Deputat: “Ermənistan Azərbaycanın təklifinə isti yanaşacaq”

Xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib ki, Azərbaycan hazırda Ermənistanla dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.
O bildirib ki, Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. “Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə o əlavə edib.

Millət vəkili Fəzail Ağamalı bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Prezident sərhədlərin müəyyənləşməsinə dair konkret mövqeyini bildirib və düşmənə lazımi mesajı verib. Dövlət başçısının təbirincə desək, sülh müqaviləsi yoxdursa, deməli sülh yoxdur. Yəni tərəflər arasında müharibə şəraiti davam edir. Ümidvaram ki, İrəvan əslində özünün də maraqlarına xidmət edən ismarışı müsbət qiymətləndirəcək. Amma bu, vaxt ala bilər. Çünki hələ hökumət formalaşmayıb. Əminəm ki, hökumət formalaşandan sonra Ermənistan Azərbaycanın təklifinə isti yanaşacaq”.