Səbrli olaq !- “O yerlər bizimdir, hamımız qayıdacığıq!”

Ermənistan terrorçuları Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə əl atıblar. Torpaqların işğaldan azad olunması sevinci ilə öz dədə-baba yurdlarına  baş çəkmək istəyənlər minalanmış ərazilərdən keçməli olurlar. Bu isə onların həyatlarına  birbaşa təhlükədir. Xadırladaq ki, noyabrın 28-də Füzulidə mülki şəxslərin olduğu “Toyota” markalı avtomobil tankəleyhinə minaya düşüb. 


Nəticədə avtomobildə olan dörd nəfərin həlak olub. Bu da şübhəsiz ki, cəmiyyətdə narahatlığa yol açıb. Bəs analoji hadisələrin yaşanmaması üçün vətəndaşlarımızın üzərinə hansı vəzifələr düşür? 

Sualımızı cavablandıran "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı vətəndaşlarımızı səbirli olmağa çağırıb:

"Bir az səbrli olmalıyıq. Onsuz da o yerlər bizimdir, hamımız ora qayıdacağıq. Orda yenidən şəhərsalma prosesi də başlanacaq. Bu ərazilərin, yolların minalardan təmizlənməsi üçün gözləməliyik.

Bu uzunmüddətli proses olsa da, Azərbaycan bunu qısa bir müddətdə həyata keçirəcək. Və vətəndaşlarımız güvənli şəkildə öz elinə, obasına yenidən qayıdacaq.

Mən insanlarımızın hislərini başa düşürəm: 30 ildir, ayrı qaldıqları evlərinə qayıtmaq istəyirlər. Onların təhlükəsizliyi üçün, bəlkə də, bəzi qadağalara ehtiyac ola bilər.

Vətəndaşlarımız öz təhlükəsizlikləri, sağlamlıqları üçün bu mərhələdə səbrli olmalıdırlar".

Aysel İbrahimova