Xəzərin statusu yubanır

“Bu istiqamətdə aparılan danışıqlar “pat vəziyyəti”ndədir”



Rusiya prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov Moskvada keçirdiyi brifinqdə 18 ildir həllini tapmayan Xəzərin hüquqi statusu ilə bağlı gileylənib. Status məsələsinin Rusiyanın xarici siyasətində prioritet olduğunu söyləyən İ.Bratçikov sentyabrın 29-da keçiriləcək Həştərxan sammitində müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bəyan edib:

"Məsələ təkcə Xəzəri bölməklə məhdudlaşmır. Burada kompleks problemlər mövcuddur. Hərbi aspektdən tutmuş digər bütün məsələlər öz həllini tapmalıdır. Əgər razılıq əldə olunarsa, Xəzərin hüquqi statusu haqda Konvensiya imzalanacaq”. İ.Bratçikov Xəzərin delimitasiyasına dair bir çox məsələlərdə razılıq əldə olunduğunu da vurğulayıb: "Rusiya artıq Azərbaycan və Qazaxıstanla sərhədini müəyyənləşdirib. Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran öz aralarında razılığa gəlməlidirlər”. Moskvanın Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinə olduğunu deyən Bratçikov İranın hər dövlətə 20 faiz təklifi ilə də razılaşmadığını söyləyib. Məlumat üçün bildirək ki, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək və bütün Xəzəryanı ölkələrin rəhbərləri bu görüşdə iştirak edəcək. Siyasi şərhçilər Azərbaycanın da qatılacağı bu sammitin bir sıra problemlərin həlli baxımından çox önəmli olduğunu deyirlər. Onların sözlərinə görə, Rusiya Xəzərdə qonşusu olduğu ölkələrlə razılaşaraq problemi həll etməkdə tələsir. Çünki problemin davam etməsi bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olur. Azərbaycan isə Xəzəri bir "göl” olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında "milli sektorlara” uyğun olaraq bölünməsini tələb edir. Amma bu məsələdə Azərbaycanla Türkmənistan arasında "orta xəttin çəkilməsi” mərhələsində ciddi problemlər ortaya çıxır. İran da Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verir. İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa Birliyi və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun üçün Rusiya ilə uyğunlaşmağa çalışır. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq kafedrasının müdiri, Xəzər problemləri üzrə ekspert Rüstəm Məmmədov deyir ki, dünyada, o cümlədən Yaxın Şərqdə gedən geosiyasi proseslər və Avropa maliyyə böhranı Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin həllini yubandırır. Professorun sözlərinə görə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı problemin həlli məsələsi hazırda böyük dövlətlərin diqqətindən kənarda qalıb: "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar hazırda "pat vəziyyəti”ndədir. Bu vəziyyətdən çıxmaq üçün Xəzəryanı ölkələr bir-birlərini nədəsə ittiham etməməlidir. Məsələn, Türkmənistanın bu məsələ ilə bağlı mövqeyini heç də müsbət qiymətləndirmək olmur. Çünki Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlarda, necə deyərlər, "nala-mıxa vurur” və tez-tez mövqeyini dəyişir. Bu isə ilk növbədə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan gələcək prosesləri düyünə salır”. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranın da mövqeyinə toxunan ekspert qeyd edib ki, bu məsələ ilə bağlı İran dövlətinin də yanaşması qeyri-müəyyəndir. İran tərəfi də Xəzər dənizindən gələcəkdə necə istifadə edəcəyini bilmir. Rusiya və Qazaxıstan təxminən eyni mövqeyə malikdir. Rusiya ümumiyyətlə, Xəzərdə kənar dövlətlərin olmasını istəmir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qarşıdan gələn sammitlə bağlı müəyyən optimist görüşlər səsləndirilməsinə baxmayaraq, bu məsələdə pessimist olduğunu bildirir: "Xəzərin hüquqi statusunu həll etməzdən qabaq ilk növbədə Xəzəryanı ölkələr arasında prinsipial fərqlər aradan qaldırılmalıdır. Bilirsiz, status məsələsi bir növ Dağlıq Qarabağ probleminin həllinə bənzəyir. Vasitəçilər deyir ki, 80-90 faiz məsələ həll olunub, çox az bir şey qalıb. Ancaq anlamırlar ki, elə əsas problem geridə qalan 10 faizdədir. Çünki həmin məsələlərdə ortaq məxrəcə gəlmək mümkün deyil. Eynilə Xəzərin statusu da belədir. Uzunmüddətli danışıqlarda müəyyən məsələlər razılaşdırılıb, hətta Azərbaycan Rusiya və Qazaxıstanla dəniz sərhədlərini müəyyənləşdirib. Ancaq buna baxmayaraq, status məsələsinin həlli uzanır”.
Sentyabrın 20-də cənub qaz dəhlizi ilə bağlı saziş imzalamaqla Azərbaycanın böyük bir layihəyə imza atdığını deyən politoloqun sözlərinə görə, Avropanın ən böyük istəyi Türkmənistan qazının da Azərbaycan üzərindən Avropaya daşınmasıdır. Amma bunun üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir: "Rusiya və İrandakı müəyyən qüvvələr Xəzərin statusunun müəyyənləşməməsini bəhanə gətirərək belə bir boru xəttinin çəkilməsini doğru hesab etmirlər və bu layihənin reallaşmasına təzyiq edirlər. Halbuki bu gün Rusiyanın özü Şimal dənizinin dibi ilə boru xətti çəkib. Moskvanın Qara dənizlə bağlı da belə bir layihəsi var. Əgər Xəzərin statusu müəyyənləşsə, anlaşma olsa, onda Azərbaycan və Türkmənistan asanlıqla razılaşıb Xəzərin dibi ilə boru xətti çəkə bilərlər”.
İsmayıl