“Azərbaycan milli təhlükəsizliyini öz resursları hesabına təmin etdi”

“Bununla da ölkəmiz siyasi, iqtisadi və sosial gücünü bir daha nümayiş etdirmiş oldu”


“Koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən kompleks tədbirlər Azərbaycan dövlətinin sosial mahiyyətini təsdiq etdi”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır: 

“Azərbaycan öz unikallığı və orijinal yanaşması ilə diqqəti cəlb edir. Ölkəmizdə həyata keçirilən tədbirlər sistemli və kompleks xarakter daşıyır. Bir tərəfdən vətəndaşların sağlamlığının qorunması, digər tərəfdən isə insanların sosial rifahının təmin olunması kimi iki prioritet istiqamət müəyyənləşib. Bu iki istiqamət üzrə tədbirlərin uğurla icra olunması Azərbaycanın koronavirus pandemiyasından minimal zərərlərlə çıxmasını şərtləndirən ən vacib amillərdir. Dünyanın əksər dövlətləri ölkəmizdə həyata keçirilən tədbirləri təqdir edirlər. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda görülən tədbirləri yüksək dəyərləndirir. Azərbaycan dünyada indiyə kimi müraciət olunmamış təcrübələrdən ilk dəfə faydalandı. Məsələn, ölkəmizdə ahıl insanlara dövlət tərəfindən sosial xidmətlər göstərilməsi prosesinə başlanıldı. Prezident İlham Əliyevin sərəncamı ilə sosial xidmətlərin göstərilməsində iştirak edən insanların maaşları artırıldı. Bu da onu göstərir ki, Azərbaycan bu məsələlərə xüsusi həssaslıqla yanaşır”. 

C.Əhmədlinin sözlərinə görə, ölkəmizdə yeni bir təcrübə də sınaqdan keçirildi: 

“Yaşı 65-dən yuxarı olan məhkumların qrupu əfv fərmanı ilə azadlığa buraxıldı. Bu da heç bir xarici ölkədə tətbiq olunmamışdı. Azərbaycan öz iqtisadi imkanlarını nümayiş etdirdi. Cəmi 8 gün ərzində ölkəmizdə tibbi maska istehsal edən müəssisə fəaliyyətə başladı. Bu, dünyada analoqu olmayan bir hadisə idi. Çünki qısa müddət ərzində xaricdən avadanlıqların gətirilməsi, infrastrukturun qurulması və dərhal istehsala başlanılması çox mürəkkəb proses idi. Bir daha təsdiq olundu ki, Azərbaycan dövləti istənilən forsmajor situasiyada istehsal imkanlarını işə salmaq iqtidarındadır. Kiçik dövlət olmağımıza baxmayaraq, 3 milyard manatdan çox vəsaiti məhz koronavirusla mübarizə çərçivəsində sosial tədbirlərə sərf etdik”.

Analitikə görə, sahibkarlara güzəştlərin müəyyən olunması, kompensasiyaların verilməsi mahiyyət etibarı ilə sosial xarakterlidir: 

“Çünki sahibkarlara maliyyə vəsaitlərinin ayrılması o məqsədə xidmət edirdi ki, ayrı-ayrı müəssisələrdə çalışan işçilər öz işlərini itirməsinlər və onların aylıq qazancları dövlətin hesabına təmin edilsin. Azərbaycan atdığı addımlarla bir daha öz siyasi, iqtisadi və sosial gücünü nümayiş etdirmiş oldu. Dünyada 200-ə yaxın ölkə beynəlxalq valyuta fonduna borc üçün müraciət etdi. Amma Azərbaycan heç bir xarici təşkilata müraciət etmədən milli təhlükəsizliyini öz resursları hesabına təmin etmiş oldu”.