Çarəsizlər... - Zorakılıq hadisələrinin qarşısı alınmalıdır


Hər bir qadın təhlükəsizlik üçün mexanizmlərdən xəbərdar olmalıdır

Gəncə şəhərində 2005-ci il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri 916 Çağrı Mərkəzinə müraciət edib. Ombudsman Gəncə Şəhər Prokurorluğuna sorğu göndərərək məsələni dərhal nəzarətə götürüb. Həmçinin uşağın tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.

Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayıb. Onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.
Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq. Eyni zamanda zəruri dəstək göstəriləcək.

Mehriban Zeynalova "Şərq"ə mövzu barədə danışarkən bildirib ki, hər bir qadın təhlükəsizlik üçün mexanizmlərdən xəbərdar olmalıdır:

 "Bilgisizlik olduqda bu kimi analoji zorakılıq hadisələrinə şahid oluruq. Bundan başqa, məxfiliyi təmin edən mərkəzlər fəallıq göstərməlidir. Qadın bilməlidir ki, məxfiliyin qorunması şərti ilə mərkəzlərə müraciət edə bilər. Zorakılıq üçün qurumlararası fəaliyyət çox vacib məsələdir. Təəssüf ki, hələ də məişət zorakılığına qarşı mübarizə haqqında qanun olsa da, istiqamətləndirmə mexanizmi sahəsində pərakəndə iş gedir. Proses zərərçəkən əziyyət çəkmədən, bir qurumdan digərinə ötürülərək davam etdirilməlidir. Əgər zorakılığa məruz qalan şəxsin sağlamlıq imkanları məhduddursa, qəyyumluq vasitəsilə işlər aparılmalıdır. Təşkilatların ayrı-ayrılıqda fəaliyyət göstərməsi və QHT-lərin məsələlərə qarışmaması belə hallara gətirib çıxarır".