Vergidən yayınan klinikalar...

"Vətəndaşlara verilən kassa çekinin hamısı vergi orqanlarında qeydiyyata düşən kassa aparatından verilmir"




Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb.

Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri, ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun sözlərinə görə, əvvəlcə klinika rəhbərləri ilə görüşlər keçirilib və dövriyyənin şəffaflaşdırılması ilə bağlı müzakirələr aparılıb. Lakin aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb.
Baş direktor qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat olduğu təsdiqini tapıb”.

Maraqlıdır, əhaliyə bahalı xidmət göstərən özəl klinikalar vergidən niyə və necə yayınır?

Qeyd edək ki, vətəndaşlar özəl klinikalarda onlara təqdim edilən ödəmə qəbzlərində VÖEN hesabı qeyd olunmadığını iddia edir. Vətəndaşlara pulun ödənilməsi qarşılığında hesab faktura deyil, sadəcə, kompüterdə hazırlanan və heç bir hüquqi əsası olmayan kağız parçası verilir. Bu da klinikada vergidən yayınma hallarının olmasına əsaslı şübhələr yaradır.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, vergidən yayınan özəl müəssisələr bu qanunsuzluğa daha çox dövriyyəni gizlətməklə nail olurlar. Ödəniş edən vətəndaşlara verilən kassa çekinin hamısı vergi orqanlarında qeydiyyata düşən kassa aparatından verilmir: "Hər bir özəl müəssisənin daxili mədaxil qəbzi olur. Kompüter vasitəsilə çap olunan bu qəbzlərin rəsmi qeydiyyatı olmur. Bu problem tək özəl tibb müəssisələrində deyil. Özəl şirkətlərin hər birində bu problem var. Aylıq əməkhaqqı məbləğinin az göstərilməsi də həmçinin. Halbuki düzgün əmək münasibəti işçinin özündən də asılı olan məsələdir. Yəni bu işdə yalnız dövlət maraqlı olmamalıdır. Əmək müqaviləsindən ilk mənfəəti götürən elə müqavilə iştirakçısının özüdür. Gələcəkdə sosial nüfuzunu bərqərar etmək istəyəndə heç kimə heç nəyi sübut edə bilməyəcək. Bu istiqamətdə ciddi maariflənmə prosesi həyata keçirilməlidir. Hansı ki, mətbuatın üzərinə böyük iş düşür və insaf naminə deyək ki, Azərbaycanda ən böyük maarifləndirici işi yazılı media orqanları görür. Təəssüflər olsun ki, televiziyalar bu prosesdə iştirak etmir”.
İqtisadçının sözlərinə görə, ancaq şəffaf idarəetmə sisteminin qurulması ilə mövcud problemin həllinə nail olmaq mümkündür.
Şəymən