Yol “müharibəsi” sayımızı azaldır

Cəzalar da sərtləşdirildi, avtomobil qəzaları isə yenə tüğyan edir




Ölkədə ölümə doğru yol gedənlərin, yaxud da yolun qurbanı olanların sayı pik həddə çatıb. "Azərbaycanda yol qəzası can aldı. Ölkədə ölümlə nəticələnən avtomobil qəzası baş verib” kimi sərlövhəli məqalələr ən çox oxuduğumuz, televiziyalarda isə ən çox izlədiyimiz süjetin ana ifadəsidir.
Ötən gecə Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ” markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.


Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ” markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Onu da deyək ki, bu cür çoxsaylı insan itkisi ilə nəticələnən avtoqəzaların sayı gündən-günə artır. Bir sözlə, yollar, avtomobillər hər gün ölkədə neçə insanın həyatına son qoyur. Qəzada ölən və yaralananların əksəriyyəti də gənclər olur. Qeyd edək ki, ölkədə baş verən yol qəzalarına, daha doğrusu, bu qəzaların gündən-günə artmasının səbəblərinə mütəxəssislərin münasibəti fərqlidir. Problemin artma səbəbinə rəsmilərin öz baxışı var. İctimaiyyət üzvləri, siyasətçilər isə tam fərqli yanaşma ortaya qoyur. Yəni ənənəvi olaraq bu sahədə qayda yaratmağa cavabdeh olanlar daha çox özlərini təmizə çıxarmağa, bütün günahı sürücülərin boynuna atmağa çalışırlar. Ya sürücü sərxoş olub, ya da sürət həddini aşıb. Bəs niyə, qəzaların qarşısını almağa yönələn tədbirlər görülmür, bu sahədə heç bir maarifçilik işi aparılmır. Bəs, yollarda qəzalar gündən-günə artaraq neçə-neçə həyata son qoyacaqsa, "avtoş”lar və sərxoşlar yollarda meydan sulayacaqsa, onda qayda-qanun nə üçündür?
Yeri gəlmişkən vurğulayaq ki, yol hərəkəti qaydalarında yenidən dəyişikliklər olacaq. "Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin "sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” adlı III hissəsində "seçməlidir ki, sözündən sonra "eyni zolaqda özündən” sözləri əlavə edilir. Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub. Lakin ekspertlər bu dəyişikliyin də digərləri kimi heç bir effekt verməyəcəyi qənaətindədir. Ta ki, sürücülərin yollarda hərəkətini tənzimləyəcək kompleks tədbirlər keçirilənə qədər.

