Türkiyə koalisiyaya qoşulmayacaq

Vəfa Quluzadə: “Əlbəttə, Türkiyə Amerikanın müttəfiqidir, lakin regional məsələlərdə onların öz mövqeyi ola bilər”
Fərhad Mehtiyev: “Böyük ehtimalla Türkiyə ilə İŞİD arasında razılıq əldə olunub”


İŞİD-in girov götürdüyü 49 türk diplomatın bu günlərdə sərbəst buraxılması Türkiyənin radikal qruplaşmaya qarşı yaradılmış koalisiyaya qoşulması məsələsini yenidən gündəmə gətirib. İndiyə kimi Türkiyə hökuməti girovların təhlükəsizliyini əsas gətirərək Qərb dövlətlərinin formalaşdırdığı koalisiyaya qatılmaqdan imtina edirdi.

Konsulluq nümayəndələrinin sağ-salamat öz ölkələrinə qayıtması isə gözləri yenidən AKP hökumətinə yönəldib. Türk diplomatların azad edilməsinə diqqət çəkən ABŞ dövlət katibi Con Kerri də mətbuata açıqlamasında deyib ki, rəsmi Vaşinqton Türkiyənin bundan sonra "İslam dövləti”nə qarşı mübarizədə daha fəal olacağına ümid edir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Türkiyəni tərəddüd siyasətindən vaz keçirmək üçün Ankaraya gələrək rəsmilərlə görüşlər keçirib. Ancaq Kerrinin səyləri heç bir nəticə verməyib. Bəs girovların qaytarılmasından sonra Türkiyə Qərbin gözləntilərinə müsbət cavab verərək İŞİD-ə qarşı mübarizə aparacaqmı? Bu barədə BBC-yə açıqlama verən ingilis politoloq Mark Lava görə, Türkiyə bundan sonra da koalisiyada iştirak etməyəcək: "Türkiyə hələlik bu məsələdə istəksiz görünür. Çünki Suriya və İraqda baş verən proseslər Türkiyə sərhədlərində həssas vəziyyət yaradıb”. Rusiyalı analitik Fyodor Lukyanov isə hesab edir ki, Türkiyə xarici siyasətində müstəqil qərarlar verən güclü dövlətdir. Türkiyənin koalisiyaya qoşulma ehtimallarının olduğunu deyən Lukyanov qeyd edib ki, bu amil rəsmi Ankaranın ABŞ-ın təsiri altında olduğunu sübut etmir: "Əksinə, Türkiyə rəhbərliyi xarici siyasətində müstəqil qərarlar qəbul edir. Amma bu ölkə NATO üzvüdür, bu faktı yaddan çıxarmaq lazım deyil. Regionda yaranmış bəzi anlaşılmazlıqlara görə, Türkiyənin yürütdüyü siyasət ABŞ-ın mövqeyi ilə bəzən üst-üstə, bəzən isə əksinə düşür”. ABŞ-ın regionda təsirlərinin getdikcə azaldığını deyən Lukyanovun sözlərinə görə, 5-10 ildən sonra Türkiyə regionda yeganə söz sahibi dövlətə çevriləcək: "İŞİD-ə qarşı geniş Qərb koalisiyası Yaxın Şərqdə böyük dəyişikliyə hesablanmış plandır. Ancaq regionun bir sıra dövlətləri, o cümlədən Qatar, Türkiyə, İran kimi ölkələr bu koalisiyaya qoşulmaqdan imtina edirlər. Bu isə ilk növbədə Qərbə qarşı etimadsızlıqla bağlıdır”. Bir sıra ekspertlər də hesab edirlər ki, Amerikanın İŞİD-ə qarşı müharibəsinin əsas hədəfi Yaxın Şərqdə yeni düzənin formalaşmasıdır.
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehtiyev "Şərq”ə açıqlamasında Türkiyənin bundan sonra da İŞİD-ə qarşı koalisiyaya qoşulmayacağını deyib. Politoloqun sözlərinə görə, qoşulmama jesti həm də İŞİD-ə "minnətdarlıq”dır: "Böyük ehtimalla Türkiyə ilə İŞİD arasında razılıq əldə olunub. Elə bu razılığa görə də Türkiyə radikal qruplaşmaya qarşı koalisiyaya qoşulmama qərarı alıb. Mənim fikrimcə, AKP hökuməti İŞİD-dən həm şimali Suriyada, həm də Kürdüstanda PKK-ya qarşı istifadə etmək niyyətindədir. Əslində ölkənin milli maraqları üçün bunu etmək lazımdır. Şəxsən mən də belə edərdim”. F.Mehtiyevin sözlərinə görə, hazırda İŞİD-in dağıdılması Şimali Suriyada PYD-nin güclənməsinə səbəb olacaq: "PYD Suriyada PKK-nın bir qoludur. Terrorçu kürdlərin qarşısını almaq üçün türk ordusu həmin əraziyə girməlidir. Əks halda, meydan kürd birləşmələrinə qalacaq. Əgər Türkiyə əmin olsa ki, İŞİD qısa müddətdə darmadağın olacaq, böyük ehtimalla müəyyən mərhələdən sonra koalisiyaya qoşulacaq. Çünki Türkiyə İraqda Səddam Hüseyn məsələsində buraxdığı səhvi bir daha buraxmaq istəməz. Lakin məsələ burasındadır ki, İŞİD-in tez zamanda məhv ediləcəyi inandırıcı görünmür. Ona görə ki, NATO-nun hərbi qüvvələri İŞİD-ə qarşı quru əməliyyatları həyata keçirmək fikrində deyillər. Quru əməliyyatlarını sadəcə ərəblər və kürdlər həyata keçirəcək. Bu qüvvələr isə artıq İŞİD qarşısında dəfələrlə məğlubiyyətə uğrayıblar”.
Politoloq Vəfa Quluzadə də Türkiyənin koalisiyaya qoşulmayacağını deyir. Amma politoloq bunu maraqların uyğun gəlməməsi ilə əlaqələndirir: "Burada bir məqam ortaya çıxır. İŞİD hərəkatı əsasən sünnilərdən ibarət olan qruplaşmadır. Türkiyə də sünni dövlətidir. Yəni, inanclıların əksəriyyəti sünni müsəlmanlardır. Hesab edirəm ki, Türkiyə bu səbəbdən koalisiyaya qoşulmur. Düzdür, indi sünniləri vəhhabi adlandırırlar və bu yolla sanki onlara damğa vurmaq istəyirlər. Amma əslində, vəhhabi sünni demək deyil. Başqa dövlətlər, məsələn, Səudiyyə Ərəbistanı vəhhabiliyin vətəni hesab olunur. Amma bu dövlət koalisiyaya qoşulub. Türkiyənin sərhədində münaqişə yaranmasını istəməməsi və ya özünün Əsədə qarşı olması haqda deyilənlərə gəlincə isə düşünürəm ki, hazırda Əsəd də İŞİD-ə qarşıdır, İran da, Amerika da. Əlbəttə, Türkiyə Amerikanın müttəfiqidir, lakin regional məsələlərdə onların öz mövqeyi ola bilər. Təbii olaraq hər bir dövlət maraqlarını qoruyur və qorumalıdır”.

İsmayıl