Ayrılan vəsait az deyil


Azərbaycan dövləti erməni təcavüzünə və müharibəyə  görə zərər çəkmiş vətəndaşlarını köməksiz qoya bilməzdi


Ermənilərin 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazilərinə, rayon və kəndlərimizə hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dörd quruma maliyyə vəsaiti veriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Bir neçə sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ümumilikdə 42 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Nazirlər Kabinetinə həmin sərəncamlardan irəli gələn məsələləri həll etmək həvalə olunub.
 
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə deyib ki, bu, gözlənilən idi. Azərbaycan dövləti erməni təcavüzünə və müharibəyə  görə zərər çəkmiş vətəndaşlarını köməksiz qoya bilməzdi və qoymadı da:

“Cənab Prezident həmişə bu məsələlərə qarşı həssas olub. Müharibə dövründə də vətənşlarımızın əmlakına xeyli zərər dəydi. Ötən müddət ərzində əksər dağılan evlər bərpa olundu və ya yenisi tikildi. Bu iş fasiləsiz davam edir. İndi ayrılan məbləğ heç də az deyil. Əlbəttə, ola bilsin, ayrılmış vəsait vurulmuş bütün zərəri ödəməsin, amma şübhə yox ki, hansısa çatışmazlıqda dərhal yardımların həcmi artırılacaq. Hər şey tam qiymətləndiriləcək və zərər aradan qaldırılacaq. Yəqin ki, ilk növbədə fərdi şəxslərə, sonra isə sahibkarlıq subyektlərinə dəyən zərər ödəniləcək. İstənilən halda, ölkə rəhbərinin sərəncamlarını olduqca müsbət qiymətləndirmək lazımdır. Çünki hər sərəncam vətəndaşın probleminin həllinə, sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir”.