Qabil Hüseynli: “Görünür, onun bu davranışı “ölüm fərmanını” tezləşdirib”
Türkiyədə ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanına hücum olub. Məlumata görə, hücumu PKK terror təşkilatı törədib. Türkiyə Daxili işlər naziri Əfqan Ala bildirib ki, terrorçuların hədəfi Kılıçdaroğlu olub. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra ana müxalifət liderinin hədəfə alınması diqqət çəkir.
Çünki çevriliş cəhdindən sonra CHP və MHP-nin AKP-yə dəstək verməsi, Türkiyə siyasi tarixində nadir rast gəlinən hadisələrdən hesab olunur. Bu baxımdan, Kılıçdaroğlunun məhz çevrilişə qarşı çıxdığı üçün hədəfə alınması ehtimalı önə çıxır. Digər tərəfdən, bu hücumdan sonra MHP lideri Dövlət Baxçalının da hədəf ola biləcəyi haqda fikirlər dolaşır. Türkiyəli politoloq Hasan Oktay da bildirib ki, Kılıçdaroğluna edilən hücumun səbəbi müxalifətin iqtidara dəstək verərək çevriliş cəhdinə qarşı çıxmasıdır: "Dövlət Baxçalı Türkiyəni uçurumun kənarından qurtaran liderdir. O, Kılıçdaroğlu ilə birgə Ərdoğanın şəxsində Türkiyəni yıxmaq istəyənlərə qarşı çıxdı. Birlik göstərərək, 7 avqustda Yenikapı mitinqini keçirdilər. Bu birlik çox önəmlidir. Ana müxalifət liderinə edilən hücum da həmin birliyə qarşı olan hücumdur. Önümüzdəki günlərdə Türkiyəyə qarşı bu cür hücumlar ola bilər”. Müxalifət liderinə qarşı sui-qəsdi şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə verdiyi açıqlamada deyib ki, PKK solçu təşkilat kimi yaransa da, faşist ideologiyasını daşıyan terrorçu qruplaşmaya çevrilib: "Onlar üçün həyatına qəsd etdikləri türkün hansı siyasi görüşə mənsub olduğu heç bir önəm daşımır. Əslində, PKK-nın birinci hədəfi Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıdır. Terrorçu qruplaşma ən çox onu aradan götürməyə çalışıb. Çünki Baxçalı hər zaman PKK-ya qarşı sərt və barışmaz mövqe tutub. CHP sədri Kamal Kılıçdaroğlu isə Türkiyənin şərq vilayətlərindən birində, yəni kürdlərin daha sıx yaşadığı "doğu” bölgəsində anadan olub. Hətta onun milliyətinin kürd olduğu da söylənilir. Amma Kılıçdaroğlu hər zaman türk dövlətinin və millətinin yanında olub, ölkənin ərazi bütövlüyünü müdafiə edib, seperatçılığın qarşısında durub. Eyni zamanda son hadisələrdən sonra da Kamal Kılıçdaroğlu hökumətin yanında yer alıb və siyasi birliyi dəstəkləyib. Görünür, onun bu davranışı "ölüm fərmanını” tezləşdirib. PKK-nın düşüncəsi odur ki, milliyəti kürd olan, Şərqi Türkiyədə doğulan hər kəs mütləq kürdlərin xidmətində dayanmalıdır. Əgər kimsə onların tələbinə və xeyrinə uyğun addım atmırsa, həmin şəxsi aradan götürməyə çalışırlar. Amma Kılıçdaroğlu onların təfəkküründən uzaqdır. O, uşaqlıqdan İstanbul mühitində böyüyüb və yüksək vəzifələrdə təmsil olunub. Daha sonra isə ona Atatürkün yaratdığı partiyanın sükanı etibar edilib”. Politoloq bildirib ki, sui-qəsd məhz Kılıçdaroğluna qarşı təşkil edilib: "PKK bununla aləmə səs-küy salmaq, ajiotaj yaratmaq istəyirdi. Türkiyənin kəşfiyyat orqanları CHP liderinə sui-qəsd xəbərdarlığını etmişdi. Xəbərdarlıqdan sonra Kılıçdaroğlunun mühafizəçilərinin sayı 15 nəfərdən 25-ə qaldırılmışdı. Çox güman ki, CHP sədri özü də həyatına təhlükə yarandığını hiss edirdi. Əgər PKK-nın çirkin niyyəti baş tutsaydı, terrorçu qruplaşma öz "gücünü” nümayiş etdirmiş olacaqdı. Allaha şükür ki, terrorçuların istəkləri reallaşmadı”.
İsmayıl