Azərbaycan elminə ağır itki üz verib  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehdizadə Nizam Mirxas oğlu dünyasını dəyişib. Alimlə iyunun 24-də vida mərasimi keçirilib və o, Biləsuvarın Yuxarı Cürəli kəndində torpağa tapşırılıb.
Xatırladaq Nizam Mehdizadə 1949-cu ildə yanvarın 14-də Lerik rayonunda anadan olmuşdur. ADPU-nın Biologiya fakültəsini bitirmişdir. Elə pedaqoji fəaliyyətinin əsası ADPU ilə bağlı olmuşdur. Belə ki, ADPU-da laboratoriya müdiri, baş müəllim, Kimya-biologiya faülktəsinin dekan müavini, dekanı, 2017-ci ildən “İnsan anatomiyası və tibbi biliklər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Çoxsaylı məqalə, monoqorafiya və dərsliklərin müəllifi idi.
Biologiya fənni üzrə Respublika Olimpiadasında məsul katib, sədr müavini (1996-2015) və Beynəlxalq Biologiya Olimpiadasında Azərbaycan Respublikasının komanda rəhbəri kimi ölkəni təmsil etmiş və 6-cı Beynəlxalq Biologiya Olimpiadasının “Sertifikatı”nı almışdır.
AMEA-nın Fiziologiya İnstitutunun nəzdində AAK-nın “İnsan və heyvan fiziologiyası” və “Biokimya, Molekulyar biologiya” ixtisasları üzrə müdafiə şurasının üzvü olmuşdur (2012-2021).
Təhsil sahəsində xidmətlərinə görə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Nizammüəllimə Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk...
Seyidhüseyn Hüseynov,
ATİAHİ Sabirabad rayon komitəsinin sədri