"Koronavirus xəstələrinin ən ağırları ilə işləyirəm"

Zəka Məmmədli: "Ailəmi yoluxdurmamaq, qorumaq üçün uzaq durmaq məcburiyyətindəyəm"

"Əgər xəstəyə yardım edilməzsə infarkt riski artır"


Koronavirus ətrafımızda hələ də meydan sulayır. Artıq bu bəlaya inanmayanlar çox azalıb.
Ancaq döyüşün tam mərkəzində savaşanlarımız isə aylardır ki, evlərindən, öz doğmalarından uzaq qalan həkimlərimizdir. İxtisasca reanimatoloq olan Zəka Məmmədli də döyüşün tam qızğın ocağındadır. Onun “Şərq”ə verdiyi eksklüziv müsahibəsini təqdim edirik:

- Aylardır ki, öz doğmalarınızdan uzaqdasınız. Təbii ki, onlar üçün çox darıxırsınız...

- Təbii ki, darıxıram. Bildiyimiz kimi, məlum səbəblərə görə aylardır ki, öz yaxınlarımı görə bilmirəm. Özüm reanimatoloqam. Korona xəstələrinin ən ağırları ilə işləyirəm. Ailəmi yoluxdurmamaq, qorumaq üçün uzaq durmaq məcburiyyətindəyəm.

- Artıq neçə aydır ki, koronaviruslu xəstələrini müalicə edirsiniz. İşiniz çox çətindir. Həkimlərimiz bu işdən yorulublar..

- Haqlısınız, özəlliklə reanimasiya son mərhələ olduğu üçün hər hansı bir işlə müqayisə edilə bilməyəcək dərəcədə çətinlikdədir. Amma geri addım atacaq da deyilik.

- Hər dəqiqə təhlükə altındasınız...

- Əlbəttə, üstəlik reanimasiyadakı xəstələrlə işləmək daha çox risklidir. Ordakı xəstələrin ağrılarına şahid olmaq bizlər üçün çətindir. Əlimizdən gələni edirik ki, onlar sağlamlıqlarına qovuşsunlar. Əziyyətimizin bəhrəsini görmək bizlər üçün çox sevindirici olur. Hər şey Vətən üçün. Kimisi cəbhədə savaşır, kimisi burda. İkisi də nəticə etibarı ilə xalqımızı qorumaq üçündür.

- İnsanların çoxu iddia edir ki, fevral, mart aylarında koronavirusa yoluxublar. Bu fikirlər nə dərəcədə doğrudur?

- Bəziləri haqlıdır, bəziləri haqsız. Keçmişə getmək mümkün olmadığı və analiz götürülmədiyi üçün bu, iddiadan o tərəfə getməyəcək. Bunu yalnız analiz nəticəsində təsdiqləmək olur. Çünki əksər infeksion xəstəliklərdə də bu əlamətlər olur.



- Xəstəliklə bağlı günü-gündən müsbətə doğru addımlar gedirdi. Çimərliklərin açılması sizcə doğru addım idimi?

- Dövlətin atdığı alqışalayiq addımlar sayəsində xəstə sayında kəskin azalmalar oldu. Ən azından bu qədər çəkilən əziyyətə, tökülən tərlərə, itirilən canlara hörmətlə yanaşıb özlərini qorumalıdırlar. İnsanlar qoyulan tələblərə riayət etmirsə, bundan ən böyük zərəri görəcək yenə də özləridir. Çimərliklər açılsa da, açılmasa da insanlar sosial məsafə və gigiyena qaydalarına əməl etməli, maska taxmalıdırlar. Xəstəlik əsasən insandan insana yoluxur. İstənilən ictimai yerlərdə qorunma qaydalarına riayət etsələr, bu zaman xəstə sayında artım görünməyəcək. Təbii ki, çimərliklərdə maska taxmaq çətindir. Amma ən azından qoyulan tələblərə riayət edərək həm özlərini, həm də ailələrini qoruya bilərlər. Nəticəni isə zamanla görəcəyik.

- Koronavirusun ən təhlükəli halı nədir?

- Xəstəliyin xəstəni öldürəcək səviyyəyə çatması üçün yaş, yaşla bərabər yanaşı xəstəliklər rol oynayır. Yəni, ən təhlükəli məqam başqa xəstəliklərin olmasıdır.

- Sizcə,vaksin tapılacaqmı?

- Vaksinin tapılacağı çox da inandırıcı gəlmir. Amma müalicə tapılmasa vəziyyət daha da gərginləşəcək, ölümlər artacaq.

- Xəstəliyin hansı təhlükəli fəsadları ola bilər?

- Bunu demək çətindir. Amma əlbəttə ki, olacaq və bu qaçılmazdır. İndinin özündə də xəstəliyi ağır keçirənlərdə sağalandan sonra belə uzunmüddət nəfəsdarlığı əlamətləri qalır. Xəstəlik yeni olduğu üçün bu barədə araşdırmalar, dəqiq statistikalar demək olar yoxdur.

- Sağalanlarda nəfəs darlığı əlamətlərinin qaldığını qeyd etdiniz. Bəs bu, infarkt riskini artırırmı?

- “COVİD” özü başlı-başına qalanda infarkt riskini artırır. Nəfəs darlığı ciddi səviyyədədirsə, xəstəyə yardım edilmirsə və getdikcə ürəyin oksigenə tələbatı ödənmirsə, ciddi problemlər yarana bilər.

- İnsanlara hansı tövsiyələrinizi edərdiniz?

- Heç kim bu xəstəlikdən də, ölümdən də sığortalanmayıb. Həyatın, sahib olduqlarının, ailələrinin necə dəyərli olduğunu bir daha düşünüb həm özlərini, həm də onları qorumaq üçün ciddi yanaşsınlar. Çünki ölən yüzlərlə insan da kiminsə yaxını əzizi, dəyərlisi olub. Hər zaman tanımadıqlarımız əziyyət çəkmir, bu, hər kəsin başına gələ bilər. Səbəb səhlənkarlıq olmasın!.