Unudulmuşlardan gələn bəla...

Həbsdən çıxıb yenə cinayətkar olurlar




Azərbaycanda keçmiş məhkumların təkrar cinayət törətməsində artım müşahidə olunur. Bakıda beş dəfə məhkum olunmuş şəxs qətl törədib.

Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib. Cəzaçəkmə müəssisələrindən azad olan insanların cəmiyyətə adaptasiya olunması bu gün ən aktual məsələlərdən biridir.

Təbii ki, dövlət də onların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir sıra işlər görür. Çünki məhbəsdən çıxan insanların sonrakı taleyinin qaranlıq qalması cəmiyyətdə müəyyən sosial fəsadlara yol aça bilər. Belə ki, həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olur.

Bəs görəsən, məhkumluq həyatı yaşayan insanların təkrar cinayət əməli törədərək dəmir barmaqlıqlar arasına düşməsinə səbəb nədir?

İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri Elçin Behbudov mövcud problemi məhkumların sosial adaptasiyasının həyata keçirilməməsi ilə izah edib: "Əslində cəmiyyətdə özünü doğrulda bilməyən məhkumlar istənilən bir cinayəti törədərək çalışırlar ki, özləri üçün müəyyən mənada sığınacaq yeri olan həbsxanalara qayıtsınlar. Məhkumların readaptasiyası isə əslində həbsxananın özündə başlamalıdır ki, burada məşğuliyyət əsas şərtdir. Məhbus üçün ən çətin şey

özünə məşğuliyyət tapıb, vaxt keçirməkdir. Araşdırmalarsa göstərir ki, cəzaçəkmə müəssisələrində məhkumların 85 faizinin heç bir məşğuliyyəti yoxdur. Bir məsələni deyim ki, sovet dönəmində bu məsələlərə xüsusi diqqət yetirilirdi. Məsələn, əgər o dövrdə koloniyadan çıxanlara işlə təmin olunmaq məqsədilə hökmən göndəriş verilirdisə, indi buna o qədər də məhəl qoyulmur. Halbuki, azadlığa çıxmış şəxslərin təkrar cinayətkar olmasının qarşısını almaq üçün hələ 2007-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun qəbul edilib. Həmin qanuna görə, ölkədə sosial adaptasiya mərkəzləri yaradılmalı, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi yardım göstərilməli, onlar müvəqqəti yaşayış yeri və işlə təmin edilməlidir. Eyni zamanda, dövlət keçmiş məhbuslara birdəfəlik pul müavinəti verməlidir. Hətta dövlət büdcəsində bu qanundan irəli gələn məsələləri həll etmək üçün müəyyən vəsait ayrılsa da, ortada iş yoxdur. Bütün bunlar isə məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya olmasını əngəlləyir”.

Həbsxanalarda və müvəqqəti saxlanma təcridxanalarında psixoloq azlığının sözügedən problemə birbaşa təsir göstərdiyini bildirən hüquq müdafiəçisi deyib ki, bununla bağlı aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırsalar da, indiyədək müsbət nəticə əldə olunmayıb: "Əslində burada açıq danışmaq da lazımdır. Çünki məhkumlarla işləmək istəyən psixoloqların sayı olduqca azdır. Bu elə bir sənətdir ki, onu daha çox xanımlar seçirlər və onlar da həbsxanalarda işləməyə ehtiyat edirlər. Məsələn, Azərbaycanda Əfv haqqında Əsasnamənin tələblərinə görə, cəzasının yarısını çəkmiş, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirmiş və məhkumluğu dövründə həbsxana qaydalarına ciddi riayət etmiş məhkumların əfv olunması mümkündür. Təbii ki, bu siyahıya daxil edilən məhkumlarla bağlı hərtərəfli araşdırma aparılır. Amma etiraf edirəm ki, bu məsələdə onların psixoloji durumuna elə də ciddi fikir verilmir. Nəticədə isə azadlığa çıxan məhkumlar təkrar həbsxanaya qayıdırlar”.

Məhkumların psixoloji vəziyyəti ilə bağlı danışan psixoloq Dəyanət Rzayev da bildirib ki, məhbuslar azadlığa çıxdıqdan sonra onların sosial həyata uyğunlaşması üçün ilk ay çox vacibdir: "Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olurlar. Belə desək daha düzgün olardı ki, onların zindanda həyatları var. Özləri üçün imic formalaşdırıblar. Amma azad olunandan sonra isə çətinliklər başlayır. Ailələri çox vaxt onlardan imtina etmiş olur. Cəmiyyətdə qəbul olunmurlar. Məncə, məhkumlar üçün sığınacaqlar yaradılsa, yaxud da başqa təminatları olsa, onları cəmiyyətə qazandırmaq mümkün olacaq. Cəza çəkməkdən azad edilən şəxslərin azadlığa buraxılan zaman cəmiyyətə uyğunlaşması vacib amillərdən biridir. Əks halda, cəmiyyət özü həmin şəxsin yenidən cinayət törətməsinə bais olur. Unutmaq lazım deyil ki, cinayətkar olsalar belə, onlar da eyni ölkənin vətəndaşlarıdır. Dövlət onları törətdikləri cinayətlərə görə cəzalandırdığı kimi, azadlığa buraxılan zaman da onlara dayaq olmalıdır”.

Şəymən