər. Bakıda oturub, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrdə yaşanan hadisələrdən xəbər almağın nəyi pisdir ki? Eyni zamanda türkdilli ölkələrlə bağlı məlumat bazamız genişlənmiş olar”.

"Əməkdaşlığımız hansı prinsiplər üzərində formalaşa bilər” sualına gəlincə, müsahibimiz qeyd edib ki, bu sualın ətrafında ayrıca müzakirələrə ehtiyac yoxdur: "Çünki çağırışlar bəllidir. Bir yandan türkdilli ölkələrin biri-birinə inteqrasiyasının güclənməsi, digər tərəfdən Türk dünyasının qlobal sistemə yaxınlaşması gündəmdədir. Bu məsələni ortaq televiziyanın informasiya dəstəyi ilə gerçəkləşdirmək mümkün olacaq”.

Ayyət Əhməd