“Türkiyə eşqinə tanımadığınızla ailə qurmayın”

Şəbnəm Qarslı feysbuk səhifəsində azərbaycanlı xanımın acı taleyini yazıb
İradə Cavadova: “Əcnəbi vətəndaşlarla evlənən qızlarımız üçün rəsmi nikah şərt olmalıdır”

Ekspertlər qızlarımızın əcnəbi vətəndaşlarla ailə həyatı qurmağa meyilli olmasını daha çox xaricdəki həyat tərzi ilə əlaqələndirirlər. Yəni xaricdəki qadınların sərbəstliyi bizim qızlarımızı cəlb edir və bu azadlığı əldə etmək üçün onlar da əcnəbi bəylə ailə həyatı qurmaq istəyirlər.

Amma onlar dərk edə bilmir ki, internet, televiziya vasitəsilə xaricdəki həyat haqda təsəvvürlər, əcnəbi bəylərin sözləri bəzən onları yanlış istiqamətə yönəldir. Yanlış seçim və azadlıq arzusu onların həyatı bahasına başa gəlir. Bu gün əcnəbi vətəndaşlarla evlənib, yaşamaq üçün xaricə gedən qızların başına gələn faciələr heç kəs üçün sirr deyil. Təbii ki, onların arasında ideal həyat yoldaşını tapıb, xoşbəxt olanları da var. Amma təəssüf ki, aldadılaraq insan alverinin qurbanına çevrilən, bəzən də məişət zorakılığının qurbanına çevrilən qadınlarımız çoxluq təşkil edir. Bəzi xanımlar onlardan ilk təklif gələn kimi həmin şəxs haqqında heç bir araşdırma etmədən, tanımadan, xasiyyətinə bələd olmadan razılıq verib evlənirlər. Sonda isə Azərbaycana ya bəd xəbərləri gəlir, ya da köməyə möhtac durumda qaldıqlarına dair xəbərlərini alırıq.

Elə yazar Şəbnəm Qarslı öz feysbuk hesabında türkiyəli bir bəylə evlənən qadının düçar olduğu ümidsizliyindən yazıb: "Əziz və hörmətli türkiyəli ilə evlənməyi planlaşdıran xanımlar və onların yaxınları. Bu statusu sizin üçün yazıram, ümid edirəm bir işə yarayar. Burada dəfələrlə rastlaşdığım və çox üzüldüyüm bir fakt var, bizim gözəl, ağıllı və təhsilli xanımlarımız Türkiyə eşqinə olmazın insanla ailə qurmaq adı altında buraya gətirilirlər. Bayaq bir xanım yazdı mənə, Bakıda tanış olub, sevib, adam da dost tanışa elçi gedib, rəsmi nikah bağlanmadan bilet alıb gəliblər buraya. Burada da bu gün -sabah deyə - deyə nikah və "oturma izni” (müvəqqəti yaşayış icazəsi) məsələsi uzanıb. İndi bir uşaqları var və qadın qeyri-rəsmi burada yaşayır. Ölkəni tərk edə bilmir ki, deport ediləcək, əri cəzanı ödəməyəcəyini deyib. Boşanıram desə, uşağı çıxara bilməyəcək. Burada qul həyatı yaşayır, əri də (nikahsız əri) hazırda başqa biri ilə yaşamağa başlayıb. Qadın kişinin atası evində ailənin xidmətçisi kimi yaşayır. Ali təhsilli qadın bu hala düşüb. Öz ailəsinə heç nə deyə bilmir, uşaqsız qayıtmaq istəmir. Ümid edir ki, nə vaxtsa o şərəfsiz bunun sənədlərini düzəldib nikah bağlayacaq. Bunu yazmaqda məqsədim sizi prosedurlarla tanış etməkdir. Əvvəla, siz siz olun, Bakıda rəsmi nikaha girmədən əcnəbi vətəndaşla evlənməyi qəbul etməyin. Rəsmi nikah üçün tələb olunan sənədləri bəzi evlilər və ya boşanmışlar gətirmək istəmirlər, çünki orada bütün detallar qeyd olunur. Adamın həqiqətən subay olduğunu bilməyinizin tək yolu o sənəddir. Səadət sarayında nikah bağlayıb Türkiyə səfirliyində təsdiqlədin. Əlinizdə hər iki ölkənin sənədi olsun: evlilik cüzdanı və nikah şəhadətnaməsi. Bir də ki, Türkiyəyə gəldiyiniz gündən müvəqqəti yaşayış icazəsi. Qeyri-leqal yaşamayın. Həyatdır, ayrılmaq istəsəniz, sizi deport edər, uşaqlarınız əlinizdən alınar”.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, əksər hallarda xanımlarımız bu cür yanlışlığı öz razılığı ilə etdiyi üçün onlara kömək etmək mümkün olmur: 

"Bu qadın da rəsmi nikahı olmadan Türkiyə vətəndaşına qoşulub gedib. Əgər qadın azyaşlı olsaydı, yaxud da məcburi qaydada həmin adamla evlənmiş olsaydı, hüquqi prosedurlarla onun haqlarını müdafiə etmək olardı. Ancaq faktiki olaraq ortada cinayət məsuliyyəti hesab olunacaq heç bir fakt yoxdur. Sözügedən məlumatlardan da göründüyü kimi artıq məsələ iki şəxs arasındakı münasibətlərdən qaynaqlanıb”.

