Komitə ölümlə üz-üzə qalan 5 aylıq körpə ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda valideynləri tərəfindən ölümə məhkum edilən 5 aylıq uşaqla bağlı araşdırmalara başlayıb.
Bu barədə komitənin İnformasiya Texnologiyaları və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O, bildirib ki, hazırda uşaq komitənin nəzarəti altındadır:
"Həmin uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən baxış keçirilib. Əməkdaşlarımız ailənin yaşadığı evə gedib və uşağın nənəsi ilə görüşüb. Psixiatrlar tərəfindən valideynlərin psixi durumunun yoxlanılması həyata keçiriləcək. Bundan başqa, ailəyə psixoloji və sosial dəstəyin göstərilməsi, uşağın sağlamlığının yoxlanılması tamamlandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. Hazırda aparılan araşdırmalara Xəzər rayon İcra Hakimiyyəti də dəstək göstərir".

***

Saat: 10:29

"Bakının Xəzər rayonunda 5 aylıq körpə psixi xəstəlikdən əziyyət çəkən valideynlərin əlində ölüm dirim mübarizəsi aparır".

Bu barədə məlumatı Lent.az -a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Birlik sədri paytaxtın Binə qəsəbəsində yaşayan ailənin 5 aylıq körpəsinin baxımsızlıq ucbatından müxtəlif xəstəliklərə tutulduğunu bildirib:

“Bu video və fotoları dünən axşamdan instaqramda mənə göndərdilər. Araşdırdım ki, həmin videonu ailənin qonşusu çəkib və o, özü uşağı 2 saylı uşaq klinikasına yerləşdirib. Uşaqda qasıq “qrija”sı var. Körpə aylarla ac saxlanıldığı üçün inkişafdan geri qalıb. Qonşunun dediyinə görə, artıq uşağın ağzında yaralar əmələ gəlib ki, bu da hansısa xəstəliyin fəsadlarıdır. Məlumata görə, valideynlər psixi durumu yerində olmayan insanlardır. Qadın ikinci uşağa hamilədir. Niyə həmin ərazinin sahə həkimi, pediatr uşaqla maraqlanmayıb? Ola bilər ailə kasıbdır, ancaq doğum olanda pediatra məlumat verilir axı. Biz bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik ki, müalicə bitdikdən sonra uşaq icra hakimiyyətinin də iştirakı ilə dövlət müəssisəsinə yerləşdirilsin”.