Ermənilərin ekoloji terroru səngiməyib

"Oxçuçayın çirklənməsi digər transsərhəd çaylara nisbətən daha yüksəkdir"

Son zamanlar müzakirə edilən mövzulardan biri də Oxçuçayın ekoloji terrora məruz qalmasıdır. Belə ki, çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından götürməklə Ermənistanın Qafan və Azərbaycanın Zəngilan ərazisindən keçir. Çay Ermənistan ərazisində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu yararsız olduğu üçün burada heç bir canlı yaşamır. Xatırladaq ki, çay Arazın sol qoludur. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb kompaniyalarının iştirakına dair çoxsaylı faktlar mövcuddur.

Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb və müəyyən olunub ki, bu prosesdə Almaniyanın “CRONIMET” Holding GmbH şirkəti yaxından iştirak edib. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Bu ölkənin Yaşıllar Partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığınış bildirib. Halbuki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib.

Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak faktı təsdiqini tapdıqdan sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün ölkəmizə qarşı çirkin kampaniya təşkil edib. Heç şübhəsiz, bu həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı ekoloji məsələlərlə məşğul olan aidiyyəti beynəlxalq qurumlara etiraz bildirilib. Nazirin sözlərinə görə, nümayəndələr bölgəyə dəvət edilib: “Gəlib baxsınlar, hər şeyi gözləri ilə görsünlər. Bunu da ona görə etmişik ki, məsələnin ciddiliyini anlasınlar və reaksiya versinlər. Lakin hələ də heç bir reaksiya yoxdur”. Nazir ümidvardır ki, Azərbaycanın qətiyyətli tələbləri sonda nəticə verəcək: “Əsas tələbimiz odur ki, orada olan çirkləndirmə dayandırılsın. Həmçinin orada illik müvafiq normal su ehtiyatlarımızın istifadəsinə imkan verilsin. Yəni əsas məqsədimiz budur”. 

Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Onun sözlərinə görə, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Nazirlik rəsmisi bildirib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır:

“Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər. Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir.

Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir”.

E.Qaradağlı vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıb:

“Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. 

Millət vəkili Vüqar İskəndərov da bildirib ki, ermənilərin Azərbaycana qarşı bütün sahələrdə terror hərəkətləri var:

“Onlar Azərbaycana qarşı təkcə müharibə və insan öldürməklə deyil, eyni zamanda ekoloji terrorla da öz qara missiyalarını yerinə yetrirlər. Ermənilər ərazilərimizi işğal etdikdən sonra orada olan bütün yeraltı və yerüstü sərvətlərimizi sümürməklə məşğul idilər. Oxçuçaydan Araz çayı vasitəsilə zəhərli maddələr həm Azərbaycanın, həm də İranın əraisinə tökülür. Azərbaycan tərəfi bu barədə İran tərəfini də xəbərdarlıq edib və bu barədə onlar tərəfindən də tədbirlər həyata keçirilməlidir. Göründüyü kimi erməni terroru fasiləsiz şəkildə davam edir. Su ilə gələn bu zəhər həm insanlar, həm də torpaq və heyvanlar üçün çox təhlükəlidir”. 

Politoloq Sədrəddin Soltan bildirib ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır:

“Çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksik tullantıları, eyni zamanda həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması çayda ağır metalların normadan dəfələrlə artıq qeydə alınmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylara nisbətən daha yüksəkdir. Ermənistanda fəaliyyət göstərən və Azərbaycana ziyan vuranlardan biri də Almaniyanın “Cronimet” şirkətidir. Bu şirkətin sahibi Almaniya vətəndaşı Hunter Pilarskidir. O, Zəngəzur mis-molibden kombinatının və Yerevan təmiz dəmir zavodunun səhmlərinin bir hissəsinin sahibidir. Şirkət 10 ildən çoxdur Ermənistan bazarında fəaliyyət göstərir və Azərbaycan ekologiyasına qarşı terrorda iştirak edir. Onlar 1996-cı ildən Ermənistanda dağ-mədən sektorunda fəaliyyət göstərirlər. 2004-cü ildə Zəngəzur kombinatı özəlləşəndə “Cronimet” müəssisənin səhmlərinin 60 faizinə yiyələnib. Şirkət Afrika və Asiyanın onlarla ölkəsində də fəaliyyət göstərir. Hunter adı Ermənistan tərəfindən satın alınan erməni lobbiçiləri siyahısında var. Bu barədə “The USA Tribune” jurnalında yazı dərc edilib. “Cronimet”in adı Ermənistanın rəhbərləri ilə müxtəlif qalmaqallarda hallanır. Şirkətin gizli sahiblərindən biri də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkəsinin Vatikandakı keçmiş səfiri Mikael Minasyandır. Sarkisyan Hunterlərin yardımı ilə Qarabağı talan edərək milyardlara sahib olub. Başqa sözlə, Almaniyanın bu şirkəti Serj Sarkisyanın qanunsuz varlanmasına dəstək olub, onun törətdiyi cinayət əməllərində iştirak edib. 2018-ci ilin noyabrında Pilarski Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Hökumət başçısı ona və şirkətinə fəaliyyətində uğurlar arzulayıb. Deməli, o, Azərbaycan torpaqlarının çirklənməsində Paşinyanla da əməkdaşlıq edib”.