Bu dünyanı nağıl bilək


Bu günlərdə bir nəfərlə danışırdım. Söhbət nədən düşdüsə insanların bəzən çox romantik ola biləcəyini bildirdi. Hətta ən yetkin adamları belə uşaqlarla müqayisə etdi: "Uşaq nağıla inanır və böyüdükcə onların yalan olduğunu anlayır. Bəzən bizdə də belə olur. Əvvəl olmayacaqlara ürəkdən inanır, sonra da inandığımıza görə özümüzü qınayırıq". Düşündükcə düz dediyini anladım. Etiraf edək ki, hər birimizdə oxşar hisslər olub

Mümkünsüzə inanmışıq. Yazılarımın birində dediyim kimi, aya getməkdən yox, ayda villaya sahib olmaqdan danışmışıq. Hər şeyi real hesab etmişik. Özümüz özümüzü aldatmışıq? Məncə, yox. Sadəcə inanmışıq. Özümüzdən çox qarşımızdakı insana, onun səmimiliyinə. Düşünmüşük ki, onunla hər yerə getmək olar- hətta dünyanın o başına. Uzun müddət bu arzu ilə yaşamışıq. Xəyallarımızın nə vaxtsa gerçəkləşəcəyi günü iplə çəkmişik. Gün saymışıq. Və hər ötən gün ümidimiz daha da artıb. Sevinclə "Daha az qaldı" deyə düşünmüşük. 
Amma günün birində hər şey alt- üst olur. Sanki dünyamız öz oxu ətrafında yox, əks istiqamətdə hərəkət edir. Elə bil, gecə ilə gündüz yerini dəyişir. Qışımız yay, yayımız qış olur. Dənizdə indiyədək neçə- neçə dalğaya güc gələn gəmimiz birdən- birə yelkanləri ilə birlikdə batır. Ümidlər ölür, arzular daşa dəyir. 

 Bir müddət mübarizə aparırıq. Olanlara inanmaq istəmirik. Elə bilirik, düzələcək. Ancaq bu dəfə hər ötən gün arzularımıza daha çox yaxınlaşmaq əvəzinə, onlardan uzaqlaşırıq. Beləcə xeyli zaman keçir. 

Günün birində yuxudan oyanmış kimi oluruq. Yaşadıqlarımızı, arzuladıqlarımızı xatırlayırıq. O vaxtlar reallıqdan uzaq olduğumuzu anlayırıq. 

 Hər birimiz belə hallar yaşayırıq. Özü də dəfələrlə. Nağıl bitəndən sonra reallığı dərk etsək də, həm də təəssüflənirik. Çünki ümidlər də nağılla birlikdə bitir. Elə isə, eyni adlı mahnıda deyildiyi kimi, gəlin, bu dünyanı nağıl bilək. 
 ...Və öz nağılımızı özümüz yazaq.

Kənan Novruzov