"Əgər onu bu addımı atmağa əri və ya ailəsi məcbur edibsə, məsuliyyət onların üzərinə düşür"
Lənkəranda ana öz körpəsini bətnində öldürüb. Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib. Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.
Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib. Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, burada sadəcə ana yox, ailəsi və cəmiyyət də günahkar ola bilər: "Bətnindəki körpənin qız uşağı olduğunu əvvəlcədən bilirdi, qüsurlu olduğunu biləndə də ilk düşündüyü o qız böyüyəndə cəmiyyətin ona qarşı hansı münasibət göstərəcəyi olub. Düşünüb ki, bu qız böyüyəndə qüsurlu olduğu üçün daim yaşıdlarından seçiləcək, bəlkə də onu ələ salacaqlar, heç kim şikəst qızla evlənmək istəmədiyi üçün evdə qalacaq. Ana isə qüsurlu uşaq dünyaya gətirdiyi üçün ailəsi tərəfindən daim qınaq obyektinə çevriləcək. Əgər o qadın qüsurlu uşaqlarla bağlı olan Dövlət proqramlarından xəbərdar olsaydı, bəlkə də bu addımı atmazdı. Təbii ki, bütün bunlar o qadının əməlinə bəraət qazandırmır. İstənilən halda o ana hüquqi məsuliyyət daşıyır. İnzibati də olsa, cəza almalıdır.
Sadəcə olaraq obyektiv rəy üçün ciddi araşdırma aparılmalı, o xanımın yaşadığı mühit öyrənilməlidir. Bu addımı atması üçün ona psixoloji basqıların, təzyiqlərin olub-olmadığı öyrənilməlidir”.
M.Zeynalovanın sözlərinə görə, ananın yaşının az olması da problemin bir səbəbidir:
"Erkən ailə quran xanım kifayət qədər məlumatsız olduğundan ilk ağlına gələn uşağı bətnindəcə məhv etmək olub. Halbuki, biz illərdir valideynləri erkən nikahlardan çəkindirməyə çalışırıq ki, bu izdivacdan doğulacaq körpənin həyatı risk altındadı. Bədən hazır olmur, repreduktiv sağlamlıq olmadıqda uşağın qüsurlu doğulması ehtimalı artır. Bütün bunları öyrənmədən birmənalı olaraq ananı qınamaq doğru deyil. Əgər onu bu addımı atmağa əri və ya ailəsi məcbur edibsə, məsuliyyət onların üzərinə düşür”.
Şəymən