Camaatın dərdini-sərini dinləmirlər

Yerlərdə idarələrin qapılarını bağlayıb, qarşısına da polis qoyublar

Məhərrəm Zülfüqarlı: "Azərbaycanda müzakirə olunan su probleminin bir tərəfi iqlimlə bağlıdırsa, digər tərəfi isə məmurların özbaşınalığı ilə bağlıdır"

Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı bəzi qurumların öz işinin öhdəsindən gəlmədiyini bəyan edərək, qüsurlara yol verən vəzifəli şəxslərin cəzalandırılacağını bildirib: “Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir.

Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı bu onların, demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?”.

Ölkə rəhbəri su problemi ilə bağlı da əlaqədar strukturların vaxtında önləm almadığını deyib və vəziyyətin tam təhlili üçün aprel ayında xüsusi komissiyanın yaradıldığını söyləyib: “Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib.

Komissiyanın rəhbəri baş nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı”. Prezident növbəti dəfə dövlət qurumlarına və məsul şəxslərə xəbərdarlıq edib. 

Dövlət başçısının diqqət çəkdiyi məqamları “Şərq”ə dəyərləndirən AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib ki, yerlərdə müvafiq qurumlar əhalinin problemlərini həll etməyə ciddi yanaşmırlar. Onun sözlərinə gorə, icra hakimiyyətlərindən tutmuş nazirliklərin yerli qurumlarına qədər əksər idarələrdən şikayətlər var:

“Qapıları bağlayıb, qarşısında polis qoyurlar. Camaatın dərd-sərini dinləmirlər. Bu da insanlarda haqlı narazılıq yaradır. Azərbaycanda müzakirə olunan su probleminin bir tərəfi iqlimlə bağlıdırsa, digər tərəfi isə məmurların özbaşınalığı ilə bağlıdır. Prezident bildirdi ki, məmurlar öz tanışlarının, yaxınlarının təsərrüfatlarına suyu buraxırlar, amma kasıb-kusub təbəqənin əkin sahələri susuzluqdan yanır.

Son illər Azərbaycanda pambıqçılığın, taxılçılığın inkişafı ilə bağlı böyük layihələr həyata keçirilir. Əhali də bundan ruhlanır və əkinçiliklə məşğul olur. Ancaq suvarmada problemlə üzləşəndə çıxılmaz vəziyyətdə qalırlar. Bəzi qurumlar dövlətin mühüm layihələrini də pozurlar, reallaşmasına imkan vermirlər. İnsanların min-bir əziyyətlə əkdikləri məhsul zay olur”. 

M.Zülfüqarlı bildirib ki, qanun hamı üçündür:

“Qanunların icrasında varlı və kasıb söhbəti olmamalıdır. Əgər yerli qurumlar qanunlara əməl etsə, öz öhdəliklərini yerinə yetirsə, Prezident Administrasiyasına güc düşməz. Yerli qurumlar vətəndaşın müraciətinə cavab versə, insanlar hər kiçik məsələdən ötrü ölkə rəhbərini narahat etməzlər. Prezident də ölkənin daha ciddi məsələləri ilə məşğul olar. Hər problemi dövlət başçısı həll etsə, onda məmurlar nəyə lazımdır?”.