Vətəndaşlara xoş xəbər...

Vətəndaşlara xoş xəbər...
Şəxsiyyət vəsiqəsini istənilən ASAN Xidmətdən ala biləcəklər




Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun sözlərinə görə, tezliklə qeydiyyatdan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət Mərkəzində ala biləcəklər.

O, Mingəçevir regional ASAN Xidmət Mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən ASAN Xidmət Mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib: "Mingəçevir ASAN Xidmət Mərkəzinin açılışından sonra ərazi məhdudiyyəti aradan qaldırılacaq”.
Agentlik rəhbəri 2018-ci ildə açılışı baş tutacaq mərkəzlər haqqında da məlumat verib: "Növbəti ildə Şəki, Mingəçevir və İmişli regional ASAN Xidmət mərkəzlərinin açılışı nəzərdə tutulub və bir neçə digər mərkəzin təməli qoyulacaq”.

Qeyd edək ki, ölkəmizdə nəinki şəxsiyyət vəsiqələri, həmçinin başqa sənədlərin əldə olunması, dəyişdirilməsi və yenidən bərpası ilə bağlı bəzi problemlər yaranır. Rayonda qeydiyyatda olub paytaxtda yaşayan vətəndaşların həqiqətən də asan yolla şəxsiyyət vəsiqəsi və digər mühüm sənədləri əldə etmək imkanı ola bilərmi?

Artıq ölkəmizdə belə sistemin tətbiqinə başlanıldığını deyən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə bildirib ki, ölkəmizdə tək şəxiyyət vəsiqəsi yox, eyni zamanda digər sənədlərin mərkəzləşdirilmiş şəkildə, qeydiyyat yerindən asılı olmayaraq ASAN Xidmətin istənilən mərkəzində əldə olunması real haldır. Şura sədrinin sözlərinə görə, hətta bu gün elektron hökumət konsepsiyasında mühüm bir məqam da öz əksini tapır. 

Artıq elektron imza ilə müraciət etmək, həmin imza ilə hansısa sənədləri əldə etmək real və işlək vəziyyətdə olan bir prosesdir: "Sistemin bu formada işləməsi onu göstərir ki, şəxsiyyət vəsiqəsinin qeydiyyat yerindən asılı olmayaraq ASAN Xidmətdən alınması nəinki mümkündür, hətta yaxın zamanda biz bu sahənin daha təkmilləşmiş şəkildə qurulmasının şahidi olacağıq. Söhbət tək şəxsiyyət vəsiqələrindən getmir, eyni zamanda digər mühüm sənədlərin əldə edilməsi mümkün olacaq.
Əgər ASAN Xidmət səyyar şəkildə xidmət göstərirsə, insanlara zəruri sənədlərlə bağlı dəstək verirsə, bu onu göstərir ki, sistemin təkmil şəkildə qurulması ilə bağlı ciddi nailiyyətlər var.

 Bilirik ki, ASAN Xidmət vasitəsilə müəyyən dövlət qurumları ilə vətəndaşlar arasında əlaqə minimuma endirilib. İstər-istəməz bu xidmətin nə dərəcədə müsbət olması barədə müəyyən təsəvvürlər yaranır. Fikrimcə, bu əsas vermir ki, sakit durmaq lazımdır. Sistemin daha da effektiv qurulması, göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətdən yararlana biləcək vətəndaşların buna hazırlığı tələb olunur. Ona görə də sistemin xidmətlərinin keyfiyyətini artırmaq, miqyasını böyütmək lazımdır. Artıq hər hansı bir sənəd üçün harasa "qaçmağa” ehtiyac yoxdur. 

Vətəndaşlarla bağlı maarifləndirmə işinin aparılması, həmin sistemdən yararlanmaq imkanları və onlara sistemdən maksimum şəkildə düzgün istifadə etməklə bağlı informasiyanın verilməsinə ehtiyac var. Yəni bir tərəfdə sistem, digər tərəfdə o sistemdən yararlana biləcək insanlar. Əgər sistemdən yararlana biləcək insanlar olmayacaqsa və ya onların lazımlı səviyyədə razılığı əldə edilməyəcəksə, sistem normal işləməyəcək. Ona görə də bu, paralel şəkildə inkişaf etdirilməlidir. Amma istənilən halda tək şəxsiyyət vəsiqələrinin yox, digər sənədlərin əldə olunması üçün sistemin daha təkmil şəkildə qurulmasına ehtiyac var. Elektron hökumət portalında müəyyən funksiyalar var ki, bu gün onların daha da təkmilləşməsində zərurət hiss olunur. Düşünürəm ki, tək şəxsiyyət vəsiqələri yox, digər sənədlərin də mərkəzləşdirilmiş şəkildə, rahat və çox vaxt aparmadan təmin olunmasında ciddi addımlar atılıb”.

Yeganə Bayramova