Nazir saxta yolla sosial müavinət almaq istəyənlərə xəbərdarlıq etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib. 

Oxu.Az-ın məlumatına görə, bunu Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır:

“Qarşıdakı dövrdə də Fondun gəlirlərində mütəmadi artımın və həmçinin, idarəetmə xərclərinin optimallaşdırılmasının təmin edilməsi bu müsbət dinamikanın davam etməsinə imkan verəcək”.

Nazir bildirib ki, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır:

“Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq.

Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

Kənan