Qarabağ münaqişəsinin həllinə çalışan Minsk Qrupu həmsədrləri Ermənistana dost dövlətlərdən təşkil olunub
Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan Dağlıq Qarabağ münaqişəsindən danışıb. O bildirib ki, problem ATƏT-in Minsk Qrupunun indiyə qədərki yarıtmaz fəaliyyəti üzündən heç bir şəkildə nəticə verməyib. Türkiyəli parlamentarinin sözlərinə görə, həmsədr ölkələrdə - Fransa, Rusiya və Amerikada güclü erməni diasporu var:
"Bu ölkələr ermənipərəst olduğu üçün problemin həllinə çalışmırlar”. S.Oğan hesab edir ki, indiki mərhələdə münaqişəni həll etmək lazımdır. Bunun üçünsə güclü beynəlxalq təşkilatlara ehtiyac var: "Minsk Qrupu təəssüf ki, hörmətini tamam itirib. Bu təşkilatın yenidən nüfuzlu olması üçün millət vəkili Azay Quliyevin təklif etdiyi "5-lik Sədrlər Şurası” ideal bir formuldur. Niyə idealdır? Bir tərəfdən Avrasiya coğrafiyasının lideri Türkiyə, o biri tərəfdə Avropa coğrafiyasının lideri olan Almaniya var. Bu iki ölkə həmin qrupda yer alsa, tarazlıq əmələ gələcək. Və ATƏT-in Minsk Qrupu, ümumiyyətlə, ATƏT-in bu anlamda problemi həll etməkdə göstərəcəyi təşəbbüs olacaq. Məsələnin ilk dəfə bu formulla həll edilməsi məsələsi üzə çıxacaq”.
Türkiyəli parlamentarinin iddiasını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında bildirib ki, o, tamamilə haqlıdır. Çünki münaqişəni həll etməli olan təşkilatlar, xüsusən Minsk Qrupu Ermənistana çox yaxın olan dövlətlərdən ibarətdir: "Rusiya məlumdur. Ərazilərimizin işğalında birbaşa iştirak edən ölkədir. Onun həmsədr statusunda olmağa haqqı yoxdur. Problemin dondurulmuş olaraq qalmasında Moskvanın müxtəlif siyasi manevrləri həlledici rol oynayıb. Fransa da şimal qonşumuzdan geridə qalmır. Qondarma erməni soyqırımına dair İrəvanın keçirdiyi tədbirlərə qatılır. Əlləri iki milyondan çox türkün qanına batmış ermənini dəstəkləyirlər. İşğalçılarla fəxr edirlər. Deməli, Fransa da təcavüzkardır. Amerikanın da mövqeyi çox müəmmalıdır. Bir tərəfdən işğalı pisləyir. Digər tərəfdən işğalçını dəstəkləyir”.
Ekspertin fikrincə, hadisələrə birdəfəlik qiymət vermək lazımdır: "Baxın, Qarabağ məsələsində rəsmi Vaşinqton susur. Yeri gələndə Ermənistanı dəstəkləyir. Onlara qucaq açır. Amma Krım məsələsində Rusiyanı işğalçılıqda ittiham edib, qınayır. Problemi bütün beynəlxalq tribunalardan səsləndirir. Anlayıram. İşğalçını tənqid etmək və dünyaya tanıtdırmaq lazımdır. Maraqlı sual ortaya çıxır. Cənab Obama, Moskva ilə yanaşı, İrəvanı niyə qınamırsan? Azərbaycan Ukraynanın bugünkü taleyini 20 ildən artıqdır ki, yaşayıb. Bəs Azərbaycanın səsinə niyə səs vermirsən? Amerikanın siyasətində çoxsaylı təzadlar mövcuddur. Hesab edirəm ki, Minsk özünü tükədib. Onun yeni formata keçməsinə ehtiyac duyulur. Həmin təşkilat yalnız xristian ölkələrindən ibarət olmalı deyil”.
Q.Hüseynli söyləyib ki, Türkiyə və Almaniyanın Minsk Qrupunda olması hadisələrin birtərəfli inkişafına maneə olacaq: "Almaniya xalqının özü də ağır tarixi yol keçib. Proseslərdə obyektiv mövqe tutmağa çalışır. Bu səbəbdən zənn edirəm ki, Minsk Qrupunun formatı dəyişməli və ora yeni üzvlər gəlməlidir”.
Ayyət Əhməd