Yol qəzalarının sayını azaltmaq üçün yollar standartlara uyğunlaşdırılmalıdır

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, yol qəzalarının yeganə günahkarı heç də sürücülər deyil. S.Cəlaloğlunun sözlərinə görə, son günlər ölkədə müharibə ab-havası yaranıb. O deyib ki, xarici maşınlardakı müdafiə yastıqları da olmasa ölənlərin sayı daha çox olar. ADP sədrinin sözlərinə görə, qəzaların artmasına səbəb ölkə yollarının standartlara cavab verməməsidir: "Hər il yol çəkmək üçün büdcədən milyardlarla pul ayrılır. Bununla belə yenə də ölkədə avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolların əksəriyyəti istifadəyə yararsızdır. Xüsusən də rayonlara gedən yollarda nəqliyyatın sıx olduğu ərazilərdə yollar bərbad gündədir. S.Cəlaloğlu bildirib ki, yol qəzalarının əksəriyyəti istirahət zonaları istiqamətində baş verir. Sürücülərin əksəriyyəti istirahətdən sərxoş qayıdır və yol hərəkəti qaydalarına əməl etmədən hərəkət edir. Və sonda qəza törədir.
ADP sədri son aylarda Azərbaycanda baş verən yol qəzaları və itkilər fonunda bildirib ki, sanki ölkədə elan olunmamış müharibə, daxili müharibə gedir: "İnandırım sizi, Qarabağda aktiv müharibə elan olunsa, bu qədər şəhid vermərik. Onun sözlərinə görə, yol qəzalarının qarşısını cəzalarla almaq mümkün deyil. Rəsmilər deyirdilər ki, cərimələrin artırılması, qaydaların sərtləşdirilməsi yol qəzalarının sayını azaldacaq. Göründüyü kimi, ortada bir nəticə yoxdur. Yol qəzalarının sayını azaltmaq üçün yollar standartlara uyğunlaşdırılmalıdır. Bakı-Quba yoluna 50 yerdən "yamaq” vurublar. Təbii ki, bir az da yüksək sürət olan kimi avtomobil həmin yolda hərəkət istiqamətini itirir. Yollarda təhlükəsizliklə bağlı mühüm tədbirlər görülməlidir. Yəni dövlət avtoqəzalar zamanı ölüm faktlarının qarşısını almaq üçün kompleks tədbirlər proqramı həyata keçirməlidir. Çünki bu məsələnin həlli artıq "QAİ”-lik deyil. Deyirlər, qəzaların artmasına əsas səbəb sürücülərin sürət həddini aşmasıdır. Düzdür, sürət özü də bir riskdir. Ölümlə sürət arasında birbaşa əlaqə var. Amma yollara nəzarət də qənaətbəxş deyil. Yüksək məbləğdə cərimə tətbiq etməklə problemin qarşısını almaq olmaz. Cərimələr sadəcə insanların sosial-iqtisadi vəziyyətinə təsir edir. Yəni yüksək miqdarda cərimə vermək əvəzinə, sürücülər yol polislərinə az miqdarda rüşvət verməklə cəzadan azad olunurlar. Dövlət əgər yol qəzalarının qarşısını almaq istəyirsə, ilk növbədə sürücülərin mənəvi- psixoloji hazırlığı ilə məşğul olmalıdır. Mütəmadi olaraq onlar arasında maarifləndirmə işi aparılmalıdır”.
S.Cəlaloğlu deyib ki, qəzaların bir səbəbi də böyük ölçülü maşınların hərəkət zolağında dayanmasıdır: "Azərbaycanda bir dənə də olsun sərnişin avtobusunun xüsusi dayanacağı yoxdur. Avropada rayonlararası avtobusların dayanacağı yoldan kənar xüsusi yerdədir. Eynilə şəhərdə də belədir. Avtobuslar elə yerdə dayanır ki, digər avtomobillərin hərəkət xəttinə heç bir problem yaratmır. Amma bizdə bütün avtobusların dayanacağı hərəkət zolağının üstündədir. Yolda dayanmış maşınlar da qəzalar üçün böyük mənbədir. Bizdə nadir hallarda küçələrdə maşınların dayanması üçün xüsusi yerlər var. Halbuki həmin sahələr hər küçədə olmalıdır ki, dayanan maşın hərəkət xəttində problem yaratmasın. Yol tikintisi zamanı korrupsiyaya yol verildiyi üçün yolun standartlara uyğun olub-olmadığına heç fikir də vermirlər. Hamısının fikri pulun yanında qalır ki, hansı tərəfdən yesək nəzərə çarpmaz”.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, yol qəzasında ölənlərin sayının ən azı hər gün artması narahatlıq doğurur: "Dövlət Yol Polisi əməkdaşları hər zaman öz vətəndaşlarını qoruyur. Sadəcə polisdən, yoldan, maşından hər şey asılı deyil. Bizim özümüzdən də çox şey asılıdır. Daha diqqətli və məsuliyyətli olmalıyıq. Bundan başqa qəzaların bir səbəbi də sürücü mədəniyyətinin hələ tam formalaşmamasıdır. Bu məsələ ilə bağlı da tədbirlər aparılmalıdır. "Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklərdən sonra bu sahədə müəyyən müsbət dəyişikliklər baş versə də, yetərli deyil. Bu məsələdə ilk növbədə maarifləndirməyə və yol qəzalarının sayının qarşısının alınması üçün profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır”.

