"Şərq"dəki son sözüm

...Metrodayam. İşə tələsirəm- Azərbaycan mətbuatında öz çəkisi, yeri ilə seçilən və artıq üç ildir əməkdaşı olduğum doğma "Şərq" qəzeti redaksiyasına. Öz- özümə son siyasi prosesləri təhlil edirəm: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Soçi görüşü, Gürcüstanın vasitəçilik təşəbbüsü, Ermənistan baş naziri Nikol Paşinyanın qardaş ölkə ilə yaxınlaşmağa dair bəyanatları... beynimi məşğul edir. Deyəsən, buna artıq adət etmişəm. Özü də xeyli müddətdir. 

 Qəfil xatırlayıram: baş redaktor Akif Aşırlıdan zəng gələndə çox təəccüblənmişdim. Məni əməkdaşlığa dəvət etmişdi. Çox keçmədi ki, "Şərq" ailəsinin bir üzvünə çevrildim. Ötən illər ərzində təkcə qəzetçilik təcrübəmi artırmadım, həm də müəyyən mənada siyasi proseslərə bələd oldum. Şübhəsiz, ən böyük qazanclarımdan biri bu müddət ərzində tanıdığım insanlar oldu. Millət vəkilləri, politoloqlar, iqtisadçılar, partiya funksionerleri, sosioloqlar, jurnalistlərlə...gündəlik söhbətləşdim. Digərləri kimi mən də yeri gələndə həkimlə həkim, psixoloqla psixoloq, siyasətçi ilə siyasətçi olmağa çalışdım. Əlbəttə, jurnalistika məhz bunu tələb edir. 

Yaxşı insanlar, dostlar tanıdım. Mədəni, intellektli, savadlı həmsöhbətlərimə qibtə etdim, onlarla danışmaqdan zövq aldım, "On dəqiqəyə zəng edərsən" deyib sonra telefonu qapayanları, bir bəhanə ilə müzakirə predmetindən yayınmağa çalışanları, özünü təqdim etdiyindən fərqli olaraq, biliyi sıravi insanın biliklərindən o tərəfə keçməyənləri qınadım.
 Jurnalist kimi yetişməyimə çalışan müəllimlərimlə, o cümlədən dekanımız Vüqar Zifəroğlu ilə, professorlar Cahangir Məmmədli, Sabir Məmmədli, Nəsiman Yaqublu, Qulu Məhərrəmli ilə, həmçinin hələ idman jurnalistikası ilə məşğul olduğum vaxtlarda məni beynəlxalq siyasətə meyilləndirməyə çalışan professor, politoloq Əlimusa İbrahimovla, özünün təmkini İlə bütün tələbələrin rəğbətini qazanmış psixoloq Müşviq Mustafayevlə dəfələrlə müxbir kimi danışmaq imkanım oldu. Hər dəfə də özümü təqdim edəndə "Tələbəniz Kənandır" dedim.

Yəqin ki, jurnalistika karyeramın ən maraqlı, yaddaqalan dövrü məhz “Şərq”lə əməkdaşlıq illərinə təsadüf etdi. Əvvəl dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə tanış olduq. İctimaiyyətə SOS siqnalı verdik. Hətta gündə bir insanın, o cümlədən yaxınlarımızın, əzizlərimizin ölüm xəbərini eşitsək belə, özümüzü yox, oxucularımızı düşündük. Auditoriyanı xəbərsiz qoymadıq. Sərt karantin rejiminə, hər cür çətinliyə müqavimət göstərdik. Nə vaxtsa, “Gözünüz aydın, pandemiya bitdi” başlığı ilə hər kəsi sevindirəcəyimiz ümidindən təsəlli tapdıq. Və həmin ümidimizdən ikiəlli yapışdıq. 

Sonra Tovuz təxribatları odlu. Politoloqlarla, hərbi ekspertlərlə müzakirələr apardıq. Müharibə ehtimalına dair müxtəlif proqnozlar səsləndi. “Başlayacaq” deyənlər haqlı çıxdı. 2020-ci il sentyabrın 27-də orduya əks-hücum əmri verildi. Beləliklə, yenə gərgin iş rejimində çalışmağa davam etdik. Təkcə mütəxəssislərlə deyil, öz aramızda da savaşın gedişatını müzakirə edirdik. 
Həyəcanlandıq, sevindik, kədərləndik. Xoş xəbər gələndə Allaha şükür etdik, pis məlumat olanda üzüldük. Torpaqlarımızın azad olunması barədə informasiyanı nə qədər həvəslə ictimailəşdirdiksə, itkilərlə bağlı bir o qədər tərəddüd etdik. 

İşə əvvəlkindən daha tez getdik, daha gec çıxdıq. Əksəriyyətini bircə dəfə belə görmədiyimiz oxucularımız üçün ailə üzvlərimizin üzünü az görməyə razı olduq. 

 Haşiyədən kənara çıxaraq onu da deyim ki, “Şərq”də keçən sonuncu il həm də şəxsi həyatımdakı yeniliklərlə yadda qaldı. Ağır informasiyaların psixologiyaya mənfi təsirini, fiziki və mənəvi yorğunluğu görən Allah, deyəsən, işə qarışmağa  qərar vermişdi: hardansa, çox uzaqlardan, bəlkə də, elə Aydan kömək göndərdi...
 Artıq işə başladığım redaksiyadan təklif gələndə xarakterim etibarı ilə xeyli götür-qoy etdim. Sonra çox sevdiyim yazıçı Pauolo Koelonun məşhur sitatı yadıma düşdü: “İnsanlar fürsətləri gözləyər, fürsətlər də insanları. Nə fürsətlər gələr, nə insanlar”. Nəticədə qərar verdim və bunu rəhbərliyimlə, iş yoldaşlarımla bölüşdüm. 

