Sosial şəbəkələrdəki əsassız iddialar: Hər şey nəzarətdədi 

Koronavirusla mübarizə, karantin rejimi və onun doğurduğu sosial-iqtisadi problemlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olur. Bir çoxları Operativ Qərargahın çıxardığı qərarları əsassız tənqid etməklə ictimai fikri çaşdırmaqla məşğuldur. Bəziləri isə bir qədər də irəli gedərək Operativ Qərargahın, həmçinin TƏBİB-in işin öhdəsindən gəlmədiyini iddia edirlər. 
Amma heç kimə sirr deyil ki, Azərbaycanda koronavirusa qarşı mübarizənin ilk günlərindən vəziyyət Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən nəzarətə götürülüb və sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Xüsusi xəstəxanaların müəyyənləşdirilməsi və onların texniki təminatı, yeni xəstəxanaların açılması, modul tipli xəstəxanaların quraşdırılması, yeni laboratoriyaların yaradılması, dünya ölkələri arasında kəskin mübarizə şəraitində süni nəfəs aparatlarının alınması və ölkəyə gətirilməsi, testlər, dərman preparatları ilə təchizat və zəruri olan digər məsələlər ən qısa zamanda həll edilib.

Bundan başqa, xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görülüb. Xaricdə olan 20 mindən artıq vətəndaş ölkəyə gətirilib, 4-5 ulduzlu otellərdə karantin təşkil edilib. Keçirilmiş testlərin sayına görə Azərbaycan dünyada öncüllər sırasındadır. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd olunub. Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə milyardlarla vəsait ayrılıb.

Bütün bunları və qeyd edilməyən bir çox məsələləri nəzərə aldıqda, Operativ Qərargahın və TƏBİB-in işin öhdəsindən gələ bilmədiyi barədə iddiaların son dərəcə qeyri-səmimi və reallığı əks etdirmədiyi aydın görünür. 

Sosial şəbəkələrdəki əsassız iddialardan biri də xəstəxanalarda xəstələrin çox olduğu, həkimlərin isə çatışmadığı barədədir. Burda bir məqama diqqət edək! Nəzərə alınmalıdır ki, müxtəlif regionlar və ölkələrdə xəstəliyin pik dövrü ayrı-ayrı vaxtlara təsadüf edir. Avropa ölkələri, ABŞ və digər region və ölkələrdə hələ də pandemiyanın ağır fəsadları özünü göstərir. İtaliya və İspaniyada təcili tibbi yardım müraciətlərə gedə bilmirdi, insanlar evlərində köməksiz qalaraq çox ağır duruma düşürdülər. Xəstəxanalarda yer çatmadığından yeni xəstələr palatalarda deyil, dəhlizlərdə yerləşdirilirdi. Onlara tibbi xidmət göstərilmirdi. Həkimlər bildirirdilər ki, mütəxəssis, avadanlıq, dərman qıtlığı səbəbindən onlar hətta xəstələr arasında seçim etmək məcburiyyətində qalaraq, bəzi xəstələri talenin hökmünə buraxırdılar. 

Azərbaycanda isə belə hal müşahidə olunmadı. Xəstəxanaya daxil olan bütün şəxslər müvafiq yerlə təmin olunur, onlara müalicə tətbiq edilir, bütün xidmət və dərmanlar dövlətin hesabına həyata keçirilir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, virusa yoluxma hallarının artığı və xəstələrin sayının çoxaldığı şəraitdə mütəxəssislərin çatışmaması və xidmət keyfiyyətinin aşağı düşməsi bütün ölkələr üçün spesifik haldır. 

“E-TƏBİB”-in bir çox xəstələri siyahıya salmadığı, hətta ev şəraitində olan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanmadığı barədə deyilənlər isə kökündən yalandı. bildirilir. Çünki nəticələri pozitiv çıxmış şəxslər siyahıya alınır və dərhal “E-TƏBİB” portalına inteqrasiya olunurlar.

Təyin olunmuş protokola əsasən, xəstəliyi yüngül və orta səviyyədə keçirən şəxslərə ev karantini təyin olunur, onlara müalicə yazılır, onun icrasına nəzarət yerli poliklinikalar və sahə həkimləri tərəfindən həyata keçirilir. Bəzi xəstələrin sənədlərində göstərilmiş ünvanla faktiki yaşayış yerləri arasında uyğunsuzluq yerlərdə poliklinikaların və sahə həkimlərinin də işini çətinləşdirir.

TƏBİB xəstənin şəxsiyyət vəsiqəsində FİN-koda əsasən ünvanı qeyd edir və əgər xəstə digər ünvanda yaşayırsa və bununla bağlı vaxtında məlumat vermirsə, aidiyyəti orqanların məlumatsızlıq şəraitində ona lazımi yardım göstərməsi çətinləşir. Yəni burda TƏBİB və Operativ Qərargahı ittiham etməyin heç bir əsası yoxdur.

Səbuhi MƏMMƏDLİ