İ.Cavadovanın sözlərinə görə, qadınlar ailə quran zaman rəsmi nikah məsələsini mütləq şəkildə tələb etməlidir. Xüsusilə də əcnəbi vətəndaşlarla evlənən qızlarımız üçün rəsmi nikah şərt olmalıdır: 

"Qadınlarımız əcnəbi vətəndaşla nikah bağlamaq istəyirsə, ilk növbədə həmin ölkənin səfirliyinə, yaxud diplomatik nümayəndəliyinə sorğu ilə müraciət edib, lazımi məlumatlara malik ola bilər. Nikah bağlamağa hazırlaşdıqları şəxslə bağlı səfirliklərə müraciət edib onun cinayət törətmiş, yaxud cinayətə meyilli adam olub-olmadığı barədə məlumatlar əldə etmək mümkündür. Əcnəbi şəxslərlə Azərbaycan vətəndaşları ailə qurduqda, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ona görə də Azərbaycan vətəndaşları üçün hüquqi cəhətdən bir sıra problemlər yarana bilər. Çünki əcnəbi şəxsin başqa şəxslərlə rəsmi nikahda olub-olmamasını müəyyənləşdirmək çətindir.

Bəlkə həmin şəxs elə evlidir? Türkiyədə, yaxud da başqa bir xarici ölkədə ailəsi var? Axı bütün bunları dəqiqləşdirmədən qızlarımız niyə əcnəbilərə qoşulub, gedirlər? Bir halda ki, hər hansı bir əcnəbi şəxs haqqında səfirliklər məlumat verir, onu araşdırmaq nə çətin işdir ki. Amma çox təəssüflər olsun ki, qadınların əksəriyyəti insanı tanımadan, bilmədən ailə qurur, evlənir, övlad sahibi olur, sonradan da bir çox problemlərlə üzləşmək məcburiyyətində qalır. Ümumiyyətlə, ailə qurarkən tərəflər bir-biri ilə bağlı mümkün qədər çox məlumat əldə etməlidirlər. Xüsusən də bu, əcnəbilərə aiddir. Biri-birini tanıyan, qohumluq bağları olan adamlar da evlənir, sonra problemlər üzə çıxır. Amma bir halda ki, xarici ölkənin vətəndaşı ilə ailə qurmağa hazırlaşırsan, xüsusilə ehtiyatlı olmalı və şəxs haqqında ətraflı məlumatlara sahib olmalısan. Qadınlarımız da, kişilərimiz də ehtiyatlı olsunlar. Şəxsə yaxşı bələd olmadan ailə qurmağa tələsməsinlər”.

Vəkil deyib ki, qadınların bu kimi ağır durumlara düşməsinin, çıxılmaz vəziyyətlərdə qalmalarının əsas səbəbi getdikləri ölkədə qeyri-leqal yaşamalarıdır: 

"O qadın ilk getdiyi gündən ərini məcbur etməli idi ki, onu rəsmi nikaha alsın. Biz burada birmənalı kişini günahlandıra bilmərik, çünki ortada hüquqi məsuliyyət yoxdur. Bu artıq vicdan məsələsidir. Miqrasiya qaydalarına əsasən hər bir şəxs ayaq basdığı ölkədə 3 gün müddətində qeydiyyata düşməlidir. Qeydiyyata alındıqda onlar barəsində məlumat toplamaq daha asan olur. Qadın ki savadsız olmayıb?! O, hüquq-mühafizə orqanlarına, səfirliyə müraciət edərək aldadılaraq gətirildiyini deyə, kömək istəyə bilərdi. Belə çıxır ki, qadın bu qədər müddət orada qeyri-qanuni olaraq yaşayıb və heç bir quruma şikayət etməyib”.

İ.Cavadova hesab edir ki, qadınlarımız rəsmi nikaha daxil olmadıqlarından vətəndaş nikahında yaşadıqları insan barəsində heç bir məlumat əldə edə bilmirlər. 

Əgər qadınlarımız evliliyə ciddi yanaşsalar, onlara birgə yaşayış təklif edən adamla rəsmi nikaha daxil olsalar, həmin şəxs barəsində dolğun məlumat əldə edərlər.

Şəymən