"Ötən illərlə müqayisədə Azərbaycanda taksi xidmətlərinin əlçatanlığı kifayət qədər artıb"
Son illər ölkəmizdə taksi xidmətlərinin keyfiyyəti, bu xidmətlərə əlçatımlıq üçün yeni texnologiyaların və innovasiyaların tətbiqi günü-gündən genişlənməkdədir. Taksi xidmətləri azsaylı sektorlardandır ki, burada rəqabət var. Nəticədə son illər taksi xidmətlərinin keyfiyyəti və qiymətləri insanları qane edir. Bununla belə taksi xidmətlərinin keyfiyyəti ilə bağlı da müəyyən narazılıqlar var.
Bu şirkətlər bir-biri ilə rəqabətə girərək gah qiymətləri aşağı endirirlər, gah cürbəcür bonus kampaniyaları təşkil edirlər, yaxud istehlakçılara digər bu kimi vədlər verirlər. Lakin göstərilən xidmətin keyfiyyəti çox aşağı səviyyədə qalır. Bəzən sifariş verirsən, operator bildirir ki, sifarişiniz qeydə alındı və taksi 5-10 dəqiqəyə həmin ünvana çatır. Üstündən 10-15 dəqiqə ötür və həmin taksidən çatıb-çatmamağı ilə bağlı məlumat alırsan. Məlumat gəlir ki, bu taksi hazırda həmin ünvana çata bilmir, bəlkə sifarişi dəyişək və ya bu kimi digər uzatmalar. Belə hallarla tez-tez rastlaşan vətəndaşlar isə haqlı olaraq narazılıq edir.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, ötən illərlə müqayisədə Azərbaycanda taksi xidmətlərinin əlçatanlığı kifayət qədər artıb:
"Əvvəllər bu sahədə ciddi narazılıqlar olurdu. Bu gün isə insanlar taksi xidmətləri ilə bağlı xeyli dərəcədə məlumatlıdırlar. Hər bir vətəndaş evində oturduğu yerdən sifariş verib, taksi xidmətindən yararlana bilir. Müəyyənləşmiş nömrəni yığırıq və taksi gəlib olduğun yerdən səni mənzil başına qədər aparır”.
Ekspertin sözlərinə görə, istisna hallarda operator məsafəni düzgün qeyd etmədiyi üçün qiymət məsələsində müəyyən narazılıqlar yaşanır. Bu cür problemlə qarşılaşan müştərilər "qaynar xətt” vasitəsilə sözügedən taksi şirkətinin səhvini düzəltməsini tələb edə bilər.
İ.Hüseynli deyib ki, operatorlar məsafəyə uyğun vaxt təyin etsə də, qeydə alınan ərazidəki tıxaclarla bağlı məlumatlı olmurlar. Bu zaman da şirkətdə taksi çatışmazlığı yaşanır deyə, müştərilər gözləməli olur. Belə problemlər xüsusən də günün pik saatlarında olur: "Amma taksi xidməti sahəsində Azərbaycanda rəqabət mühiti var. Vətəndaşlar müəyyən olunan istənilən nömrəni yığmaqla digər şirkətin xidmətindən yararlana bilər. Yəni vaxtında təyin olunan ünvana yetişmir deyə, sürücüləri ittiham etmək düzgün deyil. Hansı sürücü istəməz ki, deyilən ünvana vaxtında çatıb, gəlir imkanlarını genişləndirsin. Yol infrastrukturunda mövcud olan problemlər istər-istəməz bu sahənin də xidmət keyfiyyətinə təsir edir”.
Ekspert deyib ki, məsafəyə uyğun olaraq Tarif Şurası tərəfindən bütün taksi şirkətləri üçün vahid qiymət siyasəti yeridilsə, bu, rəqabət mühitinə mənfi təsir edəcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə hallar istehlakçının hüquqlarının pozulmasıdır: "Əgər şirkət təyin olunan saata avtomobil göndərə bilmirsə, bu, taksi xidmətinin keyfiyyətinin aşağı olması deməkdir. Belə olan təqdirdə istehlakçı hər hansı bir zərərlə üzləşərsə, yaxud problem yaşanarsa, bu barədə qarşı tərəfdən kompensasiya almaq hüququna malikdir. Məhkəmədə iddia qaldırarsa, məhkəmə rüsumundan azaddır.
Belə halların qarşısını almaq üçün 498-11-04 telefon nömrəsi ilə əlaqə saxlayıb İqtisadiyyat Nazirliyinə məlumat verə bilər ki, bununla da qarşı tərəfin cəzalandırılmağı üçün dövlət orqanını cəlb etmiş olar. Və yaxud Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsə, istehlakçının hüquqları təmənnasız olaraq qorunar”.
Şəymən