“Əhalinin sağlamlığı dövlət siyasətinin əsasını təşkil edir” – Baş redaktor 

“İnsan amili öndə saxlanıldıqca  vətəndaş dövlətinə daha çox güvənir. Bu inam öz növbəsində dövlətlə vətəndaş arasında  sarsılmaz bağlılıq yaradır”



“Günümüzün əsas müzakirə mövzusu olan  koronavirus təhlükəsi ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyətini, dövlətimizin bu sahənin inkişafına xidmət edən addımlarını bir daha göstərdi”.
Bu barədə "Sherg.az"a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə   bildirib.
Baş yazar vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsiz, sağlam şəraitdə  yaşayışının təminatı dövlət siyasətinin əsasını təşkil edir:

“Səhiyyə sistemində  aparılan təkmil,  ardıcıl islahatlar bu sahənin yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır.  Beynəlxalq standartlara cavab verən  müasir xəstəxana və tibb ocaqları vətəndaşların sağlamlığının qorunmasını, onların müayinə-müalicə işini yüksək səviyyədə həyata keçirmələrini şərtləndirir. Göstərilən diqqət və qayğı, həmçinin  həkim heyətinin daha səylə çalışmalarına, vətəndaş məmnunluğunun artırılmasına  öz töhfələrini verməyə stimul yaradır” .



Baş redaktor bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar,  bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olması  böyük rəğbətlə qarşılanır:

“Sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca  vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə  töhfəsini vermək üçün məsuliyyət hissini daha da artırır. Bu inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik,  sarsılmaz bağlılıq yaradır. Koronavirusun mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Beləliklə ölkəmizin pandemiyaya qarşı gördüyü tədbirlər vətəndaşlarımız tərəfindən də yüksək dəyərləndirilir”.