Türkiyə Güləni ala biləcək

ABŞ-dan olan heyət videoları izləyib şok oldu




"ABŞ Güləni müdafiə etmək niyyətində deyil, hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayır”. Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. Bayden bildirib ki, onunla birgə Türkiyəyə mütəxəssislər gəlib. Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır: "ABŞ-da ekstradisiya ilə bağlı qərarı Prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər.

ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur. Türk millətinin narahatlığını anlayıram. Ancaq prosesin davam edəcəyinə şübhəniz olmasın. Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi hüquqi prosedurdan asılı olacaq. Bu çərçivədə Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik”.

"ABŞ-la aramızda müqavilə var, Gülən həbs olunmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ən prioritet məsələ FETÖ liderinin qısa zamanda ekstradisiyasıdır: "15 iyul öncəsi, bu təşkilatın əməllərinə dair bütün dosyeləri göndərdik. 15 iyuldan sonraya aid faylları da hazırladıqdan sonra çatdıracağıq. Ancaq ABŞ ilə Türkiyə arasında cinayətkarların ekstradisiyası haqqında sazişə görə, bu cür adamlar, ən azından nəzarətə alınır, həbs olunur və məhkəmə boyu nəzarətdə olur. Hazırda bu zat olduğu yerdən hələ də terror təşkilatına nəzarət edir. Onun 170 ölkədə məktəbləri, iş yerləri var. ABŞ-dakı mətbuat orqanları ilə danışır və bunlarla dünyadakı aksiyalarını davam etdirir”.

"Gülənin bu qədər təhlükəli olduğunu bilmirdik”

Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə gələn dörd nəfərlik amerikalı heyət 15 iyul gecəsində yaşanan olayların görüntülərini seyr ediblər. Onlardan biri "Gülənin bu qədər təhlükəli olduğunu bilmirdik” deyib. Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akarın yavəri polkovnik Levent Türkkanın və yüzlərlə digər şəxslərin ifadələri də heyəti dəhşətə gətirib. Araşdırma aparan nümayəndələr FETÖ liderinin Türkiyəyə verilməsi ilə bağlı müsbət irəliləyişlərin olduğunu da söyləyiblər.

İsmayıl