Redaksiyadakı sonuncu iş günümdə bir neçə material, o cümlədən bir siyasi təhlil və müsahibə hazırladım. Ərdoğan- Putin görüşü barədə siyasi analitik Turab Rzayevə zəng etdim. Həmişəki kimi telefonu götürüb “Salam, Kənan bəy” dedi. Bir neçə sual verdim. Maraqlı məqamlara toxundu. Müsahibimi daha çox danışdıra bilərdim, amma fikrim yayınıq idi. Bunun “Şərq”dəki sonuncu yazım olmağı düşüncəsi soyuqqanlı danışmağıma mane olurdu. 
Bir neçə gündür telefonu sönülü olan politoloq İlqar Vəlizadəyə mesaj yazdım. Axşama yaxın cavab verdi ki, Moskvada idim, bu gün gəlmişəm, indi danışa bilərik. Lakin daha gec idi...
Kollektivlə sağollaşanda baş redaktorum Akif Aşırlı buranın ictimai- siyasi prosesləri öyrəndiyim ilk iş yerim olduğumu xatırlatdı. Təsdiqlədim və cavab verdim ki, “Şərq” həm də məktəbdir. Yadımdadır, hələ qəzetin əməkdaşı olmazdan əvvəl Akif müəllimlə bir tədbirdə rastlaşmışdıq. Məni yanındakılara təqdim edərək “Tələbəmdir” demişdi. Əgər Akif Aşırlı məni tələbəsi hesab edirsə, əlbəttə, mən də “Şərq”in və şəxsən onun yetirməsi olmağımla qürur duyuram. 

 Baş redaktor müavini Yusif Nəzərli dedi ki, bizi unutma. Mütəəssir oldum və cavab verdim: “Mümkün deyil”. Əməkdaşlar uğur arzuladılar.

Otağımıza keçib əşyalarımı yığdım. Nə deyəcəyimi, necə sağollaşacağımı düşünürdüm. Vidaları heç vaxt sevmədiyimə görə, çətin gəlirdi. Redaktorum, dəfələrlə diqqət və qayğısını üzərimdə hiss etdiyim Ayyətlə əl tutub, qucaqlaşdım. Sonra da “Allaha əmanət, salamat qalın” deyərək otaqdan çıxdım.
...Koronavirus pandemiyasına tədricən öyrəşsək də, hələ dünyamızdan əl çəkməyib. Qarabağ müharibəsi bitdi. Amma həllini gözləyən problemlər var. Siyasi gündəmin əsas mövzuları məlumdur. Bilirəm, koordinasiyalı iş nəticəsində “Şərq” komandası ictimai –siyasi prosesləri təkcə təqdim yox, həm də təhlil etməkdə davam edəcək. Sadəcə daha nə saytda, nə də qəzetdə mənim imzam olmayacaq. Olsa da, aradabir, “qonaq” qismində. Oxucular bunu hiss edərlərmi, bilmirəm. Ancaq, yəqin, ekspertlərimiz darıxacaqlar. Mən də onlarla söhbəti axtaracam.

Bu, “Şərq”dəki son sözüm idi. Ola bilsin, Akif müəllim qəzetin yazılarını oxuduğu vaxtda gözü kompüterə sataşacaq və sosial şəbəkədə bu qeydləri görəcək. Yusif müəllim gecənin bir aləmində (o, evə ən gec gedənlərdəndir) yorulmuş başını ovuşdura- ovuşdura cümlələrə nəzər yetirəcək. Adəti üzrə  düzəlişlər edəcək. Bəlkə də, qəzetə vermək istəyəcək. Daha yaxşı başlıq seçəcək, bəzi cümlələri çıxaracaq. Hətta sonra zəng edib, “Qaqa, oxudum, yaxşı idi, amma filan şeyi belə eləsən, daha yaxşı olardı” deyə də bilər. Çünki həmişə belə edirdi, heç vaxt tövsiyə və məsləhətlərini əsirgəmirdi. 

 Ayyət Əhməd isə bir neçə cümləni gözdən keçirəcək, sonra çoxdan soyumuş(mən üç il ərzində onun isti çay içdiyini, daha doğrusu içə bildyini çox nadir hallarda gördüm. İnformasiya axını belə şeylərdə “güzəştə getmir”) çayını qurtumlayacaq və ardınca səsli oxumağa başlayacaq ki, digərləri də eşitsin. Hər halda siyasi şərhçilər demiş, bu, istisna deyil. 
...İndi "Report" İnformasiya Agentliyinin ofisindəyəm. Növbətçiyəm. Siyasi yenilikləri gözləyirəm. Və pəncərədən qaranlıq havaya baxaraq qeydlərimi yekunlaşdırmağa hazırlaşıram. Unutmadan bir söz də deyim: inanıram ki, kompüterim yenə hər gün eyni saatda yandırılıb, söndürüləcək. Ekranın yuxarı hissəsində "Şərq.az", "Ria Novosti", "TASS", "Haber Global", "Haber türk"... saytları 6-7 saat ərzində daim açıq qalacaq. 

Əgər gələcək "Şərq"çilər arasında bu yazını oxuyan olacaqsa, onlara tövsiyə verim: bu kollektivin qədrini, qəzetin qiymətini bilsinlər. Bütün "Şərq" çilərin qələmlərinin püxtələşməsində, itiləşməsində Akif Aşırlının haqlı tənqidləri, Yusif Nəzərlinin ideyaları, Ayyət Əhmədin həm də müəllimlikdən irəli gələn pedaqoji məharəti mühüm rol oynayır. Bir də ki, axı GÜNƏŞ HƏMİŞƏ "ŞƏRQ"DƏN ÇIXIR. Birmənalı və istisnasız...

Kənan Novruzov