“Yəqin Rafiq Əliyev “satanist” deyəndə Elxan QaraQanı nəzərdə tutur”

Rəşad Məcid: “Bədii əsərdəki hansısa obrazı yazıçıya aid etmək düzgün deyil”



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev Azərbaycan Yazıçılar Birliyini satanistlərin kitablarına mükafat verməkdə qınayıb. Modern.az-a müsahibəsində R.Əliyev son illər satanistlərin sayının artdığını, onlara AYB üzvləri arasında rast gəlindiyini, hətta bu mövzuda yazılmış əsərlərə birlik tərəfindən keçirilən kitab müsabiqələrində mükafat, medal verildiyini deyib:

- ...Müşahidələrimə görə, 2007-2014-cü illər arasında satanistlərin sayı çoxalıb. Mən onların kitablarını, loqolarını da görürəm. Hətta onların yazdıqları əsərlər kitab müsabiqələrində mükafata da layiq görülür. Yazıçılar Birliyinin keçirdiyi kitab müsabiqəsində medal alan kitablar siyahısında satanizm ideyasını təbliğ edən əsərlər var. Yazıçılar Birliyinin üzvləri həmin kitablara rəy verirlər. Yazıçılar Birliyinin üzvləri müsabiqə üçün yazılan kitablarda ola bilsin ki, satanizm ideyalarını görmürlər. Çünki yazılan mətnlərin içərisində satanizm ideyaları çox gizli şəkildə qoyulur. Satanistlər deyilən qrupların əksəriyyətini cavanlar təşkil edir. Onlar təxminən 18-30 yaş arasındadır. Onlar özlərini sərbəst aparır və cəmiyyətdə müəyyən yer tuturlar. Satanistlər açıq şəkildə divarlarda öz şüarlarını yazırlar və ideyalarını təbliğ edirlər, öz kitablarını nəşr etdirib ölkədə yayırlar.

Sabiq sədr konkret ad çəkməyib, sadəcə, satanizm ədəbiyyatı nümunələrinə qiymət vermək imkanının olduğunu deyib:

- Ad çəkmək istəmirəm. Çünki onlar çox narahat olarlar. Deyə bilərəm ki, onların çoxu təxminən 30 yaşına qədər olan gənc yazarlardır. Müsabiqədən keçən kitabları oxuyuram, müsabiqə üçün verilən kitabların hansı mövzuda və istiqamətdə olduğunu bilirəm. Yazıçılar Birliyinə üzv olmaq kimi bir fikrim yoxdur. Mənim publisistik fəaliyyətim də var və buna görə də Yazıçılar Birliyinin keçirdiyi müsabiqədən keçən kitabları oxuyuram. ...Mənim satanizm ədəbiyyatı nümunələrinə qiymət vermək imkanım var.

R.Əliyevin ittihamlarına AYB-nin Gənclər üzrə katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin münasibətini öyrəndik. R.Məcid "Şərq”ə açıqlamasında R.Əliyevin "satanist” deyəndə çox güman ki, Elxan Qaranı nəzərdə tutduğunu dedi:

- Rafiq Əliyev QaraQanın "A” romanı ilə bağlı məqalə yazmışdı və mən o məqaləni "525-ci qəzet”də dərc etmişəm. Fikir müxtəlifliyinə açıq olmaq baxımından. Həm də QaraQanın "A” romanı AYB-nin yox, Milli Kitab Müsabiqəsinin qalibi olub. Həmin romanda Elxan dini təriqətlərdən yazıb. Orada demək olar ki, bütün dini təriqətlər haqqında danışılır. Onda belə çıxır ki, Elxan bütün diri təriqətlərə sitayiş edir?! Elxan o romanı yazmaq üçün dini təriqətləri öyrənib, aylarla o dini təriqət üzvlərinin arasında olub. Nəticədə çox gözəl bir roman ərsəyə gətirib. Bu, bədii əsərdir. Bədii əsərdəki hansısa obrazı yazıçıya aid etmək düzgün deyil. O romanda gənc qəhrəmanlardı, satanistlərə qoşulanlar var və s. Amma bu o demək deyil ki, müəllif də satanistdi. Hansısa obrazın diliylə verilən düşüncələri müəllifə aid etmək olmaz. Hər yazıçının özünün fantaziyası var. Yəqin, Rafiq müəllim məsələlərə elmi kontekstdən yanaşır. Amma elmi əsərə baxışla bədii əsərə baxış eyniləşdirilməməlidir. Bunlar fərqli məsələlərdir. QaraQanın "A”dan sonrakı romanlarında bu mövzu daha da dərinləşir. Məsləhət görərdim ki, R.Əliyev Elxanın "Birinci addım”, "İkinci addım” əsərlərini də oxusun. Elxan QaraQan çox məlumatlı gəncdir və dini təriqətləri də çox yaxşı təsvir edir.

R.Məcid E.QaraQanın romanına ön sözün müəllifi olduğunu da bildirdi:

- Bəli, həmin romana "Ön söz”ü mən yazmışam. Hesab edirəm ki, çox gözəl əsərdir. Elxan AYB-nin üzvüdür, "Prezident təqaüdü” də alıb. Ən istedadlı və bu saat ən çox oxunan yazardır.
"Satanist” əsərlər arasında gənc yazar Cavidan Mirzəzadənin "Namə” romanının da adı çəkilir. Romanda satanistlərdən bəhs edilir. Qeyd edək ki, bu əsər I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi olub.

R.Məcid "Namə” romanını oxumadığını bildirdi:

- Mən o romanla tanış deyiləm. Həmin müsabiqə də AYB-yə məxsus deyil. Hansısa qurum, təşkilat tərəfindən özəl şəkildə təşkil olunmuş müsabiqədir.

Məlahət Rzayeva