"XXI əsrdə liftin qırılıb, şaxtaya düşməsi o deməkdir ki..." - Biyabırçılıq

Sahib Məmmədov: "Cavabdeh şəxslər bu işlə məsuliyyətsiz məşğul olublar"


"Bakıda ciddi nəzarət qoyulmadığı müddətdə binaların lift problemi davam edəcək”.

Bunu Sherg.az-a paytaxtda binaların lift problemi ilə bağlı danışarkən "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, bir neçə il əvvəl ölkə prezidenti binaların köhnə lift sisteminin dəyişdirilməsi ilə bağlı təxminən 10 milyon manat vəsait ayırıb:

"Həmin vaxt mənim yaşadığım, Nəriman Nərimanov küçəsindəki binanın lifti də dəyişdirildi. Amma indi liftimizin dəyişdirilməsinə görə, peşman olmuşuq. Çünki yeni lift keyfiyyətsiz, daha çox təhlükə saçan liftdir.

Bütün dünyada lift hələ kəşf olunanda onun paraşüt sistemi də kəşf olunmuşdu. İndi isə XXI əsrdə liftin qırılıb, şaxtaya düşməsi o deməkdir ki, cavabdeh şəxslər bu işlə məsuliyyətsiz məşğul olublar. Bu məsələdə Bakı Lift İdarəsini qınayırlar, amma bu idarənin nəzarətində olmayan çoxsaylı mənzillər var. Liftlər düzgün quraşdırılmır. Lift sisteminin çox sadə 4 elementi var. Onun "qanadlarına” xüsusi dişli "rekalar" vurulur və kəsilən kimi lift asılıb, qalır. Elə olur ki, həmin sistemi qurmurlar, ya da çox keyfiyyətsiz quraşdırırlar. 

Liftin şaxtaya düşməsi ilə bağlı ciddi tədbirlər görülməlidir. Təəssüf ki, bununla əlaqədar aidiyyatı qurum olan Fövqəladə Hallar Nazirliyi heç bir tədbir görmür. Tikinti şirkətləri də liftlərlə bağlı ciddi şəkildə quraşdırmanı həyata keçirmir. Nəzarət mexanizmi yoxdur. Bəzən onlarla, yüzlərlə bina istismara qəbul olunmadan istifadə olunur. Köhnə binalarda vəziyyət çox çətindir. Mən yaşadığım binada ən azı həftədə bir dəfə kimsə liftdə qalır. Həmin lifti dəyişdirdikdə köhnə liftin kanatları dəyişdirilmədi. O qurğuların isə 15-20 il əvvəl istifadə müddəti bitib”.

Qeyd edək ki, ötən gün "20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən çoxrmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib. Məlumata əsasən, bəylə yanaşı liftdə olan iki nəfər də ölüb.

Ayyət Əhməd