Divar hörüb yolu kəsdi

Yeşildağ əhaliyə dağ çəkir

Türkiyənin Kayseri şəhəri Kocasinan bölgəsində yaşayan Mehmet Yeşildağ küçənin ortasına divar hörərək avtomobillərin də, insanların da yolunu kəsib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, qarşılarında divar görən sürücülər yollarını dəyişdirir, evlərinə getməli olan sakinlərsə məcbur qalıb divarı aşırlar. M.Yeşildağ iddia edir ki, yola düşən ərazi rəsmi qaydada onun mülkiyyətindədir. Mülkiyyətində olduğu ərazidə tikinti aparmağa kimsə mane ola bilməz. Yolun evinin qarşısından keçməsini istəmir, ona görə də yolun bir hissəsini divarla bağlayıb.

Yolun bağlanması ictimai nəqliyyatla evinə gedənləri də çətinə salıb. Məktəbə gedən uşaqlar da divarı aşıb keçirlər. Məhəllə sakinləri yerli bələdiyyəyə şikayət edib. Kocasinan bölgəsi Tələt Paşa məhəllə muxtarı Yusuf Fıçıcılar deyib ki, M.Yeşildağ sakinlərin 40 ildir gedib-gəldiyi yolu kəsib. Deyir ki, guya, bələdiyyə divar hörmək üçün ona icazə verib. Bələdiyyə isə bunu inkar edir. Burda avtobus dayanacağı vardı. İndi sürücülər məcburdur avtobusu uzaq məsafədə saxlasın, bu da sakinləri narahat edir. Məhəllə muxtarı deyib ki, bələdiyyə də çarəsizdir. Və yol kəsənlə məhəllə sakinlərinin dil tapmalı olduğunu deyir: “Bizə deyirlər ki, gedin, onunla dil tapın. Çox çarəsiz qalmışıq”.