Axı piyadadan da çox şey asılıdır

Mövzu ilə bağlı "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib: "Bəzən düşünürük ki, ağır yol qəzaları yalnız Azərbaycanda baş verir, ən kobud, ən intizamsız sürücülər bizdədir. Yox, elə deyil. Dünyanın hər yerində ağır yol qəzaları baş verir və burada da intizamsız, qaydalara əməl etməyən sürücülərin rolu çoxdur. Fərq ondadır ki, inkişaf etmiş ölkələrdə ağır yol qəzaları baş verdikdə, bunun başlıca səbəbi öyrənilir və aradan qaldırılır. Bu cür qəzaların qarşısını almaq üçün biri-birindən təsirli sosial çarxlar hazırlanıb televiziyalarda, digər kütləvi informasiya vasitələrində yayılır. Çünki yol qəzalarının baş verməsinin qarşısını almaq üçün nə qədər nizam-intizam yaradılsa da, təbliğat daha böyük təsirə malikdir və müsbət rol oynayır. Təəssüflər olsun ki, Azərbaycanda yol hərəkəti qaydalarının daha çox pozulduğu, qəzaların və qəzalarda ölənlərin, şikəst qalanların sayının artdığı, eləcə də qəzaların ağırlıq dərəcəsinin ortaya çıxdığı bir dövrdə təbliğat aşağı səviyyədədir. Avtosfer.az saytının başlıca missiyası yol hərəkəti sahəsində insanların maarifləndirilməsi, hüquq və vəzifələrini öyrənməsi və bununla da yol qəzalarının sayının azalmasına təkan verməkdir. Ani diqqətsizlik, sükan arxasında telefondan istifadə, təhlükəsizlik kəmərindən istifadə etməmək, qayda pozmaqla ətrafdakılara özünü göstərmək kimi əməllər elə bizdə də var. Bəlkə də sadaladığımız bu əməllər bizdə özünü daha artıq göstərir. Bu isə yol hərəkətində heç də uğurlu iş deyil”.
E.Muradlı təəssüflə bildirib ki, sərxoş halda avtomobili idarə edən sürücülərə daha çox rast gəlirik: "Xüsusi olaraq bölgələrdən meyvə-tərəvəz daşıyan sürücülər sutkanın yarıdan çoxunu sükan arxasında olur. Halbuki qanunla sutkada 8 saatdan çox sükan arxasında qalmaq olmaz. Pul qazanmaq üçün istirahət etmədən bəzən 24 saat dayanmadan paytaxtla rayon arasında maşın sürürlər. Bunun da axırı ağır nəticələnir. Xüsusilə gecə saatlarında yük maşınlarının iştirakı ilə baş verən qəzalar durmadan artır”.
E.Muradlının sözlərinə görə, ölümlə nəticələnən qəzaların bir səbəbi də piyadaların yol-hərəkət qaydalarını pozmasıdır: "Sutkanın qaranlıq vaxtlarında, qara rəngdə paltar geyinmiş bir şəxs yolun ortası ilə heç bir təhlükə hiss etmədən gəzir. Əgər onu maşın vursa, bütün məsuliyyəti sürücünün üstünə atacaqlar. Axı piyadadan da çox şey asılıdır. Onlar bilməlidirlər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmaq olmaz. Ərazidə piyada keçidi varsa, mütləq ordan keçmək lazımdır”.
E.Muradlı bildirib ki, qəzaların baş verməsinin digər səbəbi küçə və prospektlərin yetərincə işıqlandırılmamasıdır: "Bu yaxınlarda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev özünün idarə etdiyi maşınla 3 piyadanı vurdu. Həmin hadisənin səbəbi isə yolun qaranlıq olması idi. Baxırsan işıq dirəyi var, amma lampa yanmır. Eyni zamanda sürücülərin çoxu "ksenon” tipli lampalardan istifadə edirlər. Bu da qarşıdakı sürücünün gözlərini qamaşdırır”.
Şəymən