“Prezidentin sosial-iqtisadi siyasətinin özəyi xalqdır” - Millət vəkili 

“Hər bir Azərbaycan vətəndaşının yanında dövlət və cənab Prezident var”


“Ünsiyyətdə olduğum, danışdığım bütün adamlar, o cümlədən seçicilərim Prezidentin addımlarını dəstəkləyirlər”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.  

Deputat vurğulayıb ki, hər kəs cənab dövlət başçısı İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirirlər: 

“Demək olar ki, bu pandemiyadan xilas olmaq üzrəyik. Əgər dövlət tərədindən vaxtında bu cür addımlar atılmasaydı, bəlkə də indi Azərbaycanda virusa yoxulmuş insanların sayı onlarla yox, on minlərlə olardı. Dövlət tərəfindən görülən işlər tarixi təcrübəyə söykənir. 100 il bundan öncə ispan qripi xəstəliyi zamanı eyni proseslər yaşanıb. İspan qripi 1918-ci ildə başlayıb və təqribən 3-4 il bəşəriyyəti diz üstə qoyub, milyonlarla insan həyatını itirib. Xəstəlik zamanı atılan ən ciddi addım karantin rejiminin tətbiq edilməsidir. Belə vaxtlarda şirkətlər, ictimai obyektlər bağlanılır və həyat durur. Hər ölkə iki məsələ qarşısında seçim etməli olur. Ya insanların həyatını, ya da iqtisadiyyatı xilas etmək məcburiyyətində qalır. Azərbaycan dövləti həmişə öz vətəndaşlarının sağlamlığını seçib. Bizdə insanların həyatı digər məsələləri üstələyir. Yüz il öncə hansı ölkələr vaxtında karantin rejimini tətbiq etdisə, ciddi və radikal şəkildə bunu həyata keçirdisə, öz iqtisadiyyatlarına yardım göstərdisə, həmin dövlətlərin postböhran inkişafı daha sıçrayışlı oldu”. 

Parlament üzvünün sözlərinə görə, üstündən 100 il ötsə də, proses bugün də təkrarlanır: 

“Hesab edirəm ki, Azərbaycanda istənilən addım situasiyaya uyğun olara atılır. İlk növbədə insanların həyatı, ikinci növbədə isə iqtisadiyyat dayanır. Bu şəkildə düzgün siyasət yürütməyin özü böyük məharətdir. Bunun üçün bilik, savad, bacarıq lazımdır. Cənab Prezidentin sosial-iqtisadi siyasətinin özəyi, döyünən ürəyi xalqdır, vətəndaşdır. Bizdə iqtisadiyyat insan üçündür, insan iqtisadiyyat üçün deyil. Ancaq ölkə iqtisadiyyatını da ən az itkilərlə bu böhrandan çıxartmaq lazımdır. Az itkilərlə çıxan iqtisadiyyat tezliklə inkişafa nail olacaq. Pandemiya bir neçə aya tamamilə qurtaracaq. İnanıram ki, Azərbaycanda pandemiya daha tez ortadan qalxacaq. Hətta həmişə deyirəm ki, ümumiyyətlə bizdə pandemiya yoxdur, çünki qarşısını vaxtında alıblar. Dövlətin vaxtında atdığı praqmatik addımlarla bu təhlükənin önü kəsildi”. 

R.Quliyev bildirib ki, istəyimiz odur ki, iqtisadiyyatımız biraz “nəfəs” alsın: 

“Əlbəttə, belə vəziyyətdə inkişafdan söhbət gedə bilməz. Əksər ölkədə müəyyən qrup iqtisadi subyektlər istisna olmaqla ümumi iqtisadiyyat inkişaf etmir. Hazırda iqtisadiyyat süni komadadır. Bizdə məcburiyyət qarşısında bəzi addımlar atdıq ki, ilk növbədə insanların təhlükəsizliyi təmin olunsun. İndi sosial təminatlar yüksək səviyyədə həyata keçirilir. 190 manatlıq 2 aylıq müavinətin 200 min yox, 600 min adama verilməsi çox mühüm addımdır. Məqsəd odur ki, insanlar bu maddi çətinliklərlə üzləşdikləri dövrü bir balaca rahat keçirsinlər. Dövlət başçısı da vurğuladı ki, sosial layihələrin heç biri dayandırılmayacaq. Hətta sosial layihələr daha prioritet olacaq. Hazırda sahibkarlara da böyük imkanlar yaradılır, güzəştlər edilir, yardım edilir. Dövlət bir tərəfdən sosial təminatı həyata keçirir, digər tərəfdən şirkətlərin işçilərinə kömək edir, başqa yandan isə şirkətlərə vergi və gömrük güzəştləri verir. Bunlar çox önəmli addımlardır. Ona görə də həmişə deyirəm ki, hər bir vətəndaşın yanında dövlət və cənab Prezident var”.